Qaynar xətt:

(+99450) 247 90 86

Ursula fon der Lyayenin Bakı-İrəvan səfərinin pərdəarxası: Brüssel Cənubi Qafqazda nəyi hədəfləyir?   

Ursula fon der Lyayenin Bakı-İrəvan səfərinin pərdəarxası: Brüssel Cənubi Qafqazda nəyi hədəfləyir?   

SİYASƏT

79

02.07.2026, 16:25

Avropa İttifaqının Cənubi Qafqaza marağı son illərdə enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və regional sabitlik məsələləri fonunda yeni mərhələyə qədəm qoyub. Məhz belə bir dövrdə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana, ertəsi gün isə Ermənistana səfər edib. Bu ardıcıl diplomatik marşrut Brüsselin regiona münasibətində təsadüfi protokol addımı deyil, əksinə, Cənubi Qafqazın Avropa üçün artan strateji əhəmiyyətinin göstəricisi kimi qiymətləndirilir.

Avropa İttifaqı bir tərəfdən Azərbaycanla enerji və Orta Dəhliz üzrə əməkdaşlığı daha da dərinləşdirməyə, digər tərəfdən isə Ermənistanla siyasi və iqtisadi əlaqələri genişləndirməyə çalışır. Bu yanaşma Brüsselin regionda balanslı siyasət yürütmək, sülh prosesini iqtisadi əməkdaşlıqla möhkəmləndirmək və Cənubi Qafqazı Avropa ilə Mərkəzi Asiyanı birləşdirən strateji məkan kimi formalaşdırmaq niyyətindən xəbər verir.

Bəs Ursula fon der Lyayenin Bakı və İrəvana ardıcıl səfərinin arxasında hansı geosiyasi məqsədlər dayanır? Bu diplomatik fəallıq regionun gələcək siyasi düzəninə, enerji təhlükəsizliyinə və böyük güclər arasındakı rəqabətə necə təsir göstərə bilər? Mövzunu ekspertlər şərh edib.

Azərbaycan Ümid Partiyasının sədr müavini, siyasi şərhçi   Tamilla Qulami  Oxu24.com-a açıqlamasında deyib ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin öncə Azərbaycana, sonra da Ermənistana səfəri Avropa İttifaqının Cənubi Qafqaz siyasətində təsadüfi diplomatik addım deyil. Onun sözlərinə görə, bu addım Brüsselin regiona münasibətdə yeni geosiyasi mərhələyə keçdiyini göstərən strateji təşəbbüslərdən biridir:

“Avropa uzun illərdir, dünyanın ikinci güc mərkəzinə çevrilmək üçün çaba göstərir. Belə ki, səfərin əsas məqsədi yalnız Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh prosesini dəstəkləmək deyil, həm də Avropa İttifaqının Cənubi Qafqazda siyasi, iqtisadi və təhlükəsizlik baxımından daha davamlı iştirakını təmin etmək və bu strategiyada öz payının olmasıdır. Bu səfər çərçivəsində Avropa İttifaqı regionun nəqliyyat, enerji və rəqəmsal bağlantısını inkişaf etdirmək üçün 200 milyon avroluq yeni maliyyə paketi elan edib və məqsəd sülh razılaşmasını real iqtisadi əməkdaşlığa çevirməkdir.

Əlbəttə ki, səfərin pərdəarxasında bir neçə mühüm strateji maraq da var. İlkin istiqamət, enerji təhlükəsizliyidir. Rusiya-Ukrayna savaşından sonra Avropa İttifaqı son illərdə Rusiyadan enerji asılılığını minimuma endirməyə çalışır və bu baxımdan Azərbaycan Avropanın əsas alternativ enerji tərəfdaşlarından birinə çevrilib. Brüssel Azərbaycanla qaz əməkdaşlığını daha da genişləndirmək, yaşıl enerji layihələrini inkişaf etdirmək və Xəzər hövzəsini Avropaya bağlayan enerji marşrutlarını gücləndirmək niyyətindədir. Eyni zamanda, Orta Dəhlizin inkişafı Avropa üçün Çin və Mərkəzi Asiyaya çıxış baxımından xüsusi əhəmiyyət daşıyır. Həm də Amerikanın TRIPP projesindən sonra regiona daxil olmaq niyyətini əsas götürsək”.

T.Qulami vurğulayıb ki, səfərin əsas məqsədi nəqliyyat və logistika dəhlizlərinin təhlükəsizliyidir:

“Avropa anlayır ki, Cənubi Qafqazda uzunmüddətli sabitlik olmadan nə enerji marşrutları, nə də yeni ticarət yolları tam səmərəli işləyə bilər. Buna görə də Brüssel sülh sazişinin yalnız siyasi sənəd olaraq, qalmasını deyil, iqtisadi əməkdaşlıq vasitəsinə çevrilməsini istəyir. Bu baxımdan Azərbaycanın regional tranzit imkanları ilə Ermənistanın kommunikasiya layihələrinə inteqrasiyası Avropa üçün vahid strateji paket təşkil edir.

