Deputat: Azərbaycan polisi xalqın etimadını doğruldur
02 İyul 2026, 12:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
208
02.07.2026, 11:30
Azərbaycan polisi 108 illik şərəfli tarixi boyunca dövlətçiliyimizin, qanunun aliliyinin və vətəndaş təhlükəsizliyinin etibarlı təminatçısı kimi mühüm missiya yerinə yetirib. İctimai asayişin qorunmasından tutmuş ən mürəkkəb təhlükəsizlik çağırışlarının qarşısının alınmasına qədər gecə-gündüz xidmət aparan polis əməkdaşları xalqın əmin-amanlığının keşiyində dayanaraq dövlətin ən möhkəm dayaqlarından birinə çevriliblər.
Lakin Azərbaycan polisinin şərəf və qəhrəmanlıq salnaməsi yalnız dinc dövrdə göstərilən peşəkar fəaliyyətlə məhdudlaşmır. Birinci Qarabağ müharibəsində olduğu kimi, 44 günlük Vətən müharibəsi və sonrakı antiterror əməliyyatları zamanı da polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları ön cəbhədə böyük rəşadət, vətənpərvərlik və fədakarlıq nümunələri nümayiş etdiriblər. Murov zirvələrindən Şuşa qayalarına qədər uzanan şərəfli döyüş yolunda onlar yalnız xidməti vəzifələrini yerinə yetirməyib, eyni zamanda Vətən uğrunda ölümün gözünə dik baxaraq qəhrəmanlıq dastanı yazıblar.
Xüsusi təyinatlı bölmələr vahid komandanlıq altında Azərbaycanın haqq savaşında fəal iştirak edərək tarixi Zəfərin qazanılmasına mühüm töhfə veriblər. Birinci Qarabağ müharibəsində Daxili Qoşunların 9 hərbi qulluqçusunun Milli Qəhrəman adına layiq görülməsi, Vətən müharibəsində isə 66 hərbi qulluqçunun şəhidlik zirvəsinə ucalması, 346 nəfərin yaralanması və 4 igidin “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına yüksəlməsi bu şərəfli yolun ən parlaq səhifələrindəndir. Onların göstərdiyi rəşadət Azərbaycan polisinin dövlətə sədaqətinin, Vətən sevgisinin və xalq qarşısında daşıdığı müqəddəs məsuliyyətin ən uca təcəssümüdür.
Bu gün Azərbaycan Polisi Günü təkcə peşə bayramı deyil, həm də dövlətə xidmətin, milli həmrəyliyin, vətənpərvərliyin və qəhrəmanlıq ruhunun təntənəsidir. Əmin-amanlığın keşiyində dayanan, lazım gəldikdə isə silaha sarılıb ön cəbhədə döyüşən Azərbaycan polisi müasir dövlətçiliyimizin gücünü, xalqımızın yenilməz iradəsini və Zəfər ruhunu öz simasında yaşadır.
Azərbaycan Polisi Günü münasibətilə deputatlar, ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri polis orqanlarının fəaliyyəti, cəmiyyətdəki rolu, müasir çağırışlar qarşısında üzərinə düşən vəzifələr və Vətən qarşısındakı misilsiz xidmətləri ilə bağlı fikirlərini Oxu24.com-a bölüşüblər.
Milli Məclisin deputatı Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, son illərdə daxili işlər orqanlarında çox ciddi institusional islahatlar aparılır. Bu gün Azərbaycan polisi elektron xidmətlərdən istifadə edir, video-müşahidə sistemlərini tətbiq edir, rəqəmsal idarəetmə mexanizmlərini inkişaf etdirir. Süni intellekt və analitik informasiya bazalarından istifadə etməklə cinayətlərin qarşısının alınmasına, onların operativ şəkildə açılmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir.
Təbii ki, polis-vətəndaş münasibətlərində şəffaflığın artırılması mühüm məsələdir. Müraciətlərə operativ baxılması da əsas istiqamətlərdən biridir. Bu, hüquq-mühafizə sisteminə olan ictimai etimadı gücləndirən vacib amillərdəndir.
Deputatın sözlərinə görə, Azərbaycanın yerləşdiyi mürəkkəb geosiyasi məkan daxili təhlükəsizlik məsələsinin aktuallığını daha da artırır. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqlar polis orqanlarının fəaliyyət istiqamətlərini genişləndirib. İşğaldan azad olunmuş ərazilərdə asayişin qorunması, hüquqi tənzimləmənin təmin edilməsi, qanunsuz silahlı fəaliyyətlərin qarşısının alınması və ictimai təhlükəsizliyin qorunması bu baxımdan xüsusi əhəmiyyət daşıyır.Bu istiqamət olduqca mühüm əhəmiyyət kəsb edir. Azərbaycan polisi yalnız hüquq pozuntularına reaksiya verən qurum deyil. Müasir polis modeli profilaktik tədbirlərin həyata keçirilməsi, hüquqi maarifləndirmə, gənclərlə iş və ictimai əməkdaşlığın gücləndirilməsi istiqamətində də mühüm addımlar atır.
Arzu Nağıyevin sözlərinə görə, Polisin peşəkarlığı yalnız gündəlik xidmətdə deyil, həm də dövlətçiliyin qorunması uğrunda aparılan mübarizədə özünü göstərir. Birinci Qarabağ müharibəsindən başlayaraq son antiterror tədbirlərinə qədər daxili işlər orqanlarının əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xüsusi fədakarlıq nümayiş etdiriblər. Onlar müxtəlif dərəcəli xəsarətlər alıb, böyük qəhrəmanlıq nümunələri göstəriblər.
