Qaynar xətt:

(+99450) 247 90 86

İtirilmiş əşyanı tapan şəxs nə vaxt onun qanuni sahibi ola bilər? – Vəkildən AÇIQLAMA  

İtirilmiş əşyanı tapan şəxs nə vaxt onun qanuni sahibi ola bilər? – Vəkildən AÇIQLAMA  

CƏMİYYƏT

63

11.11.2026, 20:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gündəlik həyatda şəhər daxilində, ictimai nəqliyyatda və ya müxtəlif məkanlarda unudulan və tapılaraq hüquq-mühafizə orqanlarına təhvil verilən əşyaların hüquqi taleyi bir çox vətəndaş üçün maraq doğurur. Azərbaycan Respublikasının mülki qanunvericiliyi tapıntı əşyaların, itirilmiş mülkiyyətin və tapılan canlıların saxlanılması müddətlərini dəqiq normativlərlə tənzimləyir. Çünki tapılan hər bir material və ya canlı əşyanın müəyyən müddət ərzində ilkin sahibinə qaytarılması imkanları araşdırılmalıdır.Lakin bəzən mülkiyyətçinin tapılması uzun zaman tələb edir və ya ümumiyyətlə mümkün olmur. Belə hallarda dövlətin səlahiyyətli orqanları qanunla nəzərdə tutulmuş xüsusi prosedurlara start verirlər. Eyni zamanda tapıntını polisə təhvil verən şəxsin də həmin əşya üzərində müəyyən mülkiyyət hüquqları yaranır. Əgər həmin şəxs müəyyən olunmuş müddətdən sonra əşyanı qəbul etməkdən imtina edərsə, hüquqi mexanizmlər fərqli qaydada işləməyə başlayır. Bəs qanunla bu müddət nə qədər təyin edilib? Tapılan əşya tez xarab olan məhsul və ya canlı heyvandırsa, hansı istisnalar tətbiq olunur? Bütün bu suallara hüquqi müstəvidə aydınlıq gətirilməsi cəmiyyətin maariflənməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Fərid Qasımov hüquqi prosedurların incəliklərini ətraflı şəkildə diqqətə çatdırıb:

"Əgər tapılan əşyanın mülkiyyətçisi bir il ərzində məlum olmazsa və ya əşyanı tapan şəxs birillik müddət keçdikdən sonra həmin əşyanın mülkiyyətçisi olmaqdan imtina edərsə, səlahiyyətli orqan həmin əşyanı hərraca çıxararaq fayda götürə bilər. Eyni zamanda səlahiyyətli qurum həmin əşyanı özgəninkiləşdirmək və ya tamamilə məhv etmək hüququna malikdir”.

Vəkil qeyd edib ki, lakin qanunvericilikdə xüsusi istisna halları da nəzərdə tutulub:

“Əlavə olaraq qeyd etmək istəyirəm ki, əgər həmin tapıntı olan əşya heyvandırsa, tez xarab olan əşyadırsa və ya onun saxlanılması böyük xərc tələb edirsə, belə hallarda birillik gözləmə müddəti tətbiq edilmir. Bu növdən olan əşyalar dərhal özgəninkiləşdirilir və həmin özgəninkiləşdirilmədən əldə olunan məbləğ gələcəkdə mülkiyyətçi ortaya çıxdıqda ona qaytarılır".

Vətəndaşların tapdıqları əşyaları dərhal aidiyyəti qurumlara təhvil vermələri həm hüquqi məsuliyyətin düzgün tənzimlənməsi, həm də gələcəkdə yarana biləcək anlaşılmazlıqların qarşısının alınması baxımından vacibdir. Qanunvericiliyin bu cür detallı tənzimləmələri mülkiyyət hüquqlarının qorunmasına və dövlət nəzarətinin şəffaf şəkildə həyata keçirilməsinə xidmət edir.

Çimnaz Telmanqızı