Qaynar xətt:

(+99450) 247 90 86

Komendantın səlahiyyəti harada bitir? — Onların sakinlərə qadağa qoymaq hüququ varmı?

Komendantın səlahiyyəti harada bitir? — Onların sakinlərə qadağa qoymaq hüququ varmı?

HÜQUQ

119

13.05.2026, 14:15

Yaşayış binalarında "komendant özbaşınalığı": Vəkil xəbərdarlıq edir – Nələri qadağan edə bilməzlər?

Çoxmənzilli binalarda yaşayan sakinlərin ən çox qarşılaşdığı problemlərdən biri də komendantların və ya bina idarəedicilərinin qanunsuz tələbləridir. Bəzən komendantlar özlərini mənzilin sahibi kimi aparır, sakinlərə müxtəlif qadağalar qoymağa çalışırlar.

Bəs qanun nə deyir? Komendantın səlahiyyəti harada bitir?

Mövzu ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, vəkil İlhamə Həsənova  Oxu24.com-a  açıqlamasında mühüm məqamlara aydınlıq gətirib.

"Komendant dövlət orqanı deyil!"

Vəkil İlhamə Həsənova bildirib ki, komendant və ya Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) nümayəndəsi sakinlərin hüquqlarını yalnız qanun çərçivəsində tənzimləyə bilər:

"Yadda saxlamaq lazımdır ki, komendantın əsas işi binanın texniki vəziyyətinə, təmizliyinə və təhlükəsizliyinə baxmaqdır. O, dövlət orqanı deyil və heç bir halda sakinin mülkiyyət hüququnu məhdudlaşdıra bilməz. Konstitusiyamızın 29-cu maddəsinə görə, mülkiyyət hüququ qorunur və məhkəmə qərarı olmadan heç kim sizi mülkiyyətinizdən məhrum edə bilməz”.

Komendant nələri qadağan edə BİLMƏZ?

Vəkil qeyd edib ki, praktikada rast gəlinən bir çox qadağalar əslində qanunsuzdur. Komendantın bu məsələlərdə "yox" demək ixtiyarı yoxdur:

“Qonaq gələ bilməz" və ya "Yaxınların mənzilə daxil olması qadağandır" kimi tələblər tamamilə hüquqaziddir. Mənzil sahibi evini qanuni şəkildə istədiyi şəxsə kirayə verə bilər. Əgər təmir qanunla qadağan olunmayıbsa (məsələn, daşıyıcı divarlar sökülmürsə), komendant buna mane ola bilməz. “Təmiri yalnız bizim ustalar etməlidir" tələbi qanunsuzdur.

Lift, həyət, dəhliz və dayanacaqdan istifadə sakinin fundamental hüququdur. Borca görə "lift kartının bağlanması" yolverilməzdir. Komendant məhkəmə qərarı və ya sahibinin icazəsi olmadan mənzilə girə bilməz”.

İlhamə Həsənova vurğulayıb ki, komendantlar tez-tez "cəza" üsullarına əl atırlar. Lakin qanunvericilik buna icazə vermir:

"Komunal ödəniş gecikirsə, bunun həlli yolu məhkəmədir. Komendant özbaşına işığı, suyu kəsə bilməz, qanunda nəzərdə tutulmayan “cərimələr” tətbiq edə və ya sakindən zorla əlavə pullar tələb edə bilməz”.

Sakin nə etməlidir?

Vəkil məsləhət görür ki, əgər komendant qanunsuz qadağalar qoyursa, sakin sakit qalmamalıdır:

“İlk növbədə həmin qadağa ilə bağlı yazılı izahat tələb edin. Binanı idarə edən quruma və ya aidiyyəti dövlət orqanlarına şikayət edin. Hüquqlarınız kobud şəkildə pozulursa, məhkəməyə müraciət edin”.

Unutmayın: Komendantın daxili qaydaları Azərbaycan qanunlarından üstün deyil! Lakin sakinlər də öz növbəsində qonşuların rahatlığını pozmamalı, səs-küy salmamalı və binanın ümumi əmlakını qorumalıdırlar.

Çimnaz Telmanqızı