Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65254
az

"Onu Ramiz Mehdiyev öldürmüsdü" - SENSASSİON İFADƏ

22:2712 Fevral, 2022
2128
ÖZƏL BÖLÜM
  • A

RAMİZ MEHDİYEV VƏ SİRUS TƏBRİZLİ (və ya 30 illik xatirələrim)

Ramiz Mehdiyevi tənqid atəşinə tutanları gördükcə Sirus Təbrizli yadıma düşür. Allah ona rəhmət eləsin! O, Mehdiyevi sərt şəkildə tənqid edərək bütün vəzifələrindən getdi. İndikilər kimi konyunkturaya xidmət etmədi.

Mən Sirus Təbrizli ilə düz 30 il bundan əvvəl tanış olmuşdum. 1992-ci ilin fevral ayı idi. O, “Açıq-aşkar” verilişini aparırdı. 15 yaşım vardı, 9-cu sinifdə oxuyurdum. Ona məktub yazmışdım. Çox sərt şəkildə.Qısa mahiyyəti bu idi ki, bəsdir də Lenini, Moskvanı söydük, problemlərin çoxu özümüzdədir, qorxağıq, yaltağıq, birləşə bilmirik və s. və i.a.

Ağır dövr idi. Heç hələ Xocalı faciəsi baş verməmişdi. Dövlət yox idi. Hərc-mərclik idi. Çox narahat idim. Buna görə də məktubda içimdən gələn bütün hirsimi tökmüşdüm (darmadağın etmədiyim bir şey qalmamışdı, heç dilə gətiriləsi də deyil indi). Heç inanmırdım da ki, Təbrizli buna reaksiya versin. Amma verdi. Evimizə zəng etdi (nömrəmi məktəbimdən öyrənmişdi). Xeyli danışdıq.

Mart ayında (artıq Xocalı da baş vermişdi, Mütəllibov da istefa vermişdi, aləm dəymişdi bir-birinə) məktəbimizə gəldi, mənimlə və digər fəallarla görüşdü. Sırf onun gəlməsi münasibətilə məktəbimizin girişindən nəhayət ki, Leninin şəklini yığışdırdılar (direktorumuz qatı kommunist idi). Elə ilk görüşdə başa düşdüm ki, Təbrizli Heydər Əliyevin hakimiyyətə gəlməsini dəstəkləyir. Bunu birbaşa demədi, amma siyasi liderlərə verdiyi xarakteristikadan mövqeyi açıq sezilirdi.

Aprel ayında isə Bakı Dövlət Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Prezident yanında Dövlət İdarəçilik Akademiyası) növbəti verilişini çəkdi. Məni çıxartdı akt zalında tələbələrin qarşısına və dedi ki, oxu mənə yazdığın məktubunu. Mən də oxudum. Zal şokda idi. Xeyli çılğın müzakirələr oldu. Dəstəkləyən kim, tənqid edən kim!

Çox çətin dövr idi. Prezident seçkiləri kampaniyası gedirdi. Hələ Şuşa və Laçın getməmişdi, Mütəllibov təkrar hakimiyyətə gəlməyə cəhd etməmişdi. Belə bir anda hər bir ictimai müzakirə geniş rezonans doğururdu. O da ola mənim belə sərt formada qaldırdığım məsələlər. Veriliş efirə gedəndən sonra da həm dəstək, həm də çox sərt tənqidlə üzləşdim…

1992-1993-cü illər ərzində mən Təbrizli ilə bir neçə dəfə görüşdüm. Xeyli fikri mübadiləsi aparırdıq. Fikirlərimiz əsasən üst-üstə düşürdü. Heydər Əliyevin hakimiyyətə gəlməyinin ən düzgün yol olduğu ilə də razılaşmışdım. O, Naxçıvanda olanda İsgəndər Həmidov onu Bakıdan hədələmişdi. Yadımdadır, Sirus bəyin həyat yoldaşına zəng edib narahat olduğumu bildirdm, o da məni sakitləşdirdi.

Bir dəfə məktəbimizdə yaranan problemin müxalifətçi “Yeni Azərbaycan” qəzetində işıqlandırılmasına dəstək verməsini xahiş etmişdim. Məni baş redaktor Xeyrəddin Qocanın yanına göndərmişdi. Material dərc olundu.

Sonra isə 4 iyun hadisələri baş verdi. Böyük həyəcanla izləyirdim. Qanuni hakimiyyətin zorla devrilməsi ilə razı deyildim. Amma eyni zamanda da iqtidarın acizliyi göz qabağında idi. Heydər Əliyev parlamentin spikeri seçiləndə Təbrizliyə zəng edib təbrik etdim. İkinci zəngi isə Surət Hüseynov baş nazir təyin ediləndə etdim. Bunu başa düşmədyimi bildirdim: “Heç qiyamçıdan da baş nazir olar?” Sirus bəy isə dedi ki, bu, siyasətdir, Heydər Əliyev də mahir siyasətçidir, səbrli ol.

Bir müddət sonra isə mənə YAP-ın gənclər təşkilatında qoşulmağımı təklif etdi. Mən isə ona dəfələrlə dediyimi təkrarladım: “Mən siyasətçi olmaq istəmirəm. Hüquqşünas olacağam, partiyaçılıq mənlik deyil”. Növbəti dəfə onu 1994-cü ilin oktyabrında Azadlıq meydanındakı tribunada gördüm. Həmin gün xalqımızın xeyli hissəsi kimi mən də (artıq I kurs tələbəsi idim) dövlət çevrilişinə etiraz və Heydər Əliyevə dəstək mitinqində iştirak etdim. Amma Sirus bəyin özü ilə əlaqə saxlamadım.

