Audiovizual Şura telekanalllarla bağlı AÇIQLAMA YAYDI
18 Mart 2026, 16:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
604
18.03.2026, 14:57
Yaxın Şərqdə iki həftədən çoxdur davam edən hərbi qarşıdurma artıq yalnız siyasi və hərbi müstəvidə deyil, həm də ekoloji təhlükələr kontekstində ciddi narahatlıq doğurur. Xüsusilə İranda hərbi infrastrukturun və strateji obyektlərin hədəfə alınması regionda yeni və potensial olaraq daha genişmiqyaslı ekoloji risklərin yaranması ehtimalını artırır.
Neft obyektlərinin dağıdılması, hərbi texnikanın yaratdığı çirklənmə, eləcə də mümkün kimyəvi və sənaye tullantılarının ətraf mühitə yayılması torpaq, hava və su resurslarına ciddi təsir göstərə bilər. Bu cür fəsadların isə sərhəd tanımadığı məlumdur. Münaqişənin uzanması təkcə İran üçün deyil, qonşu ölkələr, o cümlədən Azərbaycan üçün də potensial ekoloji riskləri artırır.
Bəs İranda baş verən müharibənin yaratdığı ekoloji problemlər Azərbaycana hansı formada təsir edə bilər? Mövcud risklər nə dərəcədə realdır? Mövzunu ekoloqlar şərh edib.
Oxu24.com-a danışan ekoloq Rövşən Abbasov bildirib ki, hazırda İsrail, ABŞ və İran arasında davam edən hərbi qarşıdurma ətraf mühit üçün ciddi risklər yaradır:
“Hərbi əməliyyatlar zamanı istifadə olunan raketlər və müxtəlif hərbi texnikalar havaya böyük miqdarda tüstü, toz və zərərli qazların buraxılmasına səbəb olur. Nəticədə havanın çirklənməsi baş verir və atmosferdə kükürd dioksidi və azot oksidləri kimi maddələrin miqdarı artır. Bu qazlar atmosferdə su buxarı ilə reaksiyaya girərək turşulu yağışların yaranmasına şərait yaradır. Turşulu yağışlar torpağın kimyəvi tərkibini dəyişdirə, bitkilərə zərər verə və su hövzələrində yaşayan canlıların həyatını təhlükə altına qoya bilər.
Hərbi əməliyyatlar zamanı enerji və sənaye infrastrukturlarının, xüsusilə də neft obyektlərinin zədələnməsi dəniz mühiti üçün ciddi təhlükə yaradır. Fars körfəzi kimi strateji və ekoloji baxımdan həssas bölgədə neft sızmaları dənizin çirklənməsinə gətirib çıxara bilər. Bu isə suyun səthində neft qatlarının yaranmasına, oksigen mübadiləsinin azalmasına və nəticədə balıqların, dəniz quşlarının və digər canlıların məhvinə səbəb ola bilər”.
Ekoloq həmçinin qeyd edib ki, yaranan çirklənmə yalnız bir ölkənin ərazisi ilə məhdudlaşmır:
“Atmosferə buraxılan zərərli maddələr küləklər vasitəsilə digər ölkələrə də yayıla bilər və bu proses transsərhəd çirklənmə adlanır. Belə hallarda çirklənmənin təsiri regiondan kənara çıxaraq daha geniş coğrafiyada havanın keyfiyyətinin pisləşməsinə və ekosistemlərin zədələnməsinə gətirib çıxarır.
Bu cür münaqişələr yalnız siyasi və hərbi deyil, həm də regional və qlobal ekoloji problemlər yaradır. Enerji və sənaye obyektlərinin, o cümlədən neft infrastrukturu və yanacaq anbarlarının zədələnməsi nəticəsində atmosferə böyük həcmdə tüstü və zərərli qazlar buraxılır. Bu maddələr küləklər vasitəsilə region boyunca yayılaraq transsərhəd çirklənmə yarada və müəyyən hallarda Cənubi Qafqaza, o cümlədən Azərbaycana da çata bilər. Bu çirklənmə əsasən Yaxın Şərq dəniz ekosistemlərinə təsir etsə də, qlobal neft nəqli və dəniz mühitinə dolayısı ilə mənfi təsirlər göstərərək ümumi ekoloji balans üçün əlavə risklər yaradır”.
