Qaynar xətt:

(+99450) 247 90 86

Bel ağrısı ayağa vurursa, səbəb nədir?-  Həkim DANIŞDI   

Bel ağrısı ayağa vurursa, səbəb nədir?-  Həkim DANIŞDI   

TİBB

51

27.08.2026, 17:30

Bel nahiyəsində yaranan ağrı bir çox insan tərəfindən sadə yorğunluq və ya ağır fiziki işin nəticəsi kimi qəbul edilir. Lakin ağrı beldən başlayaraq ayağa doğru yayılırsa, keyimə və hissiyyat dəyişiklikləri yaranırsa, xüsusilə də ayaqda gücsüzlük hiss olunursa, bunun səbəbi fəqərələrarası disk yırtığı ola bilər.

Neyrocərrah Röyal Mehdiyev Oxu24.com-a açıqlamasında bel yırtığının əlamətləri, onun inkişaf mərhələləri və hansı hallarda problemin daha ciddi qiymətləndirilməli olduğu barədə danışıb.

Mütəxəssisin sözlərinə görə, bel yırtığı birdən-birə eyni formada ortaya çıxan problem deyil. Fəqərələrarası disklərdə yaranan dəyişikliklərin müxtəlif mərhələləri mövcuddur. Diskdə ilkin qabarma, daha sonra protruziya, ekstruziya və sekvestrasiya kimi mərhələlər müşahidə oluna bilər. Xəstənin şikayətləri də məhz zədələnmənin xarakterindən, ölçüsündən, yerləşməsindən və sinirlərlə münasibətindən asılı olaraq dəyişir.

Röyal Mehdiyev bildirib ki, ilkin mərhələlərdə diskdəki dəyişiklik nisbətən kiçik olur. Disk öz normal sərhədlərindən kənara doğru qabarmağa başladıqda xəstədə ilk növbədə bel ağrısı meydana çıxa bilər. Bu mərhələdə ağrı yalnız bel nahiyəsində hiss oluna və müəyyən hərəkətlər zamanı arta bilər.

Mütəxəssis qeyd edib ki, diskdəki qabarma böyüdükcə onun ətrafdakı sinir strukturları ilə təmas ehtimalı da artır. Bel nahiyəsindən çıxan sinirlər ayaqların hərəkətində və hissiyyatında mühüm rol oynadığı üçün sinir kökcüyünün sıxılması və ya qıcıqlanması zamanı ağrı beldən aşağıya doğru yayıla bilər.Belə hallarda artıq yalnız bel ağrısından deyil, ayağa vuran ağrıdan söhbət gedir. Xəstə ağrını omba, bud, baldır və ayaq boyunca hiss edə bilər. Ağrının yayılma istiqaməti hansı sinirin təsirlənməsindən asılı olaraq dəyişə bilər.

Neyrocərrahın sözlərinə görə, xəstələr bu vəziyyəti bəzən “ayağıma elektrik vurur”, “yanma kimi ağrı var”, “belimdən ayağıma sancı gedir” və ya “ayağım boyunca ağrı yayılır” kimi təsvir edirlər. Xüsusilə uzun müddət oturmaq, əyilmək, ağır yük qaldırmaq, öskürmək və asqırmaq bəzi xəstələrdə ağrını artıra bilər.Disk yırtığının sinirə təsiri artdıqca yalnız ağrı deyil, keyimə və hissiyyat pozğunluğu da meydana çıxa bilər. Ayağın müəyyən hissəsində hissiyatın azalması, qarışqa gəzməsi və ya uyuşma kimi şikayətlər yarana bilər. Bu əlamətlər sinirin hansı hissəsinin təsirlənməsindən asılı olaraq ayağın müxtəlif nahiyələrində müşahidə edilə bilər.

Röyal Mehdiyev diqqətə çatdırıb ki, xəstənin ağrısının zamanla azalması hər zaman problemin tam aradan qalxması anlamına gəlmir. Bəzi hallarda ağrı zəifləsə də, sinir üzərindəki təsir davam edə bilər. Buna görə şikayətlərin xarakterində dəyişiklik olduqda vəziyyət həkim tərəfindən qiymətləndirilməlidir.

Mütəxəssis üçün ən ciddi əlamətlərdən biri isə ayaqda gücsüzlüyün yaranmasıdır. Əgər insan əvvəl rahatlıqla etdiyi hərəkəti artıq yerinə yetirə bilmir, ayağını və ya pəncəsini əvvəlki kimi hərəkət etdirməkdə çətinlik çəkirsə, bu, sinir funksiyasının daha ciddi şəkildə pozulduğunu göstərə bilər.Ayaqda gücsüzlük bel yırtığının daha ciddi əlamətlərindən biri hesab olunur və belə vəziyyətdə xəstənin həkimə müraciəti gecikdirilməməlidir. Çünki sinirin uzun müddət sıxılması onun funksiyasının bərpasını çətinləşdirə bilər.

Neyrocərrah vurğulayıb ki, bel yırtığının yalnız MRT müayinəsində görünməsi avtomatik olaraq əməliyyat olunmaq demək deyil. Müalicə qərarı xəstənin şikayətləri, nevroloji müayinəsi, görüntüləmə nəticələri və yırtığın sinirlərlə münasibəti birlikdə qiymətləndirilərək verilir.Bəzi xəstələrdə konservativ müalicə ilə vəziyyəti nəzarətdə saxlamaq və şikayətləri azaltmaq mümkün olur. Lakin sinir funksiyasının pozulması, xüsusilə güc itkisi kimi ciddi əlamətlər meydana çıxdıqda müalicə taktikasına yenidən baxılması lazım gəlir.

Mütəxəssisin sözlərinə görə, bel ağrısı ilə ayaq ağrısının birlikdə olması, ayaqda keyimə və xüsusilə gücsüzlük yaranması insanın özbaşına ağrıkəsici qəbul etməklə kifayətlənməməli olduğunu göstərən əlamətlərdəndir. Belə vəziyyətlərdə nevroloji və neyrocərrahi qiymətləndirmə aparılması vacibdir.

Röyal Mehdiyev onu da qeyd edib ki, bel yırtığının əlamətləri hər xəstədə eyni olmur. Yırtığın ölçüsündən daha çox onun yerləşdiyi nahiyə və sinir strukturları ilə münasibəti xəstənin hansı simptomları yaşayacağını müəyyənləşdirə bilər. Kiçik ölçülü, lakin sinirə yaxın yerləşən yırtıq daha ciddi şikayətlər yarada bildiyi halda, daha böyük görünən, lakin sinirə təzyiq etməyən dəyişiklik daha az simptomla müşayiət oluna bilər.Bu səbəbdən mütəxəssislər bel ağrısının müddətinə və xarakterinə diqqət yetirməyi tövsiyə edirlər. Xüsusilə ağrı beldən ayağa doğru yayılırsa, keyimə yaranırsa və ya ayaqda əvvəlkindən fərqli gücsüzlük hiss edilirsə, problemin sadə bel ağrısı kimi qəbul edilməsi düzgün deyil.Bel yırtığında ən mühüm məqam yalnız ağrının olub-olmaması deyil, sinirin funksiyasının necə dəyişməsidir. Bel ağrısından ayağa yayılan ağrıya, oradan keyiməyə və daha sonra gücsüzlüyə doğru inkişaf edən əlamətlər ciddi qiymətləndirilməlidir.