Millət vəkili xatırladıb ki, Birinci Qarabağ müharibəsindən Vətən müharibəsinə və sonrakı dövrə qədər daxili işlər orqanlarının əməkdaşları və hərbi qulluqçuları döyüş əməliyyatlarında böyük şücaət göstərib, şəhidlik zirvəsinə ucalıblar. Allah bütün şəhidlərimizə rəhmət eləsin.Bu gün polisin fəaliyyəti təkcə silah-sursatın müsadirə olunması ilə məhdudlaşmır. Eyni zamanda, kibertəhlükəsizliklə mübarizə də çox mühüm istiqamətlərdən biridir. Korrupsiyaya qarşı mübarizə və müasir çağırışlara uyğun fəaliyyət göstərən Azərbaycan polisi dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli maraqların qorunması və ölkənin təhlükəsiz gələcəyinin təmin olunması istiqamətində öz missiyasını uğurla davam etdirir.Digər hüquq-mühafizə və xüsusi xidmət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərərək dövlətə və ölkəyə yönələn təhdidlərin qarşısının alınmasında mühüm rol oynayır.
Arzu Nağıyev əlavə edib ki, Mən də Azərbaycan polisini, cənab nazir başda olmaqla, səmimi-qəlbdən təbrik edirəm. Daxili işlər orqanlarının bütün şəxsi heyətinə möhkəm can sağlığı arzulayıram. Bu şərəfli və çətin peşənin layiqincə yerinə yetirilməsində onlara daim yeni-yeni nailiyyətlər diləyirəm.
Milli Məclisin deputatı Azay Quliyev bildirib ki,Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl hüquqi islahatlar, təhlükəsizlik siyasəti və dövlət idarəçiliyinin təkmilləşdirilməsi nəticəsində Azərbaycan bu gün dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi tanınır.
Bu uğurun əldə edilməsində Azərbaycan polisinin və Daxili İşlər Nazirliyinin fəaliyyəti müstəsna əhəmiyyət kəsb edir.Azərbaycan polisi dövlətçiliyimizin möhkəm dayaqlarından biri, ictimai-siyasi sabitliyin, hüquq qaydasının və vətəndaş təhlükəsizliyinin etibarlı təminatçısıdır. Polis əməkdaşları gecə-gündüz, bayram və istirahət günləri fərqi qoymadan 24 saat fasiləsiz xidmət göstərərək cəmiyyətin əmin-amanlığını qoruyur, cinayətkarlığa qarşı qətiyyətlə mübarizə aparır, vətəndaşların hüquq və qanuni mənafelərinin müdafiəsini təmin edir. Bu fədakar xidmət sayəsində insanlar özlərini təhlükəsiz hiss edir və dövlətə olan inam daha da möhkəmlənir.Məhz buna görə bu gün Bakı dünyanın ən təhlükəsiz şəhərləri sırasındadır. Bunun səbəbi təkcə cinayət statistikası deyil, həm də insanların gündəlik həyatda hiss etdiyi təhlükəsizlik mühitidir.
Azay Quliyevin sözlərinə görə, məsələn, Paris uzun illərdir turistlərə qarşı cibgirlik, çanta və şəxsi əşyaların oğurluğu ilə bağlı Avropanın ən problemli şəhərlərindən biri hesab olunur. Xüsusilə, Eyfel qülləsi, Luvr Muzeyi, Şanzelize prospekti və metro xətlərində vətəndaşlar və turistlər dəfələrlə bu cür hallarla üzləşiblər. Və yaxud Brüssel və Amsterdam Avropada narkotik qaçaqmalçılığı və transmilli mütəşəkkil cinayətkarlıqla bağlı silahlı insidentlərin baş verdiyi mərkəzlər sırasındadır. London da isə bıçaqlı hücumlar, küçə soyğunçuluğu, mobil telefonların və saatların oğurlanması hər kəsi ciddi narahat edir. Bu barədə London polisinə müraciət edəndə isə çox qəribə vəziyyətlə üzləşirsən. Ya sənin müraciətinə ümumiyyətlə baxılmır, ya da deyirlər ki, küçədə gedəndə telefonu gizli yerdə saxla və çalış ki, oğurlamasınlar. Ona görə də bu gün Londona gedən şəxsin ilk sualı belə olur: “şəhərin hansı ərazisi nisbətən daha təhlükəsiz hesab olunur?” Mən Vaşinqtonu, Nyu-Yorku, San Fransiskonu hələ demirəm, günün günorta çağı avtomobillərin şüşələrini qırıb içindəki əşyaların oğurlanması, mağazaların talan edilməsi, cibgirlik baş alıb gedir. Hətta, bir neçə il əvvəl Vaşinqtonda olanda bizə dedilər ki, axşam saat 6-dan sonra şəhərdəki parklardan birinə (adını unutdum) getməyək, orda hücuma məruz qala və qarət oluna bilərsiniz. Cənubi Amerika ölkələrinin bir çox şəhərlərində isə silahlı polislər tərəfindən mühafizə olmadan ümumiyytələ, şəhərə çıxmaq riskli hesab olunur.
