Qaynar xətt:

(+99450) 247 90 86

Piyada keçidlərində təhlükəsizlik necə artırılmalıdır? – Ekspertlərdən ÖNƏMLİ TƏKLİFLƏR  

Piyada keçidlərində təhlükəsizlik necə artırılmalıdır? – Ekspertlərdən ÖNƏMLİ TƏKLİFLƏR  

CƏMİYYƏT

64

03.07.2026, 18:26

Son dövrlər ölkə ərazisində, xüsusən də paytaxt Bakıda piyadaların iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisələrinin sayında müşahidə olunan artım cəmiyyətdə ciddi narahatlıq doğurur. Bir çox hallarda qəza baş verdikdə əsas müzakirə mövzusu yalnız hərəkət iştirakçılarının – sürücü və ya piyadanın fərdi davranışı, kimin günahkar olub-olmaması ilə məhdudlaşır. Lakin ekspertlər hesab edirlər ki, qəzaların qarşısının alınmasında yol infrastrukturu və mövcud standartlar ən həlledici amillərdən biridir. Piyadaların yollarda təhlükəsizliyinin təmin edilməsi, piyada keçidlərinin müasir tələblərə uyğunlaşdırılması üçün hansı konkret tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov və nəqliyyat eksperti Rauf Ağamirzəyev mövcud problemləri və onların konkret həlli yollarını diqqətə çatdırıblar.

Ərşad Hüseynov: "Bizdəki yanaşma 40 il bundan əvvəlin yanaşmasıdır"

Nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, cəmiyyətdə yol-nəqliyyat hadisələri baş verəndə çox vaxt yalnız hərəkət iştirakçılarının davranışları müzakirə olunur, amma infrastruktur məsələləri bəzən, ümumiyyətlə, yada düşmür:

“Əlbəttə, insan davranışları da çox vacibdir, təhlükəsiz davranış çox önəmlidir və bu istiqamətdə ciddi işlər görülməlidir. Amma infrastrukturda da müəyyən yeniliklərə ehtiyac var. Məlumat üçün deyim ki, bu gün Azərbaycanda piyada keçidlərinin təşkili və siqnallaşdırılmasına yanaşma, hardasa bir 40 il bundan əvvəlin yanaşmalarıdır. Son 40 ildə bu istiqamətdə demək olar ki, heç bir dəyişiklik, heç bir yenilik yoxdur. Varsa da, belə epizodik, cüzi məsələlərdir.

Bunun ilk olaraq hüquqi əsası yaradılmalıdır. Hüquqi əsas ondan ibarət olmalıdır ki, məsələn, indiki dövrdə bizdə o "zebra" kimi tanıdığımız eyni səviyyəli piyada keçidləri var, dünya çoxdandır onu dəyişib. Bizdə ağ rəngi vururlar, bir də asfalt – ağ-qara görünür. Əslində dünyada onu ağ-sarı ediblər, o daha yaxşı vizuallıq yaradır, sürücüləri diqqətli olmağa rəvac verir”.

Ekspert nişanlanma və infrastruktur tədbirləri ilə bağlı digər beynəlxalq təcrübələri də qeyd edib:

“Bizdə hazırda belədir ki, piyada keçidi nişanlarının biri sağda qoyulur, biri də solda. Amma dünyada belə bir yanaşma var ki, əgər eyni istiqamətdə iki və daha çox hərəkət zolağı varsa, onun birini mütləq göydən asırlar ki, sürücü üçündən birini mütləq görəcək. Sağdakını görməsə də soldakını, soldakını da görməsə başının üstündən asılanı görəcək və biləcək ki, ora piyada keçididir. 

Əlavə olaraq, piyada keçidinə yaxınlaşarkən zolaqlar arasında xətti başqa cür tətbiq edirlər ki, sürücü bilsin ki, məhz bu xəttin yanıyla gedirəmsə, qabaqda piyada keçidi var. Bu çox vacibdir. Bundan başqa, piyada keçidlərini ən təhlükəsiz yerdə təşkil edirlər və elə edilməlidir ki (əslində bu dediklərim həm də bizdə edilməlidir deməkdir), orada nəzərdə tutulduğundan artıq sürətlə hərəkət olmasın”.

Onun sözlərinə görə, nəqliyyatın sürətini yavaşlatma tədbirləri görülür, xüsusi belə həllər tətbiq olunur:

“Məsələn, zolaqların eni bir balaca azaldılır, adacıqlar yaradılır. Əgər zolaqlar sadəcə xətlərlə ayrılıbsa və eyni istiqamətdə iki və daha çox hərəkət zolağı varsa, onların arasında adacıqlar yaradılır. Adacıqlar yaradılanda sürücülər həm yolun qabağını yaxşı görürlər (getdikləri istiqamətdə arxadakı sürücülər də qabağı daha yaxşı görür), piyadalar da daha yaxşı görünür. Özü də piyadalar da keçəndə, o adacıqları keçəndə, onlar üçün də sağa-sola boylanmaq üçün yer qalır ki, o təhlükəsizliyi daha əmin olub keçsinlər. Görsünlər ki, yaxınlaşan nəqliyyat vasitələri var, yoxsa hansı sürətlə gəlirlər və s. Adacıqların yaradılması da çox mühümdür, yenə də vizuallığı artırır”.

