Qaynar xətt:

(+99450) 247 90 86

Bu ölkələr Hörmüz boğazından İMTİNA EDƏCƏK: Nə baş verir?  

Bu ölkələr Hörmüz boğazından İMTİNA EDƏCƏK: Nə baş verir?  

DÜNYA

160

31.03.2026, 18:59

Yaxın Şərqdə geosiyasi gərginliyin artdığı bir dövrdə İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən səsləndirilən yeni təşəbbüs beynəlxalq diqqəti yenidən enerji təhlükəsizliyi məsələsinə yönəldib. Dünyanın ən kritik enerji keçid nöqtələrindən biri sayılan Hörmüz boğazı ətrafında alternativ marşrutların yaradılması ideyası regionda qüvvələr balansını dəyişə biləcək addım kimi qiymətləndirilir.

Bəs Hörmüz boğazından imtina təşəbbüsü regionda hansı yeni risk və imkanları ortaya çıxara bilər?

Oxu24.com xəbər verir ki  mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Aydın Tağıyev bildirib ki, Netanyahunun bu təklifi ilk növbədə İsrail və Qərbin enerji təhlükəsizliyini İran amilindən mümkün qədər azad etməyə yönəlib.

“Hörmüz boğazı hazırda dünya neft və qaz ixracının ən kritik marşrutlarından biri hesab olunur və İran bu boğaz üzərindəki təsir imkanlarından geosiyasi təzyiq aləti kimi istifadə edir.

Netanyahu müharibədən sonrakı dövr üçün alternativ enerji marşrutları – xüsusilə Səudiyyə Ərəbistanı ərazisindən Aralıq dənizi istiqamətinə uzanan boru kəmərlərinin yaradılmasını gündəmə gətirməklə Hörmüzdən yan keçməyi mümkün variant kimi təqdim edir. Bu isə ABŞ və İsrailin İranın strateji təsir imkanlarını zəiflətmək planının bir hissəsi kimi qiymətləndirilir”.

Ekspertin fikrincə, belə bir addımın həm müsbət, həm də mənfi nəticələri qaçılmazdır.

“Müsbət tərəflər arasında İranın “boğazı bağlama” təhdidinin təsir gücünün azalması və alternativ marşrutlar hesabına enerji təchizatında müəyyən sabitliyin yaranması göstərilir. Eyni zamanda, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi Körfəz ölkələrinin geostrateji əhəmiyyəti daha da artacaq. Lakin layihənin reallaşdırılması ciddi çətinliklərlə müşayiət oluna bilər”

Aydın Tağıyev vurğulayır ki, yeni boru kəmərlərinin inşası həm böyük maliyyə resursları, həm də genişmiqyaslı siyasi razılaşmalar tələb edir və bu proses illərlə davam edə bilər.

“Bu müddət ərzində isə Hörmüz boğazı öz strateji əhəmiyyətini qoruyub saxlayacaq.

Digər tərəfdən, İranın mümkün reaksiyası da diqqətdən kənarda qalmır. Tehran bu cür təşəbbüslərə sərt cavab verə və regionda proksi qüvvələr vasitəsilə gərginliyi daha da artıra bilər. Bu isə Yaxın Şərqdə yeni münaqişə ocaqlarının yaranması riskini yüksəldir.

Qısa müddətli perspektivdə enerji bazarlarında qeyri-sabitlik ehtimalı yüksək qiymətləndirilsə də, uzunmüddətli dövrdə alternativ marşrutların formalaşması enerji təhlükəsizliyini gücləndirəcək. Bununla yanaşı, İsrailin regionda enerji diplomatiyasında rolunun artması və Qərbin Körfəzdəki mövqelərinin möhkəmlənməsi də mümkün ssenarilər sırasındadır”.

Yekun olaraq, Netanyahunun Hörmüz boğazından imtina ilə bağlı təklifi İranın enerji rıçaqlarını zəiflətməyə yönəlmiş strateji addım kimi qiymətləndirilir. Lakin bu planın həyata keçirilməsi həm iqtisadi, həm də siyasi baxımdan son dərəcə mürəkkəbdir və yaxın perspektivdə regionda sabitlikdən daha çox yeni risklərin yaranmasına səbəb ola bilər.