Deputat bildirib ki, ancaq bu gün həm vətəndaşlarımız, həm də turistlər Bakıda istədikləri vaxt rahat və təhlükəsiz şəkildə gəzə bilərlər. Məncə, bu çox böyük üstünlükdür, hətta deyərdim ki, ölkəmiz üçün çox böyük nemətdir. Gərək bunun qədrini bilək və lazımınca dəyərləndirək. Bütün bunlar isə asanlıqla əldə olunmur. Bu tarixi nailiyyətlər Azərbaycan Prezidentinin apardığı daxili və xarici siyasət, Daxili İşlər Nazirliyində daim həyata keçirilən genişmiqyaslı institusional islahatlar, rəqəmsal texnologiyaların tətbiqi, şəxsi heyətin peşəkarlığının yüksəldilməsi, polis-vətəndaş münasibətlərinin müasir standartlara uyğun inkişaf etdirilməsi və xüsusilə, vətəndaş müraciətlərinə həssas yanaşmanın hesabına mümkün olubdur.Yeri gəlmişkən, Daxili İşlər Nazirliyinin vətəndaş müraciətlərinə göstərdiyi həssas və operativ münasibətlə bağlı bir məqamı xüsusi vurğulamaq istərdim. Bildiyiniz kimi, Milli Məclisin deputatlarına seçicilər tərəfindən müxtəlif məzmunlu müraciətlər daxil olur. Həmin müraciətlər arasında Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid olan məsələləri aidiyyəti üzrə Nazirliyə təqdim edirik.
Millət vəkilinin sözlərinə görə, məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Daxili İşlər Naziri, General-polkovnik Vilayət Eyvazov deputat müraciətlərinə şəxsən baxır, onların hər biri üzrə qəbul edilmiş qərarlar barədə öz imzası ilə rəsmi cavab məktubu göndərir. Hesab edirəm ki, bu, dövlət idarəçiliyində məsuliyyətli yanaşmanın və şəffaflığın bariz nümunəsi olmaqla yanaşı, kifayət qədər nadir rast gəlinən və təqdirəlayiq idarəetmə təcrübəsidir.Ən əsası isə odur ki, söhbət təkcə deputat müraciətlərindən getmir. Vətəndaşın qaldırdığı hər bir məsələyə vaxtında, obyektiv və həssas yanaşılması, insanların problemlərinin həlli istiqamətində operativ tədbirlərin görülməsi Daxili İşlər Nazirliyinin fəaliyyətində vətəndaş məmnunluğunun əsas prioritetlərdən biri olduğunu göstərir. Məhz belə yanaşma Daxili İşlər orqanlarına və Azərbaycan polisinə ictimai etimadı daha da möhkəmləndirir, dövlət-vətəndaş münasibətlərini gücləndirir və ölkənin təhlükəsizlik sisteminin səmərəliliyinin artırılmasına mühüm töhfə verir.Nəhayət, Azərbaycan polisi yalnız daxili asayişin keşiyində dayanan hüquq-mühafizə orqanı deyil, eyni zamanda dövlətimizin milli təhlükəsizliyinin və suverenliyinin müdafiəsində mühüm rol oynayan dövlət qurumudur. 44 günlük Vətən müharibəsi zamanı daxili qoşunlar və polis əməkdaşları digər güc strukturları ilə çiyin-çiyinə döyüşərək yüksək peşəkarlıq, mərdlik və vətənpərvərlik nümayiş etdirdilər. Onların bir çoxu qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldı, çoxsaylı əməkdaş isə yaralanaraq və ya dövlət təltiflərinə layiq görülərək Azərbaycanın şanlı Zəfər tarixində öz adlarını əbədi həkk etdilər.Fürsətdən istifadə edərək, Azərbaycan Polisi Günü münasibətilə başda Nazir, General-Polkovnik Vilayət Eyvazov olmaqla bütün daxili işlər orqanlarının əməkdaşlarını və veteranlarını səmimi qəlbdən təbrik edir, xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qəhrəman polis əməkdaşlarının əziz xatirəsini dərin ehtiramla yad edir, onların ailələrinə Allahdan səbr diləyirəm. Əminəm ki, Azərbaycan polisi bundan sonra da Prezident cənab İlham Əliyevin müəyyən etdiyi təhlükəsizlik strategiyasına sadiq qalaraq dövlətçiliyimizin, xalqımızın və milli maraqlarımızın keşiyində eyni əzmkarlıq və peşəkarlıqla dayanacaqdır.
Milli Məclisin deputatı Rövşən Muradovun sözlərinə görə, Azərbaycan polisinin tarixi müstəqil dövlətçilik salnaməmizin mühüm səhifələrindən birini təşkil edir. Bu şərəfli institutun əsası 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk polis orqanlarının yaradılması ilə qoyulmuşdur. Həmin tarixi qərar dövlətin hüquq qaydasına, ictimai asayişə və vətəndaş təhlükəsizliyinə verdiyi strateji önəmin ilkin ifadəsi idi. Azərbaycan polisi yarandığı gündən milli dövlətçiliyin qorunmasına, qanunçuluğun təmininə və xalqın təhlükəsiz həyat mühitinin formalaşmasına xidmət etmişdir. Ümummilli lider Heydər Əliyevin “Polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır!” fikri bu təsisatın dövlət və cəmiyyət qarşısındakı ali missiyasını son dərəcə dəqiq ifadə edir.