İllər keçdi, o, deputat və nazir oldu. Fəaliyyətini izləyirdim, amma əlaqə saxlamırdım. Təhsilimlə məşğul idim. Yalnız 2000-ci ilin sonunda yanına getdim. Magistraturanı bitirmişdim. Bütün göstəricilərimə görə ədliyyə nazirliyinə təyinatla getməli olduğum halda haqqıma girmişdilər. Buna görə də deputat-nazir Təbrizlinin yanına gedib kömək istədim. Məni görməyinə çox şad idi. Kömək etməyə də cəhd etdi, amma alınmadı.

Ədliyyə nazirinin müavini Toğrul Musayevə zəng edib dedi ki, bu uşağın haqqını niyə pozmusuz. O da dedi ki, gəlsin. Getdim. Mənimlə çox sərt danışdı, sonda da dedi ki, ərizəni yaz qəbul edərik səni işə. Mən də cavabımda adekvat olaraq sərt sözlər işlədib ərizə yazmadan çıxıb getdim. Şükür Allaha ki, elə məhz belə də oldu!

Bizim ədliyyə nazirliyinə salamat şəxs işə qəbul olunur və ömürlük hüquqşünas kimi şikəst çıxır oradan! 2000-ci ilin sonunda Təbrizli ilə bir dəfə də görüşdüm. Son görüşümüz idi. Xeyli məsələni müzakirə etdik, ölkəyə dair və s. O zaman Şəkidə insanların geniş etiraz aksiyası olmuşdu, onu da müzakirə etdik. Nazir idi, deputat idi. Amma hiss olunurdu ki, narahat və narazıdır (sonralar bildim ki, Ramiz Mehdiyevlə münasibəti pis idi). Mənə məsləhətlər verdi. Dedi ki, sərt olma, kompromisə getməyi, dil tapmağı bacar, hər şeydə “qanun belədir, vəssalam” şüarı ilə yaşama və s. və i.a.

Bir sözlə, sanki demək istəyirdi ki, mənə oxşama, əziyyət çəkəcəksən həyatda. Bu sözləri həm də elə bil, özü-özünə deyirdi. Amma nə o, nə də mən dəyişmədik. O da həyatda sonadək əziyyət çəkdi, narahat yaşadı. Elə mən də eləyəm! Fərqimiz yalnız onda idi ki, o, artıq Mehdiyevlər kimilərə uduzduğunu başa düşürdü, mən isə optimist idim. Hər şeyin hələ qabaqda olduğu əzmi ilə yaşayırdım.

Onu belə pessimist görmək mənə ağır idi. Buna görə də bir daha görüşməmək qərarını verdim. Sonralar onun nazirliyi (mətbuat və informasiya) ləğv edildi, 2005-ci ildən isə artıq deputat da deyildi. Hər dəfə özümə deyirdim ki, get görüş onunla, amma onu daha da pessimist durumda görmək də istəmirdim. Buna görə də yüksək nailiyyətlər əldə edəndən sonra görüşmək istəyirdim. Sanki ona göstərmək istəyirdim ki, bax, mən kompromislərə getmədən belə bunlara nail oldum, həm mənə, həm də ölkəmizə xeyri oldu. Amma zaman keçdikcə bu əminliyim sarsılırdı.

2013-cü ildə isə o vəfat etdi. Onun çox yaşayacağını düşünürdüm. Sağlam həyat tərzi yaşayırdı, üzürdü və s. Son görüşümüz zamanı mənə demişdi ki, “Hər gün kabab yeyə bilərəm, amma yemirəm, sağlamlıq vacibdir. Qoca olanda əsamı əlimə alıb sənin və digər dostların yanına özüm gəlib-getmək istəyirəm, heç kəsin köməyi olmadan”. 

Ölümü məni çox sarsıtdı. Fiziki deyil, psixoloji səbəblərdən dözə bilmədi. Mehdiyevlər onun aramızdan getməsinə səbəb oldu. Məhz Mehdiyevlər! Kimdir onlar? Yalnız Ramiz Mehdiyev? Xeyr! Əsasən vaxtilə onun əməllərinə göz yumub əlindən öpən, bu gün isə bostanına daşa atanlar! Ramiz Mehdiyev olmaya bilər, amma mehdiyevçilik yaşayır və yəqin ki, hələ çox yaşayacaq bizim cəmiyyətdə.

O ki qaldı bu il 80 yaşı tamam olan Sirus Təbrizliyə, özümü tez-tez danlayıram. Axı niyə getmədim yanına? Görəsən, mənə yenə deyəcəkdi ki, mühitə uyğunlaş və rahat yaşa? Onu bilirəm ki, mən ona indi deyərdim ki, “Siz haqlısız, çox çətindir ölkəmizdə bizim kimilər üçün yaşamaq! Mehdiyevlərin sayı azalmaq əvəzinə, əksinə artır, hərəsi də bir cildə girir. Amma mən də prinsiplərimdən imtina etsəm, onların sırasına daxil olacağam axı! Onlar kimi yaşayıb ölmək istəmirəm. Sizin kimi yaşayıb ölmək istəyirəm…”

Əkrəm Həsənov

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı