Qaynar xətt:

(+99450) 247 90 86

Gecə tərləmələri hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI   

Gecə tərləmələri hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI   

TİBB

60

06.07.2026, 13:30

Həddindən artıq tərləmə bir çox insanın gündəlik həyatında qarşılaşdığı problemlərdən biridir. Əksər hallarda insanlar bunu isti hava, fiziki yorğunluq və ya fərdi xüsusiyyət kimi qəbul etsələr də, mütəxəssislər bildirirlər ki, güclü tərləmə bəzən orqanizmdə baş verən ciddi xəstəliklərin ilk siqnallarından biri ola bilər.

Oxu24.com-a açıqlama verən kardioloq İslam Əzizin sözlərinə görə, tərləmə insan orqanizminin təbii müdafiə mexanizmlərindən biridir və bədən temperaturunun tənzimlənməsində mühüm rol oynayır. Lakin normadan artıq və səbəbsiz baş verən tərləmə diqqətdən kənarda qalmamalıdır.Həddindən artıq tərləmə özü bir xəstəlik yaratmasa da, onun davamlı olması müxtəlif sağlamlıq problemlərinə yol aça bilər. İlk növbədə, orqanizmdə ciddi maye və elektrolit itkisi baş verir. Natrium, kalium və digər vacib mineralların azalması halsızlıq, başgicəllənmə, əzələ spazmları və hətta qıcolmalarla nəticələnə bilər.

“Çox güclü tərləmə zamanı insan yalnız su itirmir. Orqanizmin normal fəaliyyəti üçün zəruri olan elektrolitlər də xaric olunur. Bu isə ürək ritmindən tutmuş sinir sisteminin fəaliyyətinədək bir çox vacib proseslərə mənfi təsir göstərə bilər”, – deyə həkim vurğulayır.

İslam Əzizin sözlərinə görə, uzun müddət davam edən güclü tərləmə gündəlik həyat keyfiyyətini də ciddi şəkildə aşağı salır. İnsanlarda sosial narahatlıq, psixoloji gərginlik və özünəinam problemləri yarana bilir. Bundan başqa, dərinin daim nəm qalması göbələk infeksiyalarının, səpkilərin və müxtəlif dermatoloji problemlərin yaranmasına şərait yaradır.Mütəxəssis bildirir ki, həddindən artıq tərləməyə səbəb olan amillər kifayət qədər müxtəlifdir. İsti hava şəraiti və ağır fiziki fəaliyyət normal fizioloji səbəblər hesab olunsa da, bəzi hallarda bunun arxasında ciddi xəstəliklər dayanır.

Onun sözlərinə görə, qalxanabənzər vəzin həddindən artıq fəaliyyət göstərməsi – hipertireoz güclü tərləmənin ən geniş yayılmış səbəblərindən biridir. Bu zaman maddələr mübadiləsi sürətlənir və orqanizm daha çox istilik hasil etdiyindən tərləmə artır.Şəkərli diabet xəstələrində isə qanda şəkərin qəfil aşağı düşməsi, yəni hipoqlikemiya, soyuq və güclü tərləmə ilə müşayiət oluna bilər. Belə vəziyyətlər təcili tibbi müdaxilə tələb edə bilər.Stress, həyəcan və emosional gərginlik də tərləmə mexanizmini aktivləşdirən əsas amillərdən biridir. Sinir sisteminin həddindən artıq oyanması tər vəzilərinin fəaliyyətini artıraraq insanın hətta sakit şəraitdə belə tərləməsinə səbəb ola bilər.Qadınlarda menopauza dövründə hormonal dəyişikliklər nəticəsində yaranan isti basmalar və gecə tərləmələri də geniş yayılmış hallardandır. Həkimlər bu simptomların müəyyən yaş dövründə təbii qəbul edildiyini, lakin həddindən artıq olduqda mütləq müayinədən keçməyin vacibliyini bildirirlər.

Kardioloq İslam Əziz infeksion xəstəliklərin də güclü tərləmə ilə müşayiət olunduğunu qeyd edir. Vərəm, brusellyoz və digər xroniki infeksiyalar zamanı xüsusilə gecə tərləmələri diqqəti cəlb edən əsas əlamətlərdən biri hesab olunur.

Revmatoloji xəstəliklər zamanı da orqanizmdə gedən iltihabi proseslər həddindən artıq tərləmə ilə nəticələnə bilər. Bəzi hallarda isə bütün tibbi müayinələrə baxmayaraq, güclü tərləmənin konkret səbəbi müəyyən edilmir və bu vəziyyət idiopatik hiperhidroz adlandırılır.Mütəxəssis xəbərdarlıq edir ki, əgər tərləmə o həddə çatırsa ki, geyimlər daim islanır, gündəlik fəaliyyət məhdudlaşır və buna arıqlama, yüksək hərarət, ümumi halsızlıq, yuxu pozğunluğu və digər narahatedici əlamətlər qoşulursa, mütləq həkimə müraciət edilməlidir.

“Bəzən insanlar illərlə bu vəziyyətlə yaşayır və onu adi hal kimi qəbul edirlər. Halbuki güclü tərləmə bəzi ciddi xəstəliklərin ilk xəbərdarlıq siqnalı ola bilər. Erkən diaqnostika və düzgün müalicə bir çox problemlərin qarşısını ala bilər”, – deyə İslam Əziz vurğulayır.

Mütəxəssislər hesab edirlər ki, tərləmə insan orqanizmi üçün normal və vacib proses olsa da, onun həddindən artıq olması diqqətlə araşdırılmalı və səbəbi müəyyən edilməlidir. Çünki bəzən sadə görünən bir simptom daha ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər.

Nigar