Kök adamlarda bu xəstəlik ola bilər - HƏKİM
25 Sentyabr 2026, 22:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
542
09.07.2026, 15:10
Son illərdə beyin şişlərinin yaranma səbəbləri ilə bağlı aparılan elmi araşdırmaların sayı sürətlə artır. Bu sahədə çalışan alimlər xəstəliyin genetik, ekoloji və həyat tərzi ilə əlaqəli risk faktorlarını müəyyən etməyə çalışırlar. Xüsusilə beyin şişi diaqnozu alan xəstələrin və onların yaxınlarının həkimlərə ünvanladıqları ilk suallardan biri “Bu xəstəlik niyə yarandı?” olur. Təəssüf ki, bu suala hələ də bütün halları əhatə edən dəqiq cavab yoxdur. Bununla belə, elm hər il yeni faktlar ortaya qoyur.
Oxu24.com-a açıqlama verən uzman nevroloq Nailə Ələkbərova bildirib ki, 2025-ci ilin iyul ayında nevrologiya sahəsində nüfuzlu elmi jurnallardan biri olan Annals of Neurology jurnalında dərc edilən yeni tədqiqat hava çirkliliyinin xoşxassəli beyin şişi olan meningiomanın yaranma riskini artırdığını göstərib.
Onun sözlərinə görə, araşdırmada xüsusilə avtomobillərin yaratdığı hava çirkliliyinin insan sağlamlığına təsiri geniş şəkildə qiymətləndirilib.
“Məlum olub ki, nəqliyyat vasitələrinin fəaliyyəti nəticəsində atmosferə yayılan ultrafayn hissəciklər və azot dioksidi (NO₂) kimi çirkləndiricilər uzun müddət yüksək səviyyədə təsir göstərdikdə meningioma riskinin artmasına səbəb ola bilər. Bu nəticə ekoloji faktorların beyin sağlamlığına təsirini bir daha gündəmə gətirib”, – deyə həkim bildirib.
Nailə Ələkbərova qeyd edib ki, meningioma beyni və onurğa beynini əhatə edən qişalardan inkişaf edən, əksər hallarda xoşxassəli hesab olunan şiş növüdür. Lakin xoşxassəli olmasına baxmayaraq, böyüdükcə beyin toxumasına təzyiq göstərərək ciddi nevroloji problemlərə səbəb ola bilər.
“Meningioma uzun müddət heç bir əlamət verməyə bilər. Şiş böyüdükcə baş ağrıları, qıcolmalar, görmə pozğunluqları, yaddaş zəifləməsi, tarazlıq problemləri və ətraflarda zəiflik kimi əlamətlər meydana çıxa bilər. Buna görə də risk faktorlarının mümkün qədər azaldılması xüsusi əhəmiyyət daşıyır”, – deyə mütəxəssis vurğulayıb.
Həkimin sözlərinə görə, hava çirkliliyi bütün hallarda beyin şişi yaradır demək düzgün olmaz. Lakin bu amil risk faktorlarından biri kimi qiymətləndirilir.
“Genetik meyillilik, yaş, hormonal dəyişikliklər və digər səbəblər də meningiomanın yaranmasında rol oynaya bilər. Lakin insanın özü tərəfindən dəyişdirilə bilən risk faktorları arasında hava çirkliliyinə məruz qalmanın azaldılması mühüm yer tutur”, – deyə o bildirib.
Uzman nevroloq insanların gündəlik həyatlarında müəyyən profilaktik tədbirlər görə biləcəklərini də qeyd edib.
“İmkan daxilində şəxsi avtomobildən istifadənin azaldılması, ictimai nəqliyyata üstünlük verilməsi, piyada gəzintilərin artırılması, yaşıllıq ərazilərdə vaxt keçirilməsi və ümumilikdə ekoloji cəhətdən daha sağlam mühitin seçilməsi təkcə beyin sağlamlığı deyil, ürək-damar və tənəffüs sistemi üçün də faydalıdır”, – deyə Nailə Ələkbərova bildirib.
Mütəxəssis vurğulayıb ki, bu sahədə elmi araşdırmalar davam edir və gələcəkdə beyin şişlərinin yaranmasına təsir göstərən digər ekoloji amillər barədə də yeni nəticələrin əldə olunacağı gözlənilir. Onun sözlərinə görə, sağlam həyat tərzi və ətraf mühitin qorunması bir çox xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.
Jalə
08:17 / 28 Sentyabr 2026
2
06:09 / 28 Sentyabr 2026
137
05:49 / 28 Sentyabr 2026
134
05:25 / 28 Sentyabr 2026
153
00:12 / 28 Sentyabr 2026
144
00:09 / 28 Sentyabr 2026
169
23:44 / 27 Sentyabr 2026
5084
23:31 / 27 Sentyabr 2026
104
23:24 / 27 Sentyabr 2026
112
23:06 / 27 Sentyabr 2026
99
23:02 / 27 Sentyabr 2026
439
22:58 / 27 Sentyabr 2026
90
22:55 / 27 Sentyabr 2026
104
22:37 / 27 Sentyabr 2026
863
22:03 / 27 Sentyabr 2026
106
21:49 / 27 Sentyabr 2026
1084
21:30 / 27 Sentyabr 2026
386
21:29 / 27 Sentyabr 2026
79
21:12 / 27 Sentyabr 2026
296
21:06 / 27 Sentyabr 2026
76
21:00 / 27 Sentyabr 2026
164
20:59 / 27 Sentyabr 2026
102
20:47 / 27 Sentyabr 2026
276
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.