Azərbaycan polisinin inkişaf tarixində 2 iyulun peşə bayramı kimi təsis olunması xüsusi siyasi və mənəvi məna daşıyır. Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci il tarixli Fərmanı ilə 2 iyulun Azərbaycan Polisi Günü elan edilməsi polis əməkdaşlarının dövlətə, xalqa və qanunçuluğa sədaqətli xidmətinə verilən yüksək qiymətin təzahürüdür. Bu qərar həm tarixi varisliyin qorunması, həm də polis institutunun müstəqil Azərbaycan dövlətinin təhlükəsizlik sistemində tutduğu mühüm yerin təsdiqi baxımından böyük əhəmiyyət kəsb edir.Bu gün Azərbaycan polisi ictimai-siyasi sabitliyin, hüquq qaydasının və vətəndaş təhlükəsizliyinin təmin olunmasında dövlətin ən etibarlı dayaqlarından biri kimi fəaliyyət göstərir. Polis əməkdaşlarının 24 saat fasiləsiz xidmət prinsipi ilə çalışması cəmiyyətdə əmin-amanlığı möhkəmləndirir, hüquq pozuntularına qarşı çevik reaksiya imkanlarını artırır və vətəndaşlarda dövlətə inam hissini daha da gücləndirir. Bu xidmət anlayışı polisin xalqla dövlət arasında təhlükəsizlik körpüsü rolunu oynadığını göstərir.
Deputat bildirib ki, Azərbaycan polisi Vətən müharibəsi dövründə dövlətə sədaqətin, hərbi intizamın və milli ləyaqətin ən uca nümunələrindən birini nümayiş etdirmişdir. Daxili İşlər Nazirliyinin şəxsi heyəti Murovdağdan Şuşaya qədər uzanan şərəfli döyüş yolunda yalnız xidməti borcunu yerinə yetirməmiş, həm də Azərbaycan dövlətçiliyinin müdafiəsini öz həyat amalına çevirmişdir. Daxili Qoşunların Vətən müharibəsində ilk şəhidi kimi tarixə düşən gizir Sərxan Abdullayevin, eləcə də Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan baş çavuş Elvin Abbasovun ömür yolu göstərir ki, polis adı təkcə asayişin keşiyində dayanmaq mənasını daşımır.Bu ad həm də Vətən torpağını canı bahasına qorumaq, dövlət bayrağının müqəddəsliyini öz qanı ilə təsdiq etmək və xalqın təhlükəsiz gələcəyi naminə son nəfəsədək mübarizə aparmaq deməkdir. Onların fədakarlığı Azərbaycan polisinin mənəvi portretini daha da ucaldır və sübut edir ki, bu institut dövlətin həm daxili sabitliyində, həm də milli suverenliyinin müdafiəsində etibarlı qüvvədir.
Rövşən Muradov qeyd edib ki, müasir dövrdə Azərbaycan polisinin missiyası qanunun aliliyini qorumaq, dövlət təhlükəsizliyinin ictimai dayaqlarını möhkəmləndirmək və vətəndaşın rahat, sabit, təhlükəsiz həyatını təmin etməkdən ibarətdir. Prezident İlham Əliyevin “Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis əməkdaşları qanunun keşiyində dayanırlar” fikri Azərbaycan polisinin cəmiyyətdə qazandığı etimadın, dövlətçilik düşüncəsinə sədaqətinin və milli təhlükəsizlik sistemindəki əvəzsiz rolunun ən mükəmməl ifadəsidir.
“Polisə Dəstək” İctimai Birliyinin sədri,polis polkovniki Şəmsəddin Əliyev bildirib ki, ümumiyyətlə, cəmiyyəti polissiz təsəvvür etmək qeyri-mümkündür.
Dövlət də, hüquq da quldarlıq cəmiyyətində yaranıb. Təbii ki, dövlət yarandıqdan sonra öz strukturunu, özülünü və mövcudluğunu qorumaq üçün hüquqa ehtiyac duyub. Ona görə də hüquq və dövlət bir-birindən ayrılmaz anlayışlardır və bu, hüquq ədəbiyyatında da öz təsdiqini tapıb. Dövlətin təhlükəsizliyinin təmin edilməsi, quldarlıq cəmiyyətində quldarların mülkiyyətinin, şəxsiyyətinin və ümumilikdə təhlükəsizliyinin qorunması üçün xüsusi dövlət qurumlarına ehtiyac yaranmışdı. Həmin dövrdə bu qurumlar müxtəlif cəmiyyətlərdə jandarm və ya başqa adlarla fəaliyyət göstərirdi. Yəni, mühafizə və təhlükəsizlik funksiyalarını yerinə yetirən təsisatlara hər zaman ehtiyac olub.
Şəmsəddin Əliyev xatırladıb ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il iyulun 2-də polis sistemini yaratmaqla hüquq-mühafizə orqanlarının əsasını qoydu. Artıq 108 ildir ki, Azərbaycan polisi peşəkar təcrübəsi, cinayətkarlıqla mübarizə ənənələri, əməliyyat-axtarış fəaliyyətinin gizli və aşkar metodları ilə dövlətə və xalqa xidmət edir. Cinayətlərin açılması, cinayətkarların müəyyən edilməsi, onların izinə düşülməsi, şəxsiyyətləri ilə bağlı məlumatların toplanması kifayət qədər vaxt və zəhmət tələb edən mürəkkəb əməliyyat-axtarış tədbirləridir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan polisi son illərdə cinayətkarlıqla mübarizədə kifayət qədər səmərəli fəaliyyət nümayiş etdirə bilib və bu göstəricilər bir çox Avropa ölkələri ilə müqayisədə daha yüksəkdir.
