“Qırmızı ürəklər” (“Red Hearts”) Xeyriyyə Fondu ölkə üzrə xeyriyyəçilik işlərini davam etdirərək, minlərlə insana müxtəlif yardımlar edir. 2021-ci ilin ilk 6 ayı ərzində 800 nəfərdən artıq Qarabağ müharibəsi qazisinə ümumilikdə 500 min manat məbləğində dəstək göstərilib. Onlara birdəfəlik maddi yardımlarla yanaşı tibbi dəstək, təmir-tikinti işləri, bayramlarda hədiyyə, məişət texnikasının alınması kimi ehtiyacları fond tərəfindən qarşılanıb.
Cari ilin aprel-may ayları fondun təşkilatçılığı ilə “Vətən Bağı” layihəsi həyata keçirilib. Layihə çərçivəsində 1-ci və 2-ci Qarabağ müharibələri zamanı hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağaclar əkiləcək. Hələlik Kürdəmir, Saatlı, Qəbələ və Neftçala rayonlarında olan ağacəkmə aksiyaları zamanı 900-ə yaxın ağac əkilib. Payız mövsümündə analoji tədbirlər digər rayonlarda da keçiriləcək. Ağacəkmə aksiyası PAŞA Holdinqin, Kapital Bank-ın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və yerli İcra Hakimiyyəti orqanlarının dəstəyi ilə həyata keçirilib.
Bundan başqa 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Kapital Bank ilə birgə Daun sindromlu şəxslər üçün “Hər şey mümkündür!” sosial aksiyası keçirilib. Layihə zamanı Daun sindromlu uşaqlar üçün qurama, modellik, inklüziv hərəkət və rəqs, rəsm və gil sənəti, ippoterapiya və pizza hazırlanması kimi təlimlər təşkil edilib. 20 nəfər Daun sindromlu uşaq və yeniyetmənin iştirak etdiyi təlimlərlə bağlı qısa video çarx da hazırlanıb – //youtu.be/KnSmpgpiArI. Layihə Ukraynada keçirilən “Kyiv International Advertising Festival”da iki nominasiya üzrə bürünc medal qazanıb.
İndiyədək “Qırmız ürəklər” tərəfindən 3000-dən artıq əsgər qazi ailəsinə müxtəlif yardımlar göstərilib. Könüllülər qrupu Bakı ilə yanaşı regionlarda da xeyriyyə aksiyaları keçirir, imkansız, çoxuşaqlı ailələri, əlilləri, yaşlı insanları ziyarət edir, onlara ərzaq və gündəlik tələbat məhsulları təqdim edir. Bu günə qədər qrup tərəfindən ölkənin 50-dən artıq rayonunda xeyriyyə aksiyaları təşkil edilib, yüzlərlə aztəminatlı ailələrə yardım göstərilib. Yeni il ərəfəsində isə “Qəhrəmanlarımızın övladları bizə əmanətdir” aksiyası çərçivəsində bütün şəhid övladlarına bayram hədiyyələri təqdim edilib. Bütün sadalanan işlərə 1,5 milyon manatdan artıq vəsait xərclənib.
Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Xeyriyyə Fondu kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir.
Oxu24.com
ŞƏRHLƏR