Qaynar xətt:

(+99450) 247 90 86

Deputatdan AŞPA prezidentinə sərt cavab: “Təzyiq dili ilə...” 

Deputatdan AŞPA prezidentinə sərt cavab: “Təzyiq dili ilə...” 

SİYASƏT

82

03.07.2026, 17:21

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Prezidenti Petra Bayr Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib. O, ölkəmizin AŞ PA qarşısında götürdüyü öhdəliklərə əməl etmədiyinə, insan hüquq və azadlıqlarının qorunması, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası sahəsində və digər məsələlərdə öhdəliklərimizi kənara atdığımıza dair iddialar səsləndirib.

Oxu24.com xəbər verir ki, Milli Məclisin deputatı Rizvan Nəbiyev Musavat.com-a şərhində bildirib ki, uzun illər ərzində AŞ PA beynəlxalq hüququ kobud şəkildə pozaraq Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan ilə işğala məruz qalan Azərbaycan arasında süni "tarazlıq" yaratmağa çalışmaqla öz imicinə, ən mühümü qarşlılıqlı etimada ciddi zərbələr vurub.

Deputat xatırladıb ki, işğalçı ilə işğal qurbanına eyni, “balanslaşdırılmış” yanaşma beynəlxalq hüququn mahiyyətinə zidd olmaqla yanaşı, Azərbaycanın Avropa institutlarına etimadını da ciddi şəkildə sarsıdıb:

“Azərbaycan 2020-ci ildə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının uzun illər ərzində pozulmuş fundamental prinsiplərinin icrasını faktiki olaraq təmin etdi. Qanunun aliliyini öz fəaliyyətinin əsas prinsipi kimi təqdim edən AŞPA-dan gözlənilən məhz bu reallığı obyektiv qiymətləndirmək idi. Lakin Assambleya öz qəzərli yanaşmasını dəyişmədi, yeni siyasi və hüquqi reallıqları əməkdaşlıq üçün əsasa çevirə bilmədi. AŞPA əvvəlki siyasi stereotipləri modifikasiya olunmuş şəkildə, ayrı-ayrı marginal qüvvələrin maraqlarına uyğun davam etdirdi. Ərazilərin işğaldan azad edilməsindən sonra, əksinə AŞ PA Azərbaycana qarşı hücumları artırdı. Bu da AŞPA-dakı dairələrin Azərbaycana olan real münasibətini əks etdirir, ortada olan fəaliyyətlər də bunu təsdiqəyir. Bunun ən bariz nümunələrindən biri Azərbaycanda ağır hərbi cinayətlər, terror əməllərində, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə ittiham olunan bəzi şəxslərin Avropa institutlarında "siyasi məhbus" kimi təqdim edilməsidir. Bu yanaşma beynəlxalq humanitar hüququn və cinayət ədalətinin prinsipləri ilə uzlaşmır, Azərbaycanda minlərlə müharibə qurbanının hüquqlarına hörmətsizlik kimi qiymətləndirilir”.

R.Nəbiyev işğal nəticəsində uzun illər ərzində saysız-hesabsız çətinliklərlə qarşılaşmış azərbaycanlılarla bağlı laqeyd münasibəti də xatırladıb: 

“AŞ PA uzun illər ərzində Azərbaycanın bir milyona yaxın qaçqın və məcburi köçkünün fundamental hüquqlarının pozulmasına, etnik təmizləməyə, yaşayış məntəqələrinin tamamilə dağıdılmasına, mədəni irsin məhv edilməsinə və minlərlə itkin düşmüş şəxsin taleyinə münasibətdə eyni səviyyədə prinsipial mövqe nümayiş etdirməyib. Bu selektiv yanaşma insan hüquqlarının universallığı prinsipinə ziddir. Azərbaycanın AŞ PA ilə münasibətlərində əsas problem dialoqun olmaması deyil, dialoqa yanaşmanın mahiyyətidir. Bərabərhüquqlu tərəfdaşlıq qarşılıqlı hörmət, suverenliyə ehtiram və beynəlxalq hüququn bütün dövlətlər üçün eyni şəkildə tətbiq edilməsini tələb edir. Azərbaycan dəfələrlə bəyan edib ki, Avropa Şurasının əsasında dayanan dəyərlər üzrə konstruktiv dialoqa açıqdır. Lakin bu dialoq qarşılıqlı hörmət əsasında qurulmalı, ikili standartlardan uzaq olmalı və regionda yaranmış yeni siyasi, hüquqi reallıqları nəzərə almalıdır. Təzyiq dili, siyasi şərtləndirmə və selektiv yanaşma isə zəiflədilmiş etimadı bir az da sarsıdır”.

Deputat onu da qeyd edib ki, Azərbaycan dövlət suverenliyini bərpa etməklə, həm də 30 il ərzində işğal altında pozulmuş fundamental insan hüquqlarının bərpası üçün hüquqi və faktiki şərait yaradıb: “Dövlət orqanlarının həmin ərazilərdə yurisdiksiyasının bərpası məhz qanunun aliliyinin təmin olunması deməkdir. Bu reallığın AŞPA tərəfindən fəaliyyətində hələ də nəzərə alınmaması Assambleyanın obyektivliyi ilə bağlı suallar doğurur. Əgər Avropa Şurası Azərbaycanla münasibətləri həqiqətən normallaşdırmaq istəyirsə, ilk növbədə selektiv yanaşmadan imtina etməli, və Azərbaycanla siyasi ultimatumlar deyil, qarşılıqlı etimad və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında dialoq qurmalıdır”.