Polkovnik bildirib ki, mən müstəqil Azərbaycan Respublikasının siyasətini tərəfləmək mövqeyində deyiləm, sadəcə statistik göstəriciləri qeyd edirəm. Bizdə 100 min nəfərə düşən cinayətlərin sayı təxminən 280-330 arasındadır. Halbuki Avropa ölkələrinin bir çoxunda bu rəqəm 3 min, 4 min, hətta 6 min civarındadır. Cinayətlərin açılma faizi isə həm Sovet dövrü, həm də Cənubi Qafqaz ölkələri ilə müqayisədə Azərbaycanda daha yüksəkdir. Bu göstərici orta hesabla 92-93 faiz, bəzi rayonlarda isə 95 faizə çatır. Sovet dövründə isə bu göstərici 64-65 faiz səviyyəsində idi.Hamıya məlumdur ki, 1990-1993-cü illərdə milli ordu hələ tam formalaşmamışdı. Həmin dövrdə Azərbaycan polisi həm daxili təhlükələrə, həm də erməni işğalçılarına qarşı mübarizə aparırdı. Mən özüm də Birinci Qarabağ müharibəsinin veteran komandirlərindən biri olmuşam. O zaman rayonlar növbəli şəkildə 15 gün müddətinə 50 nəfərlik heyət və bir komandir ayırırdı. Nazirin əmri ilə həmin qruplar döyüş bölgələrinə göndərilirdi.Məsələn, 1992-ci ilin may ayında Şuşanın işğalından bir neçə gün sonra bizi Laçın, Turşsu və Qubadlı istiqamətlərinə ezam etmişdilər. Açıq deməliyəm ki, o dövrdə polis hərbi sursat və texnika ilə lazımi səviyyədə təmin olunmamışdı. Nə milli ordu tam formalaşmışdı, nə də dövlət büdcəsi bunu imkan verirdi. Polis əməkdaşlarının əlində əsasən avtomatlar, bir neçə daraq güllə, əl qumbaraları olurdu. Tanklar, zirehli texnikalar nasaz vəziyyətdə idi. Lakin yüksək vətənpərvərlik ruhu vardı. Ermənilərlə döyüşmək əzmi, iradəsi və qətiyyəti son dərəcə güclü idi.
Şəmsəddin Əliyevin sözlərinə görə, biz 15 günlük döyüş növbəsindən qayıtdıqdan bir gün sonra yenidən cəbhəyə yollanırdıq. Bununla bağlı çoxsaylı nümunələr göstərmək mümkündür. Polis əməkdaşları arasında böyük qəhrəmanlıq nümunələri ortaya qoyulub. Bu gün 226 Milli Qəhrəmanın 67-si polis əməkdaşlarıdır. Bundan başqa, Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş dörd polis əməkdaşı var. Azərbaycan Bayrağı ordeni ilə təltif olunmuş çoxsaylı polis əməkdaşları fəaliyyətlərini davam etdirirlər.Düşünürəm ki, Azərbaycan polisinin bu qəhrəmanlıq salnaməsini nə dövlət, nə də xalq heç vaxt unutmayacaq. Lakin bu tarixləri mütəmadi olaraq xatırlatmaq vacibdir. Xüsusilə televiziya və digər informasiya vasitələrində bu mövzulara daha çox yer verilməlidir ki, həm yaddaşlar təzələnsin, həm də yeni nəsil üçün örnək formalaşsın.
Şəmsəddin Əliyev əlavə edib ki, bu gün Azərbaycan polisi dövlətin cinayətkarlıqla mübarizə siyasətinin formalaşdırılmasında müasir dövrün tələblərinə uyğun şəkildə iştirak edir və bu missiyanı ləyaqətlə yerinə yetirir. Polis dövlətçiliyin görünən dayağı, vətəndaş təhlükəsizliyinin təminatçısıdır.Bu fürsətdən istifadə edərək çoxminli polis əməkdaşlarını peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edirəm. Keçmiş polis veteranı, müharibə veteranı və istefada olan polis polkovniki kimi Qarabağ uğrunda döyüşlərdə iştirak etmiş bütün insanlara, şəhidlərimizin ruhuna, qazilərimizə və qəhrəmanlıq nümunəsi göstərmiş hər kəsə dərin ehtiramımı bildirirəm.Allah Azərbaycan xalqına və dövlətinə daim aydın səma nəsib etsin. Bir daha müharibə və barıt qoxusu torpaqlarımıza gəlməsin. Ordumuz güclü, dövlətimiz qüdrətli, sabitliyimiz isə daimi olsun.
Bir məqamı da xüsusi vurğulamaq istəyirəm. Bu gün Bakı şəhəri beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Bu isə yalnız ölkədə davamlı sabitliyin və yüksək təhlükəsizlik səviyyəsinin nəticəsidir. Əgər vətəndaşların, xarici qonaqların və diplomatik nümayəndəliklərin təhlükəsizliyi etibarlı şəkildə təmin olunmasaydı, nə COP29, nə də digər mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi mümkün olardı. Xarici ölkələrin diplomatik nümayəndəlikləri də ölkədəki təhlükəsizlik mühiti barədə öz dövlətlərinə müsbət məlumatlar təqdim edirlər və bu da Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır.Bu baxımdan tam əminliklə demək olar ki, ictimai asayiş və təhlükəsizlik etibarlı əllərdədir.
