Azərbaycanda pensiya kapitalı birdəfəyə veriləcək?
20 May 2026, 12:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
60
20.05.2026, 11:49
Əslində Sabir Rüstəmxanlı dünyaya göz açdığı, çırağı haqdan yanan o balaca qartal yuvası ev, ocaq, böyüdüyü, qol-qanad açdığı kənd, o taylı, bu taylı böyük Azərbaycan, qüdrətli, nəhəng Türk dünyası və nəhayət, ucsuz-bucaqsız kainatımızın özü boyda bir coğrafiyadır, silinməz, bölünməz bir xəritədir, yeriyən, yürüyən Vətəndir.
Sabir Rüstəmxanlı əbədidir.
Biz Sabir bəyin bənzərsiz, dillər əzbəri olan şeirləriylə, sözlərinə yazılmış nəğmələrlə böyümüşük, pərvazlanmışıq, o uzaq dağ kəndlərindən bu adın, bu odun işığını tutub gəlmişik.
Sabir Rüstəmxanlının bənzərsiz yaradıcılığı, şəxsiyyəti, Azərbaycan uğrunda mübarizə dolu həyatı gəncliyimiz üçün, şəxsən mənim üçün nümunə olmuşdur.
Yaxşı yadımdadır, ağır və təlatümlü 90-cı illərin əvvəllərində Kürdəmir rayon prokurorluğunda çalışırdım. Bir nəfər barəsində aparılan araşdırma ilə əlaqədar yanıma gəlmişdi. Hüquqlarının pozulduğunu və buna heç bir əhəmiyyət verilmədiyindən gileyləndi. Arada Sabir Rüstəmxanlının yerlisi olduğumu öyrəndiyini və ədalətə böyük ümid bəslədiyini bildirdi. Etiraf edim, Sabir bəyə olan bu böyük hörmət, ehtiram, sonsuz sevgi məni çox təsirləndirdi, ürəyimi fərəh, qürur hissiylə doldurdu. Elə bil böyük məsuliyyət dolu imtahan qarşısandaydım. O işi diqqətlə, ədalətli şəkildə araşdırdım. Şikayətçi araşdırmanın nəticəsindən məmnun qaldı və razı halda sağollaşıb getdi.
Mingəçevir şəhərində, Füzuli rayonunda və Baş Prokurorluqda çalışdığım vaxtlarda da oxşar hadisələrin şahidi oldum. Dəfələrlə Sabir Rüstəmxanlının adını deyib haqq, ədalət soraqlayanların hayına, harayına çatdım.
İllər uzunu qazanılan bu halal, təmənnasız sevgi, ehtiram, xalq məhəbbəti həm də Sabir bəyi yetirən o uzaq dağ kəndinə olan ehtiram, məhəbbət idi.
… 2000-ci illərin əvvəllərində Rusiyanın Yeleznovodsk şəhərindəki “Telman” sanatoriyasında müalicə alırdım. Qaldığım mərtəbənin dəhlizində yaşlı bir qadınla tez-tez rastlaşırdım. Ayaqlarında problem var idi. Həmişə ona pilləkənləri düşməkdə kömək edirdim. Rus dilli idi və simasından onu qeyri millətlərdən bilirdim. Bir dəfə söhbətlərimiz əsnasında mənə Bakılı olduğunu bildirdi. Bu söhbətdən bir neçə gün sonra təsadüfən sanatoriyanın həyətində Məmməd İsmayılla rastlaşdıq. Salamlaşdım və bildirdim ki, 80-ci illərdə Azərbaycan Dövlət Universitetində tələbələrlə görüş zamanı onun yaradıcılığı haqqında çıxış etmişəm.
Həmin vaxtlar o, “İşıq” nəşriyyatının direktoru idi və mən onun yaradıcılığı barədə edəcəyim çıxışla əlaqədar bir neçə dəfə şairin xidməti otağında onunla həmsöhbət olmuşdum. O, məni tanıdı və köhnə dostlar kimi qucaqlaşıb görüşdük. Məmməd müəllim söylədi ki, o da Yesentuku şəhərində müalicə alır və bura həyat yoldaşı ilə görüşməyə gəlib.
Bir azdan mənim kömək etdiyim qadın asta addımlarla bizə yaxınlaşdı. Onlar görüşdülər və o, həmin qadını mənimlə tanış etmək istəyəndə, qadın bildirdi ki, Məmməd, narahat olma, biz tanışıq və bu cavan oğlan həmişə mənə yardımçı olur. Həmin vaxt bildim ki, həmin qadın Məmməd müəllimin həyat yoldaşıdır. Məmməd müəllimlə söhbət əsnasında Yardımlıdan olduğumu biləndə çöhrəsinə xoş təbəssüm qondu. Dedi ki, oğul, sən mənim böyük dostum Sabir Rüstəmxanlının həmyerlisisən, dağlar oğlusan. başqa cür ola bilməzsən.
