Qaynar xətt:

(+99450) 247 90 86

Məzuniyyətə çıxanların DİQQƏTİNƏ: Yenilik tətbiq olunacaq

Məzuniyyətə çıxanların DİQQƏTİNƏ: Yenilik tətbiq olunacaq

HÜQUQ

52

10.11.2026, 16:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İllik əmək məzuniyyətinizi əvvəlcədən planlaşdırmısınız, lakin istirahətə çıxdığınız günlərdə qəfil xəstələnmisiniz. Belə olan halda məzuniyyət günlərinizin bir hissəsinin itirilməsi ehtimalı işçiləri narahat edən məsələlərdəndir. Əmək Məcəlləsinə təklif edilən yeni dəyişikliklər isə bu kimi hallarda işçilərin istirahət hüquqlarının daha etibarlı qorunmasını və istifadə edilməmiş məzuniyyət günlərinin başqa vaxta keçirilməsini nəzərdə tutur.

Oxu24.com xəbər verir ki, təklif olunan qaydalara əsasən, məzuniyyətin başqa vaxta keçirilməsi sadəcə məzuniyyət qrafikində tarixlərin dəyişdirilməsi kimi qiymətləndirilməməlidir.

Söhbət işçinin istifadə edə bilmədiyi istirahət günlərinin rəsmi qaydada daha sonrakı dövrə saxlanılmasından gedir.

Bu günlər növbəti aya, iş ilinə və ya gələn təqvim ilinə keçirilə bilər. Beləliklə, işçinin qanunla nəzərdə tutulan istirahət hüququnun itirilməsinin qarşısının alınması hədəflənir.Dəyişikliklərdə nəzərdə tutulan mühüm məqamlardan biri də işçinin əmək məzuniyyəti zamanı xəstələnməsi ilə bağlıdır.

Belə ki, şəxs məzuniyyətdə olduğu müddətdə xəstələnərsə və ya müəyyən sosial məzuniyyət hüququ yaranarsa, əmək məzuniyyətinin vaxtının dəyişdirilməsi məsələsi gündəmə gələ bilər. Bu halda işçi öz təşəbbüsü ilə məzuniyyətin başqa tarixə keçirilməsi üçün müraciət edə biləcək.

Digər diqqətçəkən məqam işəgötürənin işçini məzuniyyət dövründə xidməti zərurətlə əlaqədar ezamiyyətə göndərməsi ehtimalıdır. Təklif olunan yanaşmaya görə, belə vəziyyətlərdə də işçinin istirahət hüququ nəzərə alınmalı, istifadə edə bilmədiyi məzuniyyət günləri itirilməməlidir.

Həmin günlərin sonradan istifadə edilməsi üçün başqa vaxta keçirilməsi nəzərdə tutulur.İstehsalat zərurəti yarandıqda da məzuniyyətin vaxtının dəyişdirilməsi məsələsi ortaya çıxa bilər. Lakin bu, işəgötürənin işçinin istirahət hüququnu birtərəfli qaydada məhdudlaşdırması anlamına gəlməməlidir. Təklif olunan qaydalarda belə hallarda işçinin razılığının əhəmiyyəti ön plana çəkilir. Eyni zamanda, hər hansı xüsusi səbəb olmadan da işçi ilə işəgötürən qarşılıqlı razılığa gələrək məzuniyyətin tarixlərini dəyişə bilərlər.

Bu dəyişikliklərin əsas məqsədi əmək münasibətlərində işçinin istirahət hüququnu daha aydın mexanizmlərlə qorumaq, müxtəlif səbəblərdən istifadə edilməyən məzuniyyət günlərinin itirilməsinin qarşısını almaqdır. Çünki əmək məzuniyyəti işçinin sadəcə işdən müvəqqəti ayrılması deyil, onun sağlamlığının bərpası, fiziki və psixoloji istirahəti üçün nəzərdə tutulan hüquqdur.

Beləliklə, təklif olunan yeni qaydalar qəbul ediləcəyi təqdirdə, xəstəlik, sosial məzuniyyət, xidməti ezamiyyət və digər əsaslı hallar səbəbindən istifadə edilməyən əmək məzuniyyəti günlərinin başqa vaxta keçirilməsi üçün daha aydın hüquqi çərçivə formalaşa bilər. Bununla belə, qeyd etmək lazımdır ki, söhbət hələlik Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərdən gedir. Qaydalar yalnız qanunvericilikdə müvafiq qaydada qəbul edilərək qüvvəyə mindikdən sonra tətbiq olunacaq.

Turan Etibaroğlu