Ərşad Hüseynov gecə işıqlandırılması və maarifləndirmə məsələsinə də xüsusi toxunub:

“Ən vacib məsələ: gecə vaxtı piyada keçidləri mütləq işıqlandırılmalıdır. İşıqlandırılmayan piyada keçidi həmişə təhlükəlidir. Özü də piyada keçidlərini xüsusi effektlərlə işıqlandırırlar. Yəni oranın işıqlanması yolun digər sahələrinin işıqlarından fərqlənir. Yenə də sürücü də, piyada da bilir ki, piyada keçidi ordadır, ordan keçmək lazımdır. Və piyada keçidlərinin ətrafında elə şərait yaradılır ki, piyada hətta keçidə gəlib çıxmamış sürücülər maksimum dərəcədə onu görsünlər ki, bax, orada səkiylə bir piyada gəlir və bu gedişlə o, piyada keçidinə daxil olmaq istəyir. Onu da belə nəzərə alıb daha ehtiyatlı olurlar”.

Ekspert əlavə edib ki, həm də piyada özü, hələ keçidə çatmamış, onun getdiyi istiqamətdə, keçmək istədiyi yola doğru gələn nəqliyyat vasitəsini qabaqcadan görür. Onun sürəti təhlükəlidirsə, keçidə daxil olmur, ona yol verir, sonra daxil olur. Bax, bütün bunların hamısı tətbiq olunmalıdır. Və ən başlıcası, maarifləndirmə işləri də görülməlidir, təbii ki. Yollarda təhlükəsiz davranışı bir dəbə çevirən ciddi maarifləndirmə işləri görülməlidir.

Rauf Ağamirzəyev: "Şəhər infrastrukturu insana uyğun qurulmalıdır"

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev isə yollarda ən müdafiəsiz iştirakçının piyadalar olduğunu vurğulayaraq, şəhər planlamasının kökündən dəyişməli olduğunu qeyd edib:

“Ümumiyyətlə, yol hərəkəti iştirakçıları arasında ən qorunmayanı piyadadır. Və bütün tədbirlərdə – baş planda, dayanıqlı şəhər mobilliyi planında və mobilliyin transformasiyası mövzusunda həmişə biz deyirik ki, insan yönümlü şəhərə avtomobil   mərkəzli şəhərdən keçid edirik. İnsan yönümlü şəhərdə şəhər infrastrukturu insana uyğun qurulmalıdır və küçə-yol şəbəkəsində təhlükəsizliyi qabardan, sürəti azaldan həllərin sayı artırılmalıdır ki, piyada qorunmuş olsun, istənilən mümkün qəzada qəzanın nəticəsi maddi ziyan və yüngül xəsarət olsun. İndiki, deyək, bəzi qəzalarda ki biz ölüm hallarını da müşahidə edirik, bu da infrastrukturun təkmilləşdirilməsi mövzusunu gündəmə gətirir”.

Ekspert vurğulayır ki, bəzi nöqtəvi həllər  artıq son illərdə şəhərimizdə müşahidə olunur:

“Bunu sistemli hala gətirmək lazımdır. Yəni şəhərin daxilində zolaq ensizləşdirilməsi, eyni səviyyəli keçidlərdə iki zolaqdan artıqdırsa, təhlükəsizlik adacığının qurulması, kontrast işıqlandırılması, parkinq sahəsi ilə əgər sonunda bir zebra varsa, o zebranın önünün biraz qabarıq təşkil edilməsi kimi. Çünki, uzaqdan sürücü də kor məsafəni aradan qaldırmış olsun və sürücü uzaq məsafədən, irəlidə piyadanın olmasını görə bilsin və buna müvafiq olaraq da sürətini tənzimləsin”.

Rauf Ağamirzəyev beynəlxalq təcrübədəki "Vision Zero" konsepsiyasını misal çəkərək şəhərdəki piyada infrastrukturunun digər problemlərinə də toxunub:

“Amma istənilən halda şəhərdə sürətin azaldılması, trafikin sakitləşdirilməsi yönündə müvafiq infrastrukturda təkmilləşdirmə işləri görülməlidir. Burada da dünyada artıq gələn il 30 il olacaq ki, “Vision Zero” konsepsiyası tətbiq olunur, Finlandiyada başlayıb. Burada bəzi qeyd etdiyim elementlərlə…