Liviya lideri: Bakı özündə orijinallıq və modernləşmənin harmonik vəhdətini əks etdirir
18 May 2026, 17:49
Qaynar xətt:
(+99450) 247 90 86
WUF13
1672
18.05.2026, 17:11
Bakıda mayın 17-dən start götürən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – WUF13 dünya ölkələrinin diqqətini Azərbaycana yönəldib. 182 ölkədən 40 mindən çox iştirakçını bir araya gətirən mötəbər tədbir paytaxtı beynəlxalq urbanizasiya və şəhər inkişafı müzakirələrinin əsas mərkəzlərindən birinə çevirib. Dünyanın müxtəlif ölkələrindən hökumət rəsmilərinin, ekspertlərin, memarların və beynəlxalq təşkilat nümayəndələrinin qatıldığı forumda şəhərlərin gələcəyi, dayanıqlı inkişaf, iqlim dəyişiklikləri və müasir infrastruktur məsələləri geniş müzakirə olunur. 17-22 may tarixlərini əhatə edən tədbirin Bakıda keçirilməsi isə Azərbaycanın qlobal platformalarda artan rolunun və beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi imkanlarının növbəti göstəricisi kimi qiymətləndirilir.
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumu BMT-nin İnsan Məskənləri Proqramı – UN-Habitat tərəfindən keçirilir və şəhərlərin gələcək inkişaf strategiyalarının müzakirə olunduğu əsas beynəlxalq platformalardan biri sayılır.
Bəs WUF13 kimi beynəlxalq forumun Bakıda keçirilməsi Azərbaycana siyasi, iqtisadi və urbanizasiya baxımından nə vəd edir?
Mövzu ilə bağlı Oxu24com-a danışan Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev qeyd edib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra genişmiqyaslı və qlobal xarakterli tədbirlərin keçirildiyi mühüm mərkəzlərdən birinə çevrilib. Onun sözlərinə görə, bu dövlətimizin artan nüfuzunun və beynəlxalq mövqeyinin möhkəmlənməsinin göstəricilərindəndir:
“Prezident İlham Əliyevin strateji baxışları nəticəsində qlobal miqyasda narahatlıq doğuran məsələlərin məhz Bakıda müzakirəsi üçün əlverişli şərait yaradılıb. BMT-nin informasiya platformalarında da vurğulandığı kimi, “head of state s diplomacy”, yəni „dövlət başçısı diplomatiyası“ mühüm rol oynayır. Bu yanaşma göstərir ki, Azərbaycan yalnız milli səviyyədə problemlərin həlli ilə məşğul olmur, eyni zamanda qazandığı təcrübəni beynəlxalq ictimaiyyətlə bölüşməyə və təcrübə mübadiləsinə açıqdır. Bununla yanaşı, müxtəlif sahələr üzrə aidiyyəti qurumların prosesə cəlb olunması da xüsusi əhəmiyyət daşıyır. Bu mənada müxtəlif mövzularda çoxsaylı assambleyaların baş tutduğu Bakı Ümumdünya Şəhərsalma Forumu (WUF) bunun bariz nümunəsidir. Forumun tarixi 2001-ci ildə BMT Baş Assambleyasının qəbul etdiyi qərara gedib çıxır. Tədbirin ilk sessiyası 2002-ci ildə Keniyanın paytaxtı Nayrobidə keçirilib. O vaxtdan etibarən forum iki ildən bir təşkil olunur və urbanizasiya məsələlərinə həsr edilir. Bu mənada Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası üçün yüzlərlə böyük şəhərlər arasında məhz Bakının seçilməsi təqdirəlayiqdir.
