Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda mühüm dəyişiklik OLACAQ: Ekspert AÇIQLADI

Bakıda mühüm dəyişiklik OLACAQ: Ekspert AÇIQLADI

CƏMİYYƏT

68

11.11.2026, 13:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son illərdə qlobal miqyasda şəhərsalma və nəqliyyat planlaşdırılmasında insan amilini, piyadaların rahatlığı və təhlükəsizliyini ön planda tutan yanaşmalar üstünlük təşkil edir. Mövcud modern urbanizasiya modelləri küçələrin yalnız nəqliyyat vasitələrinin hərəkəti üçün deyil, eyni zamanda vətəndaşların sərbəst hərəkəti, istirahəti və ictimai məkanlardan faydalanması məqsədilə qurulmasını tələb edir. Lakin paytaxtımız Bakının bir çox ərazilərində dar və yararsız səkilər, piyada səthlərinin avtomobillər tərəfindən zəbt olunması, həmçinin keçidlərin əlçatanlığı ilə bağlı ciddi çətinliklər qalmaqdadır.

Mövzu ilə əlaqədar olaraq nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Oxu24.com-a açıqlama verib. Ekspert bildirib ki, avtomobil mərkəzli sistemdən piyada yönümlü şəhərsalmaya keçid Bakıda tamamilə mümkündür, lakin bunun üçün tədbirlər sistemli xarakter daşımalıdır.

Rauf Ağamirzəyev qeyd edib ki, qeyd edilən yanaşmalar ötən əsrin 60-70-ci illərindən etibarən əvvəlcə Skandinaviya, daha sonra isə qərbi Avropa şəhərlərində müşahidə olunmağa başlayıb. Son on ildə isə inklüzivlik mövzularına daha çox diqqət ayrılır, şəhərin üst məkanları piyadalara, alt məkanları isə avtomobil və digər hərəkət növləri üçün şəraitə ayrılır:

“Bakıda bunu etmək mümkündür, sadəcə bu sistemli halda olmalıdır. Baş planda da, dövlət proqramında da qeyd olunan məqamlar nəzərdə tutulub, yəni insanyönümlü həllərə yer ayrılıb, amma onun icra sürəti və hesabatlılığı təəssüflər olsun ki, hələ ki yoxdur”.

Ekspertin sözlərinə görə, ötən ilin 30 avqustunda dövlət proqramı təsdiq olunub və onun bir bəndi – piyada infrastrukturunun avadanlaşdırılması, səkilərin rəvanlığının təmin olunması kimi məsələlər yer alıb. Nöqtəvi nəzərdən müəyyən həlləri görürük, amma yaxşı olardı ki, mütəmadi bunun hesabatlılığı getsin və bu işlər də görüləndə bir küçənin kəsişməsindən digər küçə kəsişməsinə kimi ilkin mərhələdə görülsün, sonrakı əsas hədəf isə bütün küçələrin sağlı-sollu piyada səkiləri davamlığı təmin olunsun:

“Bakının nüvə hissəsi o qədər də böyük deyil, yəni biz piyada səkilərinin abadlığını təmin edəndən sonra, piyada marşrutun qısalığını təmin edən zebralı, işıqforlu keçidlərin sayını artırandan sonra insanlar artıq piyada hərəkət etməyə daha çox meyl edəcək”.

Rauf Ağamirzəyev vurğulayıb ki, Bakı şəhərinin Baş Planında nəzərdə tutulan əsas istiqamətlərdən biri şəhərin monosentrik modeldən polisentrik modelə keçididir. Bir mərkəz ətrafında formalaşan şəhər strukturunun çoxmərkəzli sistemlə əvəzlənməsi piyada yönümlü küçələrin sayının artırılmasını və şəhərdaxili hərəkət imkanlarının genişləndirilməsini zəruri edir. Bu baxımdan, cari il ərzində İslam Səfərli küçəsinin piyadalaşdırılması müsbət addım kimi qiymətləndirilə bilər. Lakin həmin ərazinin piyada marşrutları ilə tam inteqrasiyası üçün Füzuli küçəsində zolaqlı piyada keçidlərinin və işıqforların quraşdırılması da vacibdir.