Bu səfər demək olar ki, Avropa İttifaqının Cənubi Qafqaz siyasətində yeni mərhələnin başlanğıcıdır.  Əgər əvvəlki illərdə Brüssel əsasən vasitəçilik və humanitar layihələrə üstünlük verirdisə, indi daha geniş geosiyasi yanaşma formalaşdırır. Artıq məqsəd yalnız münaqişələrin idarə olunması deyil, regionun Avropa iqtisadi məkanına daha sıx inteqrasiyasıdır. Von der Lyayenin həm Bakıya, həm də İrəvana eyni səfər çərçivəsində getməsi onu göstərir ki, Avropa İttifaqı tərəflərdən birini deyil, bütövlükdə regionu vahid geosiyasi məkan kimi görməyə başlayıb”.

Siyasi şərhçi Ermənistan baxımından bu səfərin xüsusi siyasi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb:

“Son illər İrəvanın Rusiyanın rəhbərlik etdiyi hərbi-siyasi strukturlardan uzaqlaşması, Avropa ilə inteqrasiyanı prioritet elan etməsi və Qərblə əməkdaşlığı genişləndirməsi fonunda Ursula fon der Lyayenin səfəri siyasi dəstək mesajıdır. Avropa İttifaqı açıq şəkildə Ermənistanın iqtisadi dayanıqlığını gücləndirməyə və Rusiyanın təzyiqlərini azaltmağa çalışır. Son aylarda Brüsselin Ermənistana əlavə maliyyə dəstəyi hazırlaması da bu siyasətin davamıdır.

Bununla belə, qeyd edim ki, bu səfəri NATO tipli təhlükəsizlik zəmanətinin başlanğıcı kimi qiymətləndirmək düzgün deyil. Avropa İttifaqının hərbi müdafiə mexanizmi yoxdur və Ermənistan üçün kollektiv müdafiə öhdəliyi götürmür. Heç bir ölkə üçün də götürməyib. Çünki hansı məkana daxil olsa, Amerikanın "jandarm"ı Rusiya ilə üzləşib. İndiki mərhələdə Brüssel daha çox iqtisadi yardım, sərhəd təhlükəsizliyi, müdafiə institutlarının inkişafı, siyasi dəstək və islahat proqramları vasitəsilə Ermənistanın təhlükəsizliyini möhkəmləndirməyə çalışır. Yəni, verdiyi birbaşa hərbi təminat deyil, təhlükəsizliyin siyasi və institusional əsaslarının gücləndirilməsidir.

Regionun digər böyük oyunçularının reaksiyası da maraqlıdır. Çünki Rusiya bu fəallığı öz ənənəvi təsir dairəsinə müdaxilə kimi qəbul edir və xüsusilə də yaratdığı gündən forpostu olmuş Ermənistanın Avropaya yaxınlaşmasını strateji itki hesab edir. Buna görə Moskvanın həm iqtisadi, həm informasiya, həm də siyasi təzyiq, təxribat alətlərindən istifadə edəcəyi qaçılmazdır.

Türkiyə isə əksinə, Avropa İttifaqının regional sabitliyə və kommunikasiya layihələrinə dəstəyini ümumilikdə müsbət qarşılayacaq. Çünki sabit, sülh təminatı olan Cənubi Qafqaz həm Türkiyənin regional nəqliyyat strategiyasına, həm də Orta Dəhliz layihəsinə uyğundur. Paralel olaraq, Ankara regionda əsas geosiyasi aktorlardan biri kimi Avropa ilə koordinasiyanın qorunmasına çalışacaq.

İranın isə Avropanın artan təsirindən narahat olma ehtimalı yüksəkdir. Xüsusilə Qərbin Ermənistan üzərindən regionda siyasi mövqelərini gücləndirməsi və yeni nəqliyyat layihələrinin İranı kənarda qoyması Tehranda müəyyən narahatlığa səbəb olacaq. Çünki İran hər zaman Cənubi Qafqazda geosiyasi balansın dəyişməsini milli təhlükəsizlik məsələsi kimi qiymətləndirib”.

Tamilla Qulami sonda əlavə edib ki, bizim üçün bu səfər isə Brüsselin ikitərəfli yanaşmasının göstəricisidir:

“Avropa İttifaqı bir tərəfdən enerji və iqtisadi əməkdaşlığı dərinləşdirir, digər tərəfdən Ermənistanla siyasi inteqrasiyanı genişləndirir. Bu isə onu deməyə əsas verir ki, Brüssel regionda balanslı siyasət yürütməyə çalışır və uzunmüddətli məqsədi qarşıdurma deyil, əməkdaşlıq mühitinin formalaşdırılmasıdır.

Beləliklə, Ursula fon der Lyayenin Bakı və İrəvana ardıcıl səfəri Avropa İttifaqının Cənubi Qafqazı artıq yalnız qonşuluq siyasətinin tərkib hissəsi deyil, Avropanın enerji təhlükəsizliyi, Orta Dəhliz, Mərkəzi Asiya ilə əlaqələr və Rusiyanın təsirinin məhdudlaşdırılması baxımından strateji geosiyasi məkan kimi qiymətləndirdiyini göstərir. Bu baxımdan səfər təkcə diplomatik protokol xarakteri daşımır, əksinə, qarşıdakı illərdə Cənubi Qafqazda yeni siyasi və iqtisadi balansın formalaşmasının mühüm başlanğıc nöqtələrindən biri hesab oluna bilər”.

