Qaynar xətt:

(+99450) 247 90 86

Sərxoş şəxs ifadə verirsə,bu... AÇIQLAMA 

Sərxoş şəxs ifadə verirsə,bu... AÇIQLAMA 

HÜQUQ

61

12.05.2026, 20:55

Hüquqşünas İlham Mehrəliyev: “Sərxoş vəziyyətdə alınan ifadə hər halda sübut kimi qəbul olunmaya bilər”

Son günlər vətəndaşlar arasında şübhəli şəxs qismində saxlanılan və sərxoş vəziyyətdə dindirilmə halları ilə bağlı hüquqi mübahisələr gündəmə gəlib. Xüsusilə, belə vəziyyətdə alınan ifadələrin məhkəmədə sübut kimi qəbul edilib-edilməməsi sualı geniş müzakirə olunur.

Məsələ ilə bağlı hüquqşünas İlham Mehrəliyev Oxu24.com-a açıqlamasında bildirib ki, şəxsin şübhəli şəxs qismində dindirilməsi yalnız o halda qanuni hesab oluna bilər ki, həmin şəxs baş verənləri adekvat şəkildə qavrama qabiliyyətinə malik olsun və verdiyi ifadənin hüquqi nəticələrini dərk etsin.

Onun sözlərinə görə, əgər şəxs sərxoş vəziyyətdədirsə və öz hərəkətlərini, ifadəsinin mahiyyətini düzgün qiymətləndirə bilmirsə, bu halda onun dindirilməsi hüquqi baxımdan ciddi suallar doğura bilər. Belə hallarda alınan ifadənin etibarlılığı mübahisəli sayılır.

Hüquqşünas qeyd edib ki, qanunvericiliyə əsasən, ifadə verən şəxsin psixi və fiziki vəziyyəti onun öz iradəsini sərbəst ifadə etməsinə imkan verməlidir. Əgər bu şərt mövcud deyilsə, həmin ifadə məhkəmədə sübut kimi qəbul edilərkən ciddi şəkildə qiymətləndirilir və bir çox hallarda etibarsız hesab edilə bilər.

İ.Mehrəliyevin fikrincə, sərxoş vəziyyətdə alınan ifadə heç də avtomatik olaraq sübut kimi qəbul edilmir və məhkəmə tərəfindən digər sübutlarla birlikdə kompleks şəkildə araşdırılır. Əgər ifadənin alınma şəraiti hüquqi tələblərə cavab vermirsə, onun sübut kimi dəyəri azala və ya tamamilə rədd edilə bilər.

Hüquqşünas əlavə edib ki, istintaq orqanları dindirmə apararkən şəxsin vəziyyətini diqqətlə qiymətləndirməli və onun ifadə vermək qabiliyyətinin olub-olmadığını müəyyən etməlidirlər. Əks halda, gələcəkdə bu proses məhkəmə tərəfindən qanunsuz prosedur kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, məqsəd yalnız ifadə almaq deyil, həm də həmin ifadənin hüquqi baxımdan etibarlı və qəbul edilə bilən şəkildə əldə olunmasını təmin etməkdir.

İ.Mehrəliyev sonda vurğulayıb ki, hər bir vətəndaşın hüquqları istintaq mərhələsində də qorunmalıdır və hüquqi prosedurların pozulması sonradan məhkəmə qərarlarına birbaşa təsir göstərə bilər.

Hazırladı: Jalə