Rauf Ağamirzəyev əlavə edib ki, daha geniş perspektivdə şəhərin şimal girişindən başlayaraq Şamaxinka ərazisi, 20 Yanvar dairəsi, Tbilisi prospekti, Cəfər Cabbarlı və İzmiri küçələri, eləcə də Şıxəli Qurbanov küçəsini əhatə edən vahid piyada marşrutunun formalaşdırılması mümkündür. Bunun üçün qeyd olunan istiqamətlərdə piyada səkilərinin yenidən qurulması, onların fasiləsizliyinin təmin edilməsi, təhlükəsiz və əlçatan piyada keçidlərinin sayının artırılması tələb olunur. Belə bir infrastrukturun yaradılması vətəndaşlara şəhərin müxtəlif nöqtələri arasında hərəkət edərkən nəqliyyat vasitəsi seçimini daha sərbəst şəkildə həyata keçirmək imkanı verə bilər.

Ekspertin fikrincə, bu prosesdə şəhər ərazisindən və torpaq resurslarından səmərəli istifadə də mühüm əhəmiyyət daşıyır:

“Xüsusilə, bəzi ərazilərdə universitet və digər ictimai obyektlərin hasarlarının optimallaşdırılması, zəruri hallarda onların əhatə etdiyi sahələrin yenidən təşkili piyadaların hərəkət imkanlarını genişləndirə bilər. Məsələn, Gənclik ərazisində bu cür yanaşmaların tətbiqi ictimai məkanların əlçatanlığını artıra və piyada hərəkətinin fasiləsizliyinə töhfə verə bilər”.

O bildirib ki, piyada infrastrukturunun inkişafı ayrıca həyata keçirilən tədbir kimi deyil, vahid şəhər nəqliyyatı sisteminin tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bu baxımdan, metro, tramvay və şəhərətrafı elektrik qatarları arasında inteqrasiyanın gücləndirilməsi, nəqliyyat növləri arasında rahat keçid imkanlarının yaradılması, vahid və əlçatan ödəniş sisteminin, eləcə də effektiv naviqasiya mexanizmlərinin tətbiqi vacibdir. Belə kompleks yanaşma nəqliyyat əlçatanlığını artırmaqla yanaşı, şəhər mühitinin keyfiyyətinin yüksəldilməsinə, səs-küyün və vizual çirklənmənin azaldılmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edə bilər.

Rauf Ağamirzəyev diqqətə çatdırıb ki, piyada infrastrukturunun keyfiyyətinin artırılması üçün səkilərin hamar və maneəsiz olması, məhəllə girişlərində piyada keçidlərinin səki səviyyəsində təşkil edilməsi, avtomobillərin səkiləri və piyada keçidlərini zəbt etməsinin qarşısını alan fiziki məhdudlaşdırıcı vasitələrin quraşdırılması vacibdir:

“Eyni zamanda, piyada zonalarında və keçidlərdə qanunsuz parklanma hallarına qarşı nəzarət gücləndirilməli, qayda pozuntularına görə müvafiq cərimə mexanizmləri tətbiq olunmalıdır.

Piyada infrastrukturunun genişləndirilməsi avtomobillər üçün parklanma imkanlarının tamamilə aradan qaldırılması demək deyil. Əksinə, şəhərin müxtəlif ərazilərində parklanma tələbatı təhlil edilməli və buna uyğun yeni həllər hazırlanmalıdır. Xüsusilə, şəhərin giriş nöqtələrində Park and Ride (park et və ictimai nəqliyyatla davam et) modelinin tətbiqi məqsədəuyğundur. Bu sistem çərçivəsində sürücülər şəxsi avtomobillərini xüsusi parklanma məntəqələrində saxlayaraq şəhər mərkəzinə ictimai nəqliyyat vasitəsilə hərəkət edə bilərlər. Digər ərazilərdə isə mövcud tələbat nəzərə alınmaqla yerüstü və ya yeraltı çoxmərtəbəli parklanma obyektlərinin yaradılması variantları qiymətləndirilməlidir”.

Çimnaz Telmanqızı