Qaynar xətt:

(+99450) 247 90 86

BƏƏ-nin gizli hərbi baza qurduğu iddia olunur

BƏƏ-nin gizli hərbi baza qurduğu iddia olunur

DÜNYA

72

06.07.2026, 15:19

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Somalilandın Berbera şəhəri yaxınlığında ABŞ və İsrailin də istifadə edəcəyi hərbi baza inşa etdiyi iddia olunub.

Oxu24.com Fransanın "Le Monde" nəşrinə istinadən xəbər verir ki, Berbera hava limanında hərbi infrastrukturun genişləndirilməsi istiqamətində tikinti işləri davam edir. Peyk görüntülərində genişmiqyaslı torpaq işləri, o cümlədən sursat və yanacaq anbarı kimi istifadə oluna biləcək yeraltı obyektlərin inşası müşahidə olunur.

Nəşr bildirir ki, tikintinin intensivləşməsi İsrailin 2025-ci ilin dekabrında Somalilandın müstəqilliyini tanıması ilə eyni dövrə təsadüf edib. Məqalədə qeyd olunur ki, bu addım İsrailin İranın dəstəklədiyi husilərin fəaliyyət göstərdiyi Yəmən sahillərinə yaxın Ədən körfəzi bölgəsində strateji mövqeyini gücləndirmək planı ilə əlaqəli ola bilər.

Məlumata əsasən, tikinti işləri BƏƏ ilə Somaliland arasında 2017-ci ildə imzalanmış hərbi əməkdaşlıq sazişi çərçivəsində həyata keçirilir. Nəşrin təhlükəsizlik mənbələri iddia edir ki, obyekt ABŞ və İsrailin maraqlarına da xidmət edəcək. Bununla belə, tərəflər belə üçtərəfli əməkdaşlığın mövcudluğunu rəsmi şəkildə təsdiqləməyiblər.

Həmçinin bildirilir ki, İsrail hərbi strukturlarının nümayəndələri artıq Berberaya səfər ediblər, ABŞ-ın Afrika Komandanlığının (AFRICOM) nümayəndə heyətləri isə obyektə mütəmadi baxış keçirirlər. İddialara görə, Vaşinqton Berberanı Cibutidə yerləşən hərbi bazasına alternativ kimi qiymətləndirir.

Qeyd edək ki, Berbera limanı və hava limanı Bab əl-Məndəb boğazına yaxın yerləşdiyindən Qırmızı dəniz və qlobal dəniz ticarəti baxımından strateji əhəmiyyət daşıyır.

Jalə