Onu da qeyd etmək istərdim ki, Daxili İşlər Nazirliyinin 2025-ci ilin əvvəlində keçirilən kollegiya iclasında bildirildi ki, 2024-cü illə müqayisədə cinayətlərin qeydiyyatında təxminən 3 min fakt azalma müşahidə olunub. Belə ki, 2024-cü ildə 34 minə yaxın cinayət qeydə alındığı halda, 2025-ci ildə bu göstərici 31 min 800 olub. Bundan başqa, 300-ə yaxın mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib və yüzlərlə şəxs cinayət məsuliyyətinə cəlb olunub.Bütün bunların arxasında böyük zəhmət, gecə-gündüz aparılan əməliyyat-axtarış fəaliyyəti və polis əməkdaşlarının fədakar xidməti dayanır. Polis həqiqətən də 24 saat çalışan, xalqın təhlükəsizliyini təmin edən müqəddəs və şərəfli bir peşənin daşıyıcısıdır.Bu, Azərbaycan xalqının təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən kompleks tədbirlərin ən bariz nümunəsidir.
Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyevin Azərbaycan polisinin fəaliyyətini qiymətləndirərkən hesab edir ki, məsələyə ilk növbədə hüquqi dövlət prinsipləri prizmasından yanaşmaq lazımdır. Polis haqqında danışarkən diqqət çox vaxt yalnız cinayətkarlıqla mübarizəyə yönəlir.
Halbuki polisin missiyası bundan qat-qat geniş, çoxşaxəli və çoxqatlı funksiyaları əhatə edir. Polis dövlətin təhlükəsizlik siyasətini gündəlik həyatda həyata keçirən, onun praktik tətbiqini təmin edən əsas təsisatlardan biridir.Vətəndaşın dövlətlə ən çox təmasda olduğu qurumlardan biri, bəlkə də birincisi məhz polisdir. Təkcə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə gün ərzində minlərlə, il ərzində isə milyonlarla müraciət daxil olur. Hələ polisin ərazi qurumlarına, bölmələrinə, sahə müvəkkillərinə edilən müraciətləri demirəm. Polis əməkdaşları hər gün minlərlə insanla ünsiyyətdə olur və onların problemlərinin həllinə çalışırlar.Polisə yalnız təhlükəsizlik məsələləri ilə bağlı deyil, müxtəlif problemlərlə əlaqədar müraciət edilir. Çünki cəmiyyət polisdə etibar və güvən görür. Məhz buna görə də vətəndaşın polis haqqında formalaşdırdığı fikir müəyyən mənada onun dövlət haqqında təsəvvürünün də mühüm bir hissəsini təşkil edir.Təhlükəsizliyin əhəmiyyəti çox vaxt onun pozulduğu anlarda daha dərindən hiss olunur. İnsan öz həyatı və təhlükəsizliyi ilə bağlı problem yaşadığı zaman bu dəyərin nə qədər vacib olduğunu anlayır. Buna görə də təhlükəsizlik cəmiyyət üçün ən mühüm nemətlərdən biridir, baxmayaraq ki, insanlar bunu hər zaman hiss etmirlər.
Ə.Nuriyevin sözlərinə görə, biz hər gün evimizdən rahat çıxır, övladlarımızı məktəbə aparır, gecələr arxayın yatır və istənilən vaxt küçəyə çıxa bilirik. Bu bizə adi görünür. Lakin həmin rahatlığın arxasında gecə-gündüz çalışan böyük bir dövlət sistemi dayanır. Həmin sistemin əsas dayaqlarından biri də Azərbaycan polisi və daxili işlər orqanlarıdır.Polis əməkdaşlarının 24 saat fasiləsiz xidmət aparması sadəcə peşənin tələbi deyil, bu, dövlətin təhlükəsizliyə münasibətinin və təhlükəsizlik fəlsəfəsinin təzahürüdür. Cinayət, qəza, fövqəladə hadisə və ya vətəndaşın köməyə ehtiyacı vaxt seçmir. Deməli, dövlətin reaksiyası da vaxt seçə bilməz. Məhz buna görə polis xidməti fasiləsizdir. Hesab edirəm ki, vətəndaşın özünü təhlükəsiz hiss etməsinin ən mühüm təminatlarından biri də budur.Bu gün polisin fəaliyyəti əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb şəraitdə həyata keçirilir. Bir neçə gün əvvəl Azərbaycan Polisi Akademiyasında keçirilən buraxılış mərasimində Vilayət Eyvazov tərəfindən də vurğulandığı kimi, müasir dövr əvvəlkilərdən qat-qat mürəkkəbdir. Kibercinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri, məişət zorakılığı, internet üzərindən törədilən cinayətlər və digər yeni təhlükələr hüquq-mühafizə orqanlarından, o cümlədən polisdən yeni yanaşmalar tələb edir.Müasir polis əməkdaşı təkcə qanunvericiliyi mükəmməl bilməklə kifayətlənməməlidir. O, eyni zamanda müasir texnologiyaları mənimsəməli, analitik düşüncə qabiliyyətinə malik olmalı, vətəndaşlarla sağlam ünsiyyət qurmağı bacarmalı və qəbul etdiyi hər bir qərarın hüquqi nəticələrini dərindən qiymətləndirməlidir.İctimai fəaliyyətim dövründə müxtəlif bölgələrdə vətəndaşlarla görüşlər keçirmiş, sorğular və müzakirələr aparmışıq. Həmin görüşlərdən çıxardığım əsas nəticə ondan ibarətdir ki, vətəndaş polisi qiymətləndirərkən yalnız görülən işin nəticəsinə deyil, ona göstərilən münasibətə də diqqət yetirir. İnsan dinlənildiyini, müraciətinə obyektiv yanaşıldığını və qərarın qanun və ədalət prinsiplərinə uyğun qəbul edildiyini gördükdə, dövlətə olan inamı daha da möhkəmlənir.Bu baxımdan vətəndaş qəbulları xüsusi əhəmiyyət daşıyır. Yerlərdə insanların problemlərini dinləmək, onların fikir və təkliflərini öyrənmək, narahat edən məsələləri müəyyənləşdirmək hüquq-mühafizə orqanlarının fəaliyyətinin ayrılmaz hissəsidir. İnsanları dinləmək, onların problemlərinə həssas yanaşmaq və ədalətli qərarlar qəbul etmək polisin bütün səviyyələrdə əsas fəaliyyət prinsiplərindən biri olmalıdır.