Belə xatirələrim çoxdu və düşünürəm ki, böyük insanlar haqqında nə yaxşı ki xatirələrim var.
Musa Yaqub, Seyran Səxavət, Zəlimxan Yaqub, Mətləb Misir, İntiqam Mehdizadə, Zülfüqar Şahsevənli, Tofiq Hüseyn və neçə-neçə başqa ədəbiyyat adamları və ictimai xadimlərlə görüşlərimizdə söhbətimizin ana xətti yenə də Yardımlı, yenə də Sabir Rüstəmxanlı olub. Bu illər ərzində tam əmin olmuşam ki, Sabir bəy özünün şərəfli və nümunəvi həyat yolu ilə həm də bizim dəyişməz və əbədi ünvanımız olub.
...70-ci illərdə ucqar və uzaq Yardımlının dağlara söykənən balaca kəndlərində göy üzü kimi saf, təmiz kövrək uşaqlar böyüyürdü. Həmin vaxtlar kəndimizdə cəmi bir neçə adamın evində ağ-qara televizorlar var idi. Sabir bəy verilişlərdə çıxış edərkən bütün kənd adamları, o cümlədən biz uşaqlar televizorlu evlərə qaçışardıq, onun çıxışlarını həsrətlə, məhəbbətlə izləyərdik. Həmin vaxtlar Sabir bəyin şeirləri çıxan qəzetlər əldən - ələ, evdən - evə, kənddən - kəndə gəzərdi. Onun kitablarını əldə edən, özünü görən uşaqlar isə ən xoşbəxt uşaqlar idilər.
Mən xoşbəxtəm ki, Sabir bəyin döğulub boya-başa çatdığı Hamarkənd orta məktəbinin məzunu olmuşam, balaca və kasıb görünməyinə baxmayaraq, dünyanın ən böyük evlərindən biri saydığım onun ata yurdundakı evlərində dəfələrlə qonaq, qardaşlarından biri ilə sinif yoldaşı, biri ilə tələbə yoldaşı, digər qardaşları ilə də dost olmuşam.
Tale elə gətirib ki, mən də Sabir adını daşıyıram və adımla fəxr edirəm. Dünyada Sabir adında iki böyük şairim var: Mirzə Ələkbər Sabir və Sabir Rüstəmxanlı. Bütün bunlara görə də çox xoşbəxtəm.
Əziz qardaşım, 80 yaşın mübarək! Sən əbədiyyət yolçularından birisən. Həmişə yoldasan... Özün də sonu görünməyən bir yolsan. Sən həm də bütöv Azərbaycanımızın bir parçası, ürəyinin dayanmayan daim həssas, titrək, döyünən, duyğulu damarısan.
... “Ömür kitabı”ndakı suallar mənim də ömür yoluma işıq saçıb. “Baba yurdu müqəddəs əmanətdir! Onu necə qoruyursan, üstündə hansı ürəklə yaşayırsan, öz ömrünlə onun ömrünə nə calayırsan? Onun oğlu olmağa layiqsənmi?”
Mən də bu sualların cavabını axtara-axtara yollara çıxdım, mənalı bir ömür yaşadım. Məndən sonra gələn cığırlara, yollara çıxacaq övladlarım, nəvələrim var. Deməli, “Ömür kitabı”nın yeni-yeni səhifələri bizdən sonra gələn nəsillərin əlləriylə yazılacaq hələ.
Özün nə gözəl demisən:
Ümidlər könlümlə qoşa boy atan,
Əzablı günüm də bal dadır, nədir?
Sədası Cənubu Şimala qatan
Ən böyük sevincim hələ öndədir.
Dərin hörmət və ehtiramla: Sabir Abdin
20.05.2026.
Həmçinin oxuyun
12:58 / 20 May 2026
14
12:52 / 20 May 2026
20
12:50 / 20 May 2026
25
12:46 / 20 May 2026
26
12:42 / 20 May 2026
32
12:33 / 20 May 2026
345
12:32 / 20 May 2026
34
12:13 / 20 May 2026
38
12:02 / 20 May 2026
59
11:59 / 20 May 2026
52
11:40 / 20 May 2026
247
11:37 / 20 May 2026
59
11:34 / 20 May 2026
160
11:32 / 20 May 2026
56
11:31 / 20 May 2026
63
11:30 / 20 May 2026
56
11:18 / 20 May 2026
588
11:06 / 20 May 2026
64
11:03 / 20 May 2026
74
10:59 / 20 May 2026
60
10:47 / 20 May 2026
51
10:43 / 20 May 2026
64
10:39 / 20 May 2026
61
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.