Urbanizasiya niyə bu qədər aktual və narahatedici mövzu hesab olunur? Bunun əsas səbəbi dünya əhalisinin sürətlə artması və şəhərlərdə məskunlaşmanın genişlənməsidir. Hazırda dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır. BMT-nin rəsmi proqnozlarına görə, yaxın 25 il ərzində bu göstərici 68-70 faizə çatacaq. Bu isə şəhərlərin daha da yüklənməsi, kənd yerlərinin boşalması, təchizat zənciri və ərzaq təhlükəsizliyi ilə bağlı problemlərinin dərinləşməsi deməkdir.
Digər mühüm məqam isə iqtisadiyyat və ekologiya ilə bağlı məsələləri əhatə edir. Belə ki, dünya ölkələrinin ümumi daxili məhsulunun təxminən 60 faizi şəhərlərdə istehsal olunur. Bununla yanaşı, ətraf mühitə atılan karbonqazı emissiyalarının da təxminən 70 faizi şəhərlərin payına düşür. Bu səbəbdən urbanizasiya, iqlim dəyişikliyi, infrastruktur, nəqliyyat və dayanıqlı inkişaf məsələləri kompleks şəkildə qlobal gündəliyin əsas mövzularına çevrilib”.
Millət vəkili vurğulayıb ki, şəhərlərdə iri sənaye müəssisələrinin və böyük konqlomeratların cəmləşməsi də urbanizasiyanın yaratdığı problemləri daha da dərinləşdirir:
“Bu müəssisələrin əksəriyyəti şəhərlərdə və ya onların ətrafında yerləşdiyi üçün ətraf mühitə təsir artır, emissiyalar yüksəlir və ekoloji tarazlıq pozulur. Hazırda dünyada 8 milyarddan çox insan yaşayır. Lakin bu insanların böyük bir hissəsi qeyri-qənaətbəxş mənzil şəraitində həyat sürür, məsələn təxminən 2,8 milyard insanın yaşayış şəraiti normal standartlara cavab vermir. Bundan əlavə, 300 milyon insanın ümumiyyətlə daimi yaşayış yeri, mənzili yoxdur. Təxminən 1,1 milyard insan isə gecəqondularda, infrastruktur baxımından zəif yaşayış məntəqələrində məskunlaşıb. Bu rəqəmlər urbanizasiya probleminin nə qədər ciddi miqyas aldığını göstərir. Çünki yaşayış şəraitinin aşağı olması insanların yalnız mənzil problemi ilə üzləşməsi demək deyil. Bu, eyni zamanda səhiyyə, təhsil, ərzaq təhlükəsizliyi, sanitariya və sosial rifahla bağlı çoxsaylı problemləri də özü ilə gətirir.
Məhz buna görə də BMT urbanizasiya, təhlükəsiz və dayanıqlı məskunlaşma məsələlərini əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. İki ildən bir keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF) da bu məsələlər geniş şəkildə müzakirə olunur. Bu ilin forumunda da əsas diqqət təhlükəsiz və dayanıqlı şəhərlərin, yaşayış məskənlərinin formalaşdırılmasına yönəlib.
Bununla yanaşı, BMT-nin müəyyən etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədlərindən biri də məhz dayanıqlı şəhərlər və icmaların qurulması ilə bağlıdır. Bu məqsəd insanların təhlükəsiz, inklüziv və dayanıqlı yaşayış mühitində yaşamasını təmin etməyə hesablanıb.
Azərbaycan BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi çərçivəsində uzun illərdir əməkdaşlığını davam etdirir və bu istiqamətdə milli səviyyədə müxtəlif proqramlar həyata keçirir. Ölkəmiz bu məqsədləri qəbul etməklə yanaşı, hətta milli səviyyədə əlavə olaraq 18-ci Dayanıqlı İnkişaf Məqsədini də irəli sürüb. Bu məqsəd humanitar minatəmizləmə ilə bağlıdır.