Məncə, müasir polis fəaliyyətində peşəkarlıq qədər etik davranış, insan hüquq və azadlıqlarına hörmət və vətəndaşla sağlam ünsiyyət də böyük əhəmiyyət kəsb edir. İnsan hüquq və azadlıqlarının qorunması hüquq-mühafizə orqanlarının ən mühüm vəzifələrindən biridir.
Ekspert əlavə edib ki, bəzən polisin fəaliyyətini yalnız statistik göstəricilərlə qiymətləndirməyə çalışırıq. Şübhəsiz ki, statistika vacibdir. Çünki hər bir rəqəmin arxasında görülən iş, qarşısı alınmış təhlükə və insanların təhlükəsizliyi dayanır. Lakin hesab edirəm ki, polisin uğurunu müəyyən edən əsas meyarlardan biri də cəmiyyətin özünü nə dərəcədə təhlükəsiz hiss etməsidir.Təhlükəsizlik hissi güclü olan cəmiyyətdə dövlətə etimad da güclü olur. Bu etimad isə inzibati göstərişlə deyil, qanuna sadiq xidmətin, peşəkarlığın, obyektiv qərarların və cəmiyyətlə açıq dialoqun nəticəsində formalaşır.Bu gün Azərbaycan cəmiyyəti özünü təhlükəsiz hiss edir. İnsanlar günün və gecənin istənilən saatında sərbəst hərəkət edə bilirlər. Bunun üçün zəruri infrastruktur mövcuddur və həmin sistemin təhlükəsizliyini təmin edən, problemlərə operativ reaksiya verən Azərbaycan polisi vardır.Azərbaycan polisinin tarixində Vətən müharibəsi xüsusi yer tutur. Həmin günlər göstərdi ki, polis əməkdaşı yalnız ictimai asayişi qoruyan şəxs deyil, eyni zamanda dövlətin ərazi bütövlüyü uğrunda döyüşən, Vətən naminə canından keçən fədakar vətəndaşdır. Şəhid olmuş 13 polis əməkdaşının qəhrəmanlığı təkcə polis tarixinin deyil, müasir Azərbaycan dövlətçiliyinin də şərəfli səhifələrindən biridir.Onların fədakarlığı polis peşəsinin nə qədər böyük məsuliyyət, vətənpərvərlik və sədaqət tələb etdiyini bir daha nümayiş etdirir.Hesab edirəm ki, müasir Azərbaycan polisinin əsas missiyası yalnız hüquq qaydasını qorumaqdan ibarət deyil. Onun əsas vəzifəsi Konstitusiyanın aliliyini təmin etmək, insan hüquq və azadlıqlarını qorumaq, ictimai sabitliyi möhkəmləndirmək və dövlətlə vətəndaş arasında qarşılıqlı etimadı gücləndirməkdir.
Ə. Nuriyev qeyd edib ki, güclü polis, ilk növbədə, qanuna sadiq olan, cəmiyyətin etimadını qazanan və hər bir vətəndaşa ədalətlə yanaşan polisdir.Fürsətdən istifadə edərək, Azərbaycan Polisi Günü və Azərbaycan polisinin yaradılmasının 108 illiyi münasibətilə bütün polis əməkdaşlarını təbrik edirəm. Şəhid olmuş qəhrəman polis əməkdaşlarının əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm can sağlığı arzulayıram.İnanıram ki, Azərbaycan polisi bundan sonra da qanunun aliliyinə sadiq qalaraq, dövlətimizin təhlükəsizliyinin, ictimai sabitliyinin və vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsini yüksək peşəkarlıq və məsuliyyət hissi ilə davam etdirəcəkdir.Çünki güclü dövlətin əsas şərtlərindən biri güclü hüquq-mühafizə sistemidir. Həmin sistemin ən möhkəm dayaqlarından biri isə cəmiyyətin etimadını qazanmış polis institutu və daxili işlər orqanlarıdır.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikrincə, Azərbaycan polisinin cəmiyyətdəki rolunu qiymətləndirərkən yalnız cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması prizmasından yanaşmaq kifayət deyil.