Siyasi şərhçi Rəşad Bayramov Oxu24.com-a açıqlamasında bildirib ki, Ursula fon der Lyayenin əvvəlcə Bakıya, ardınca isə İrəvana səfəri təsadüfi diplomatik marşrut deyil. Onun sözlərinə görə, bu ardıcıllıq Avropa İttifaqının Cənubi Qafqazı artıq ayrı-ayrı ölkələr prizmasından deyil, vahid geosiyasi və iqtisadi məkan kimi dəyərləndirməyə başladığını göstərir:

“Son illərdə qlobal geosiyasi proseslər, Avropanın enerji təhlükəsizliyi ilə bağlı çağırışlar, Orta Dəhlizin əhəmiyyətinin artması və regionda sülh perspektivinin yaranması Brüsselin Cənubi Qafqaz siyasətinə yeni dinamika qazandırıb. Bu baxımdan Avropa Komissiyası prezidentinin iki ölkəyə ardıcıl səfəri regionun gələcək inkişaf modelini formalaşdırmaq istiqamətində mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər.

Səfərin əsas geosiyasi məqsədi Cənubi Qafqazı Avropa ilə Mərkəzi Asiya arasında etibarlı bağlantı məkanına çevirməkdir. Avropa İttifaqı üçün Azərbaycan enerji, nəqliyyat və logistika baxımından strateji tərəfdaşdır. Ermənistan isə sülh prosesindən sonra regional iqtisadi inteqrasiyaya qoşula biləcək ölkə kimi nəzərdən keçirilir. Bu yanaşma Brüsselin bölgəyə daha çox iqtisadi əməkdaşlıq platforması kimi baxdığını göstərir.

Səfərin pərdəarxasında duran əsas maraqlar Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, Orta Dəhlizin inkişafı və regionda sabit iqtisadi mühitin formalaşdırılması ilə bağlıdır. Ursula fon der Lyayenin Bakıda nəqliyyat, enerji və rəqəmsal bağlantıya dair maliyyə dəstəyi açıqlaması da bu strategiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Bu səfər Avropa İttifaqının regionda iqtisadi və geosiyasi iştirakını daha da fəallaşdırmaq niyyətini nümayiş etdirir. Əgər əvvəlki dövrlərdə Brüssel daha çox vasitəçilik missiyası ilə çıxış edirdisə, indi iqtisadi investisiyalar, infrastruktur layihələri və enerji təhlükəsizliyi ön plana keçir. Bu da Avropa İttifaqının regionda geoiqtisadi aktor kimi mövqeyini gücləndirmək niyyətindən xəbər verir”.

Siyasi şərhçi qeyd edib ki, Ermənistanın Rusiya ilə hərbi-siyasi asılılığını azaltmağa çalışdığı bir mərhələdə Ursula fon der Lyayenin İrəvan səfəri təhlükəsizlik kontekstində də şərh olunur:

“Bununla belə, bu səfəri Qərbin Ermənistana birbaşa təhlükəsizlik zəmanəti verməsi kimi qiymətləndirmək düzgün olmazdı. Avropa İttifaqı Ermənistana kollektiv müdafiə öhdəliyi götürmür. Hazırda əsas məqsəd iqtisadi dayanıqlığın, institusional islahatların və dövlət idarəçiliyinin gücləndirilməsidir. Brüssel daha çox Ermənistanı siyasi və iqtisadi baxımdan Qərb strukturlarına yaxınlaşdırmağa çalışır”.

R.Bayramov hesab edir ki, Avropa İttifaqının regiondakı fəallığı digər böyük güclərin də diqqət mərkəzindədir:

“Rusiya bunu öz ənənəvi təsir zonasına alternativ geosiyasi nüfuzun artması kimi qiymətləndirir. Türkiyənin maraqları Azərbaycanla strateji müttəfiqlik və regional kommunikasiyaların açılmasına verdiyi dəstək səbəbindən Avropanın iqtisadi təşəbbüsləri ilə müəyyən dərəcədə uzlaşır. İran isə yeni nəqliyyat marşrutları və regiondakı geosiyasi balansın dəyişməsi baxımından ehtiyatlı mövqe sərgiləyir. ABŞ isə Avropa İttifaqının fəallaşmasını Qərbin regiondakı koordinasiyalı siyasətinin tərkib hissəsi kimi dəstəkləyir”.

Siyasi şərhçi sonda vurğulayıb ki, Ursula fon der Lyayenin Bakı və İrəvan səfərləri Avropa İttifaqının Cənubi Qafqazda enerji, nəqliyyat, iqtisadi inteqrasiya və uzunmüddətli strategiyasının tərkib hissəsidir.

Mehin Mehmanqızı

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.