Həmçinin oxuyun
Oxu24.com-a danışan ekoloq mütəxəssis Sadiq Həsənov bildirib ki, İran, İsrail və ABŞ arasında iki həftədən çoxdur davam edən hərbi qarşıdurma ətraf mühitə genişmiqyaslı təsirlər göstərir:
“Hədəfə əsasən neft obyektlərinin alınması ekoloji riskləri daha da artırır. Bildiyimiz kimi, neft karbon və hidrogendən ibarətdir. Onun yanması və partlaması nəticəsində atmosferə böyük həcmdə karbon dioksid, karbon monoksid, kükürd oksidləri və digər karbohidrogen qazları yayılır. Nəticədə çoxlu miqdarda his və tullantılar, xüsusilə PM2.5 və PM10 ölçüsündə xırda zərrəciklər əmələ gəlir. Yaranan bu hissəciklər uzun müddət havada asılı vəziyyətdə qalaraq həm ətraf mühitə, həm də insan sağlamlığına ciddi zərər verir.
Neft obyektlərinin kütləvi şəkildə vurulması təkcə İran daxilində deyil, region ölkələrində də ekoloji vəziyyətə mənfi təsir göstərir. Enerji və yanacaq infrastrukturlarının zərbə altına düşməsi nəticəsində həm quru, həm də dəniz mühiti çirklənir. Dəniz obyektlərinin vurulması isə neftin suya axması ilə nəticələnir ki, bu da su ekosisteminə və torpaq qatına ciddi ziyan vurur”.
S. Həsənov vurğulayıb ki, ən böyük təhlükələrdən biri də nüvə obyektlərinin hədəfə alınması ehtimalıdır:
“İranda uranın zənginləşdirilməsi prosesi aparılır və bu sahədə dəqiq məlumatlar tam açıqlanmır. Xüsusilə Uran-235 izotopunun saxlandığı obyektlərə zərbə dəyərsə, bu, region ölkələri üçün böyük fəlakətə çevrilə bilər. Uran radioaktiv elementdir və onun bəzi izotopları çox uzun müddət — hətta milyonlarla il ərzində aktiv qala bilir. Parçalanma prosesi uzunmüddətli xarakter daşıyır və radioaktiv maddələrin yayılma sürəti əsasən küləyin gücündən asılı olur. Bu maddələr qısa müddətdə geniş ərazilərə yayıla bilər. Məsələn, Çernobıl qəzasından sonra radioaktiv təsirlər qısa müddətdə Belarusda, daha sonra isə Avropanın digər ölkələrində qeydə alınmışdı. Ümid edirik ki, qarşıdurma uzun çəkməyəcək. Bu cür hadisələr həm ekoloji fəsadlara, həm də iqtisadi nəticələrə səbəb olur. Xüsusilə Hörmüz boğazının bağlanması ehtimalı neft qiymətlərinə təsir göstərir və regionda həm əhali, həm də təbiət üçün ciddi risklər yaradır.
Beləliklə, Yaxın Şərqdə baş verən bu qarşıdurma təkcə siyasi xəritəni deyil, həm də regionun ekoloji gələcəyini sual altına qoyur”.
Mehin Mehmanqızı
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq " ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda hazırlanıb.
16:29 / 18 Mart 2026
14
16:16 / 18 Mart 2026
30
16:14 / 18 Mart 2026
108
15:56 / 18 Mart 2026
305
15:50 / 18 Mart 2026
39
15:43 / 18 Mart 2026
54
15:34 / 18 Mart 2026
156
15:23 / 18 Mart 2026
55
15:12 / 18 Mart 2026
54
15:06 / 18 Mart 2026
58
14:52 / 18 Mart 2026
62
14:48 / 18 Mart 2026
47
14:45 / 18 Mart 2026
63
14:34 / 18 Mart 2026
1503
14:32 / 18 Mart 2026
54
14:29 / 18 Mart 2026
73
14:26 / 18 Mart 2026
52
14:24 / 18 Mart 2026
51
14:16 / 18 Mart 2026
77
14:14 / 18 Mart 2026
53
14:12 / 18 Mart 2026
56
13:45 / 18 Mart 2026
502
13:33 / 18 Mart 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.