Azərbaycan hazırda BMT və digər beynəlxalq platformalarda fəaliyyət aparır ki, humanitar minatəmizləmə ayrıca bir Dayanıqlı İnkişaf Məqsədi kimi qəbul edilsin. Bu, olduqca vacib və aktual təşəbbüsdür. Çünki təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasının əsas şərtlərindən biri məhz insanların mina təhlükəsindən uzaq, təhlükəsiz ərazilərdə yaşamasıdır. Ümumiyyətlə, Azərbaycan qlobal çağırışlara cavab olaraq beynəlxalq səviyyədə qəbul edilən təşəbbüsləri milli şəraitə uyğunlaşdıraraq tətbiq edir. Bu istiqamətdə dövlət proqramları, hökumət layihələri həyata keçirilir və ölkənin öz təcrübəsi ilə bu proses daha da zənginləşdirilir. Humanitar minatəmizləmə ilə bağlı irəli sürülən 18-ci məqsəd də bunun ən uğurlu nümunələrindən biridir”.
Rizvan Nəbiyev münaqişələrin yaratdığı problemlərə xüsusi diqqət çəkib:
“Hazırda dünyada onlarla aktiv münaqişə ocaqları mövcuddur və onların sayı ilə bağlı müxtəlif statistikalar təqdim olunur. Bu münaqişələr yalnız humanitar böhran yaratmır, eyni zamanda ətraf mühitə ciddi zərər vurur, karbon emissiyalarını artırır və iqlim dəyişikliklərinə mənfi təsir göstərir.
Digər mühüm problem isə məcburi köçkünlük və qaçqınlıq məsələsidir. Son illərin statistikasına görə, dünyada 120 milyondan çox insan məcburi köçkün və qaçqın vəziyyətində yaşayır. Problem ondadır ki, bu insanların da 60%-i məhz şəhərlərdə məskunlaşıb. Ekspertlərin proqnozlarına əsasən, əgər münaqişələr davam edərsə, 2040-cı ilə qədər bu rəqəmə daha milyonlarla insan əlavə oluna bilər. Bu isə urbanizasiya, şəhərlərin yüklənməsi və sosial problemlərin daha da dərinləşməsi deməkdir.
Bütün bunlar göstərir ki, urbanizasiya və şəhərsalma diplomatiyası artıq yalnız tikinti məsələsi deyil. Bu mövzu təhlükəsizlik, ekologiya, humanitar problemlər, miqrasiya və dayanıqlı inkişaf kimi qlobal çağırışlarla birbaşa əlaqəlidir“.
Millət vəkili vurğulayıb ki, BMT çərçivəsində keçirilən COP29 və qısa müddət sonra təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun (WUF) Bakıda baş tutması Azərbaycanın beynəlxalq nüfuzu baxımından mühüm hadisədir. Bu tədbirlər yalnız klassik diplomatiya deyil, həm də ictimai və mədəni diplomatiya baxımından xüsusi əhəmiyyət daşıyır:
“Foruma qatılan iştirakçıların geniş coğrafiyanı əhatə etməsi də bunu təsdiqləyir, 182 dövlətdən 42 000 iştirakçı. Bu maraq eyni zamanda tədbirlərin keçirildiyi məkana – Bakıya olan etimadın göstəricisidir. Paytaxtın müasir infrastrukturu, yeni şəhərsalma layihələri, memarlıq nümunələri, mədəni potensialı və beynəlxalq tədbirlərin təşkilində qazandığı təcrübə Azərbaycanın bu sahədə güclü bir mərkəzə çevrildiyini nümayiş etdirir.
Dünyada belə bir etimad formalaşıb ki, Azərbaycan və onun rəhbərliyi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün həm təhlükəsiz, həm də yüksək səviyyədə təşkilati imkanlara malik platforma təqdim etmək iqtidarındadır.
Xüsusilə qeyd edilməlidir ki, Ümumdünya Şəhərsalma Forumu regionda və türk dünyasında ilk dəfə məhz Azərbaycanda keçirilir. Bu isə Azərbaycanın artıq yalnız regional deyil, qlobal səviyyədə də mühüm dialoq və əməkdaşlıq məkanına çevrildiyini göstərir”.