Mehriban Zeynalovanın sözlərinə görə, Son illər polisə edilən müraciətlərin xarakteri göstərir ki, vətəndaşlar polisi təkcə hüquq-mühafizə orqanı kimi deyil, eyni zamanda çətin vəziyyətdə ilk müraciət etdikləri dövlət qurumlarından biri kimi qəbul edirlər.Bu gün məişət zorakılığı halları, insan alveri, itkin düşən və ya nəzarətsiz qalan uşaqlar, küçədə köməksiz vəziyyətdə olan ahıllar, psixoloji böhran keçirən şəxslər, ailədaxili münaqişələr, eləcə də bir çox hallarda birbaşa polis səlahiyyətinə aid olmayan sosial problemlərlə bağlı belə ilk zəng məhz polisə edilir. Bu, vətəndaşların polisə olan etimadının və onu etibarlı dövlət institutu kimi görməsinin göstəricisidir.
M. Zeynalova əlavə edib ki, əlbəttə, bu müraciətlərin hamısının həlli polisin səlahiyyətinə daxil deyil. Bir çox hallarda sosial xidmətlər, səhiyyə, qəyyumluq, yerli icra hakimiyyəti, psixoloji dəstək və digər aidiyyəti qurumların müdaxiləsi tələb olunur. Lakin məhz polis hadisə yerinə ilk çatan qurum kimi vəziyyəti qiymətləndirir, riskləri azaldır və vətəndaşı müvafiq xidmətlərə yönləndirir. Bu baxımdan polisin koordinasiyaedici və istiqamətləndirici rolu getdikcə daha çox ön plana çıxır.
Mehriban Zeynalova qeyd edib ki, Polis eyni zamanda vətəndaş yönümlü xidmət göstərən, qabaqlayıcı tədbirlərə üstünlük verən, rəqəmsal texnologiyalardan istifadə edən, insan hüquq və azadlıqlarının qorunmasını fəaliyyətinin əsas prinsiplərindən biri kimi qəbul edən müasir hüquq-mühafizə institutudur. Cəmiyyətlə əməkdaşlıq, şəffaflıq, peşəkarlıq və qanunun aliliyinə sadiqlik polis-vətəndaş münasibətlərində qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda Vətəndaş cəmiyyəti instutları ilə sabit və dayanaqlı əməkdaşlıq nümunəsini sərgiləyən qurum kimi seçilir.
Bu gün Azərbaycan polisinin qazandığı nüfuz ilk növbədə onun məsuliyyətli xidməti, peşəkarlığı, dövlətə və xalqa sədaqəti ilə formalaşır. Şəhid polis əməkdaşlarının əziz xatirəsi, xidmətdə fərqlənən əməkdaşların fəaliyyəti və təhlükəsizlik naminə gecə-gündüz çalışan polis kollektivinin əməyi dövlətimizin güclənməsinə, vətəndaşların təhlükəsizliyinə və cəmiyyətin sabit inkişafına verilən qiymətli töhfə kimi yüksək dəyərləndirilməlidir.
108 illik şərəfli yolun bugünkü davamçıları olan Azərbaycan polisi və Daxili Qoşunların şəxsi heyəti bir həqiqəti dəyişməz şəkildə sübut edib: onlar yalnız qanunun deyil, həm də dövlətçiliyimizin, milli birliyimizin və Vətənimizin keşiyində dayanan mübariz qüvvədir. Murovun sərt yamaclarında, Şuşanın müqəddəs qayalarında yazılan qəhrəmanlıq salnaməsi, dinc günlərdə küçələrdə və şəhərlərdə qorunan sabitliklə eyni amalın – xalqa xidmət və dövlətə sədaqətin təzahürüdür. Bu gün milyonlarla insanın təhlükəsiz, arxayın və firavan yaşamasının arxasında gecə-gündüz yorulmadan çalışan, lazım gəldikdə isə canını Vətən yolunda fəda edən Azərbaycan polisi dayanır. Elə buna görə də polisə göstərilən hörmət, əslində, dövlətə, Zəfərə və bu müqəddəs torpaqlar uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinə göstərilən ehtiramın ifadəsidir.
Oxu24.com kollektivi Azərbaycan polisini peşə bayramı münasibəti ilə təbrik edir,onlara bu şərəfli yolda uğurlar arzu edir.
Hazırladı- Turan Etibaroğlu
12:58 / 02 İyul 2026
1
12:55 / 02 İyul 2026
25
12:47 / 02 İyul 2026
126
12:47 / 02 İyul 2026
29
12:44 / 02 İyul 2026
34
12:42 / 02 İyul 2026
56
12:40 / 02 İyul 2026
32
12:31 / 02 İyul 2026
54
12:30 / 02 İyul 2026
121
12:24 / 02 İyul 2026
46
12:14 / 02 İyul 2026
42
12:12 / 02 İyul 2026
41
12:09 / 02 İyul 2026
46
12:05 / 02 İyul 2026
352
12:05 / 02 İyul 2026
48
11:59 / 02 İyul 2026
41
11:56 / 02 İyul 2026
225
11:30 / 02 İyul 2026
148
11:26 / 02 İyul 2026
55
11:03 / 02 İyul 2026
58
11:01 / 02 İyul 2026
888
11:01 / 02 İyul 2026
69
10:58 / 02 İyul 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.