Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan qlobal proseslərin önündə: WUF13 Forumunun dünyaya diplomatik MESAJLARI  

Azərbaycan qlobal proseslərin önündə: WUF13 Forumunun dünyaya diplomatik MESAJLARI  

WUF13

48

22.05.2026, 13:25

Bakı qlobal güclərin maraqlarının uzlaşdığı və təhlükəsizliyin tam təmin olunduğu strateji məkana çevrilib.

BMT Baş katibinin müavini Amina Mohammedin mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi və Ümumdünya Şəhərsalma Forumunun (WUF13) ölkəmizdə yüksək səviyyədə keçirilməsini xüsusi vurğulaması, Azərbaycanın beynəlxalq arenada növbəti böyük diplomatik qələbəsidir.

Bu mühüm hadisə və forumun daxili-xarici siyasi mesajları barədə Strateji Planlaşdırma və Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri, politoloq Azad Məsiyev Oxu24.com-a geniş açıqlama verib.

Politoloq Azərbaycanın qlobal siyasətdəki yerini, iqtisadi və infrastruktur uğurlarını ən xırda detallarına qədər təhlil edib.

Azad Məsiyev bildirib ki, Azərbaycan xəritədə ərazi baxımından kiçik bir dövlət kimi görünsə də, xarici siyasət miqyasına və qlobal proseslərə təsir imkanlarına görə nəhəng bir gücə çevrilib:

"Azərbaycan bu gün qlobal proseslərin sadəcə iştirakçısı deyil, həm də onların önündə gedən aparıcı dövlətdir. Coğrafi baxımdan ölkəmiz Şərqlə Qərbin qovuşduğu çox strateji bir məkanda yerləşir. Xüsusilə Cənubi Qafqaz regionu qlobal nəhənglərin maraqlarının toqquşduğu bir yerdir. Lakin cənab Prezident İlham Əliyevin yürütdüyü dahi və uzaqgörən siyasət nəticəsində bu qlobal güclərin toqquşma ehtimalı olan maraqları Azərbaycanda uzlaşdırılır. Bu uzlaşma zəminində isə tam sabit, sarsılmaz bir dövlət formalaşıb”.

Politoloq qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) öz mötəbər tədbirlərini hər ölkəyə etibar etmir. Bunun üçün dövlətin beynəlxalq standartlara cavab verməsi şərtdir:

“BMT o ölkələri seçir ki, orada daxili sabitlik və təhlükəsizlik tam təmin olunsun. Əgər bir dövlətdə anarxiya, xaos, qarşıdurma varsa və sosial vəziyyət gərgindirsə, orada beynəlxalq tədbirin keçirilməsi real deyil. Azərbaycan isə dünyaya tam təhlükəsiz mühit bəxş edir. Ölkəmiz qısa müddətdə həm COP29 kimi qlobal sammiti, həm də hazırda Ümumdünya Şəhərsalma Forumunu (WUF13) yüksək səviyyədə idarə edir. Bu, Azərbaycanın beynəlxalq miqyasda sabitlik rəmzi olmasının sübutudur”.

Azad Məsiyev ölkəmizin daxili iqtisadi gücünü region dövlətləri ilə müqayisə edərək çox mühüm bir məqama toxunub:

"Gəlin ətrafımıza, qonşularımıza baxaq. İstər Rusiya olsun, istər Türkiyə, istərsə də İran, bu ölkələrin heç birində milli valyutanın məzənnəsi sabit deyil, dövlətlər valyutanı sabit saxlamaqda çətinlik çəkir. Həmin ölkələrdə dollar qarşısında ciddi devalvasiya prosesləri gedir. Amma Azərbaycana baxın: uzun müddətdir ki, ölkəmizdə milli valyutanın (manatın) sabitliyi qorunub saxlanılır. Valyutanın sabit qalması Azərbaycan iqtisadiyyatının nə dərəcədə real, güclü və dayanıqlı olduğunun ən bariz göstəricisidir”.

Politoloqun sözlərinə görə, WUF13 forumunun miqyası Azərbaycanın həm də infrastruktur baxımından dünya nəhəngi olduğunu göstərir:

“Foruma 180-dən çox ölkədən nümayəndə heyəti qatılıb. Bakıya gələn ümumi qonaq sayı 45 mindən çoxdur. Bu, sözün həqiqi mənasında nəhəng bir rəqəmdir. Qısa müddətdə bu qədər insanın sosial-ictimai ehtiyaclarını qarşılamaq, onları yüksək komfortla yerləşdirmək və təhlükəsizliyini təmin etmək böyük sosial-infrastruktur standartları tələb edir ki, Azərbaycan dövləti bunun öhdəsindən mükəmməl gəldi. 

Həm COP29-da, həm də bu forumda indiyə qədər qonaqların narahatlığına səbəb olacaq daxili heç bir neqativ və ya kriminal hadisə baş verməyib. Bu, dövlətin hüquqi və sabit statusunun göstəricisidir”.

Dünyadan gələn təbriklər nəyin mesajıdır?

Tədbirin gedişində qonaqlardan və beynəlxalq qurumlardan gələn yüksək təbriklərə toxunan A. Məsiyev bildirib ki, bu, sadəcə nəzakət deyil, görülən işə verilən real qiymətdir:

"Bu təbriklərin arxasında foruma qatılan dövlət başçılarının, siyasi xadimlərin və ictimaiyyətin Azərbaycandakı şəraitdən tam razı qalması dayanır. Bu cür tədbirlər kompleks xarakter daşıyır: bura qonaqların qarşılanması, yerləşdirilməsi, asayişin qorunması və məsələlərin beynəlxalq mətbuatda düzgün işıqlandırılması daxildir. Azərbaycan bu sınaqdan da üzüağ çıxdı. Bu uğur bizim beynəlxalq aləmdə, dünya ictimaiyyəti qarşısında həm qonaqpərvər xalq, həm də qüdrətli dövlət kimi tanınmamızı daha da gücləndirir”.

Son olaraq, politoloq qeyd edib ki, Bakıda keçirilən bu qlobal şəhərsalma layihəsi və BMT rəsmilərinin heyranlığı Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət kursunun məntiqi, uğurlu zəfəridir. Azərbaycan həm təhlükəsizlik, həm iqtisadiyyat, həm də sosial rifah baxımından sabit dövlət olduğunu dünyaya bir daha sübut etdi.

Çimnaz Telmanqızı