Millət vəkili onu da vurğulayıb ki, Azərbaycanın milli səviyyədə qazandığı təcrübənin qlobal miqyasda təqdim olunması da xüsusi əhəmiyyət daşıyır:
“Məsələn, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı məskunlaşma və yenidənqurma proqramları həyata keçirilir. Bu proses əsasən Azərbaycanın milli resursları hesabına maliyyələşdirilir. Təkcə son beş il ərzində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün dövlət büdcəsindən 21,5 milyard manatdan çox vəsait ayrılıb. Ötən il keçirilən büdcə müzakirələri zamanı isə bu istiqamət üzrə 2026-cı il üçün əlavə 3,5 milyard manatın ayrılması təsdiqlənib. Nəticədə artıq 80 minə yaxın insan 40-dan çox yaşayış məntəqəsində məskunlaşıb. Qarşıdakı 10 il ərzində isə 200-dən çox yaşayış məskəninin yenidən qurulması və dirçəldilməsi hədəflənir.
Bu rəqəmlər Azərbaycanın həyata keçirdiyi bərpa və quruculuq işlərinin miqyasını açıq şəkildə göstərir. Nəzərə almaq lazımdır ki, 30 ilə yaxın işğal dövründə 300-dən çox yaşayış məntəqəsi və 9 böyük şəhər tamamilə dağıdılmışdı. Bu ərazilərin sıfırdan yenidən qurulması, eyni zamanda müasir, ekoloji təmiz şəhərsalma və dayanıqlı inkişaf prinsiplərinə uyğun şəkildə bərpa olunması artıq Azərbaycanın formalaşdırdığı unikal təcrübə hesab olunur. Çünki urbanizasiya problemlərinin kökündə dayanan əsas amillərdən biri münaqişələr və onların dağıdıcı nəticələridir. Digər mühüm faktor isə iqlim dəyişiklikləridir. Hər iki məsələ təchizat zəncirinə, yaşayış mühitinə, iqtisadi və sosial proseslərə ciddi təsir göstərir. Azərbaycan isə həm işğalın nəticələrinin aradan qaldırılması, həm də postmünaqişə dövründə sülh quruculuğu və genişmiqyaslı bərpa işlərinin həyata keçirilməsi baxımından mühüm və nümunəvi təcrübə formalaşdırır.
Məhz buna görə də “UN-Habitat” təşkilatının rəhbəri Anaklaudiya Rossbax Bakıda keçirilən tədbirlər zamanı iki mühüm məqamı xüsusi vurğulayıb. Birincisi, Azərbaycanın BMT səviyyəli tədbirləri yüksək təşkilatçılıqla keçirmək bacarığıdır. İkincisi isə Azərbaycanın həyata keçirdiyi yenidənqurma və məskunlaşma təcrübəsinin beynəlxalq səviyyədə maraq doğurmasıdır”.
Mehin Mehmanqızı
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.
18:12 / 18 May 2026
28
18:03 / 18 May 2026
157
18:02 / 18 May 2026
44
18:00 / 18 May 2026
38
17:53 / 18 May 2026
83
17:49 / 18 May 2026
49
17:44 / 18 May 2026
48
17:28 / 18 May 2026
184
17:25 / 18 May 2026
53
17:05 / 18 May 2026
64
17:03 / 18 May 2026
412
17:01 / 18 May 2026
56
16:55 / 18 May 2026
69
16:52 / 18 May 2026
127
16:45 / 18 May 2026
373
16:41 / 18 May 2026
57
16:38 / 18 May 2026
62
16:35 / 18 May 2026
73
16:00 / 18 May 2026
83
15:42 / 18 May 2026
95
15:30 / 18 May 2026
194
15:18 / 18 May 2026
209
15:09 / 18 May 2026
178
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.