Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ-da aliment borcu olanların pasportu ləğv edilir: Bu qayda Azərbaycanda tətbiq oluna bilərmi?   

ABŞ-da aliment borcu olanların pasportu ləğv edilir: Bu qayda Azərbaycanda tətbiq oluna bilərmi?   

HÜQUQ

131

20.05.2026, 12:58

Uşaqların aliment təminatı bütün dünyada ən aktual məsələlərdən biri olaraq qalır. Bir çox ölkələr aliment borcunu yığmaq üçün ən sərt üsullara əl atırlar. Bu sahədə ən diqqətçəkən mexanizmlərdən biri isə ABŞ-da tətbiq edilir.

Oxu24.com xəbər verir ki, hüquqşünas Ellada Bayramova ABŞ-da tətbiq edilən sərt aliment sisteminin mahiyyəti, digər ölkələrin təcrübəsi və bu sistemin Azərbaycanda tətbiqinin mümkün müsbət və mənfi tərəfləri barədə danışıb.

Hüquqşünas bildirib ki, ABŞ-da tətbiq edilən bu sistem şəxsi cəzalandırmaq deyil, uşağın hüquqlarını qorumaq məqsədi daşıyır:

“ABŞ qanunvericiliyinə görə, aliment borcu 2500 dollardan çox olan şəxslərin məlumatları dərhal Dövlət Departamentinə ötürülür. Həmin şəxslərə yeni pasport verilmir, mövcud pasportun müddəti uzadılmır. Hətta son qərarlara əsasən, dövlət artıq borcluların aktiv pasportlarını da ləğv etməyə başlayıb. Yəni borcu ödəməyən şəxs ölkədən kənara çıxa bilmir”.

Digər ölkələrdə vəziyyət necədir?

Dünyanın müxtəlif ölkələrində aliment borclularına qarşı fərqli məhdudiyyətlər var:

Məsələn, Kanadada sürücülük vəsiqəsi və bəzi lisenziyalar dondurulur, pasport xidmətlərinə məhdudiyyət qoyulur.

Böyük Britaniyada bank hesabları bloklanır, hətta borclunun həbs edilməsi mexanizmi var.

Avstraliyada ölkədən çıxışın qadağan edilməsi" qərarı ilə borclunun xaricə getməsinin qarşısı kəsilir.

Avropa ölkələrində (Fransa, Almaniya) insan hüquqları və sərbəst hərəkət azadlığı prinsiplərinə görə pasportun ləğvi nadir haldır. Lakin maaşdan məcburi tutulmalar və əmlakın həbsi çox sərt şəkildə icra olunur.

Beynəlxalq hüquq nə deyir?

Məsələnin beynəlxalq hüquqi tərəflərinə toxunan E.Bayramova qeyd edib ki, BMT-nin Uşaq Hüquqları Konvensiyası uşağın maddi təminatını valideynin əsas öhdəliyi hesab edir. Digər tərəfdən isə Avropa İnsan Hüquqları Konvensiyası sərbəst hərəkət hüququnu qoruyur. Burada əsas prinsip "proporsionallıq"dır, yəni dövlət tətbiq etdiyi məhdudiyyətdə həddi aşmamalı, uşağın marağı ilə valideynin hüquqları arasında balans tapmalıdır.

Hazırda Azərbaycanda aliment borclularına qarşı maaşdan tutulma, bank hesablarının bloklanması, əmlaka həbs və ölkədən çıxışa qadağa kimi tədbirlər var. Bəs ABŞ-dakı kimi pasportun tam ləğvi mexanizmi bizdə tətbiq olunsa, nə baş verər?

Hüquqşünas bu addımın həm müsbət, həm də mənfi tərəflərini qeyd edib:

“Xüsusilə xaricdə biznesi olanlar və tez-tez səyahət edənlər məcbur qalıb borcu bağlayarlar. İcra sisteminin effektivliyi artar, qərarlar kağız üzərində qalmaz. Mənfi tərəflərindən danışsaq, qeyd edə bilərəm ki, sərbəst hərəkət hüququnun tam məhdudlaşdırılması ciddi hüquqi mübahisələr yarada bilər.

Azərbaycanda bir çox aliment ödəyicisi Rusiya, Türkiyə və ya Avropada işləyib pul qazanır. Onların pasportunu ləğv etmək işləmək imkanını əlindən almaq deməkdir ki, bu da alimentin ödənilməsini tamamilə qeyri-mümkün edə bilər. Sistem bərabər tətbiq olunmazsa, bu mexanizm inzibati təzyiq alətinə çevrilə bilər.

Azərbaycan üçün ən optimal model hansıdır?

Hüquqşünas Ellada Bayramova hesab edir ki, Azərbaycan üçün pasportun birbaşa ləğvi yox, daha mülayim və ədalətli bir model seçilməlidir:

“Bizim üçün ən yaxşı yol mərhələli sistemdir. Pasport məhdudiyyəti yalnız böyük məbləğli və uzunmüddətli borclara, həm də mütləq məhkəmə qərarı ilə tətbiq edilməlidir. Xaricdə işləyənlər üçün xüsusi istisnalar olmalı, şəxs borcu hissə-hissə ödəməyə razılaşdıqda məhdudiyyətlər götürülməlidir. Tam pasport ləğvindən ziyada, gəlirlərin şəffaf müəyyən edilməsi və rəqəmsal maliyyə nəzarətinin gücləndirilməsi daha real nəticə verər”.

Çimnaz Telmanqızı