Qaynar xətt:

(+99450) 247 90 86

Köçəryanın yenidən həbsi Ermənistan-Rusiya münasibətlərində nəyi dəyişir? - TƏHLİL 

Köçəryanın yenidən həbsi Ermənistan-Rusiya münasibətlərində nəyi dəyişir? - TƏHLİL 

DÜNYA

25

27.08.2026, 17:19

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın yenidən həbs olunması ölkənin daxili siyasi mübarizəsi ilə yanaşı, İrəvan-Moskva münasibətlərində gedən transformasiya kontekstində də diqqət çəkir. Köçəryanın Rusiyaya yaxın siyasi fiqur kimi qəbul edilməsi fonunda proses Moskvanın Ermənistandakı ənənəvi təsir imkanlarının gələcəyi ilə bağlı suallar yaradır.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın Rusiyadan Köçəryanla bağlı zəng edilmədiyini və belə bir zəngə ehtiyac olmadığını bildirməsi də bu baxımdan diqqət çəkir.

Erməni politoloq Oreq Koçinyan APA-ya açıqlamasında Köçəryanın yenidən həbsini Rusiyanın Ermənistandakı təsir imkanlarının zəifləməsinin göstəricisi hesab etdiyini bildirib: “Robert Köçəryanın yenidən həbs olunması faktı Rusiyanın Ermənistandakı təsirinin zəifləməsindən kifayət qədər aydın şəkildə xəbər verir. Eyni zamanda, bu, son bir neçə həftə ərzində Ermənistan-Rusiya münasibətlərinin xarakterində baş verən dəyişiklikləri də açıq şəkildə göstərir”.

Washington meeting opens new chapter in South Caucasus — Armenian political  analyst

Politoloqun fikrincə, Moskvanın Köçəryan məsələsinə müdaxiləsi əks effekt verə bilər: “Əgər Rusiyadan Köçəryan məsələsi ilə bağlı zəng gəlsə, bu, həm Köçəryanın özünə, həm də Rusiyanın Ermənistandakı maraqlarına zərər vuracaq”.

Rusiyalı ekspert, siyasi elmlər doktoru Tatyana Poloskova da baş verən prosesləri Rusiyanın Ermənistandakı təsir imkanlarının zəifləməsi ilə əlaqələndirib. Bununla yanaşı, rusiyalı ekspert Köçəryanın Rusiyayönümlü siyasətçi kimi təqdim edilməsinə fərqli yanaşır.

“Köçəryan və onun kimilər üçün rus qardaşlarına sevgi və sədaqət barədə bütün bəyanatlar sadəcə biznesdir. Rusiyaya əbədi dostluğa sədaqət vədləri dəstək müqabilində verilirdi. Söhbət təkcə humanitar və maliyyə deyil, həm də hərbi dəstəkdən gedirdi”, – Poloskova bildirib.

Tatyana Poloskova - Azernews.Az

Onun fikrincə, Moskvadakı bəzi dairələrin Köçəryan və onun siyasi çevrəsi ilə münasibətləri Rusiyanın real maraqlarına cavab verməyib: “Mən ekspert həmkarlarımın belə bir fikri ilə tam razıyam ki, biz hazırda qondarma “Qarabağ klanı”nın siyasi dəfninin şahidi oluruq. Bu, gec-tez baş verməli idi”.

Rusiyayönümlü qüvvələrin zəifləməsi nəyi dəyişir?

Köçəryan və onun siyasi düşərgəsi uzun müddətdir Ermənistan daxilində Rusiya ilə daha sıx münasibətlərin tərəfdarı kimi qəbul edilir. Bu qüvvələrin zəifləməsi Paşinyan hakimiyyətinin xarici siyasətdə manevr imkanlarını genişləndirə bilər.

Koçinyan da hesab edir ki, bu proses Ermənistanın Qərblə yaxınlaşmasını sürətləndirmək potensialına malikdir, lakin Rusiyanın mövqelərinə əsas zərbəni Moskvanın öz siyasəti vurur: “Köçəryanın və digər Rusiyayönümlü qüvvələrin zəifləməsi Ermənistanın ABŞ və Avropa İttifaqı ilə yaxınlaşmasını sürətləndirə bilər. Lakin bu prosesi Rusiyanın özündən daha çox sürətləndirən və Rusiyanın Ermənistandakı mövqelərini onun özündən daha çox zəiflədən heç nə yoxdur”.

Poloskova da Rusiyanın Ermənistandakı mövqelərinin zəifləməsinin səbəblərini Moskvanın siyasətində axtarır: “Rusiyanın hazırda Ermənistandakı təsiri əhəmiyyətli dərəcədə zəifləyib. Bunun əsas səbəblərindən biri siyasi baxımdan yanlış oyunçulara stavka edilməsidir. Ümumiyyətlə, son dövrlərdə Rusiyanın xarici siyasətinin qurulmasında sistemli səhvlər müşahidə edirəm və bu, yalnız Cənubi Qafqazla məhdudlaşmır”.

İrəvan Moskvaya cavab formatını dəyişir

Koçinyanın sözlərinə görə, Ermənistan hakimiyyəti seçkilərdən sonra Rusiya ilə münasibətləri sabitləşdirməyə çalışsa da, bu cəhd nəticə verməyib: “Ermənistan hakimiyyətinin kifayət qədər təmkinli mövqeyinə baxmayaraq, Rusiya tərəfi Ermənistana münasibətdə getdikcə daha aqressiv davranışlara yol verib. İndi Ermənistanda gördüyünüz bəyanatlar və atılan addımlar onu göstərir ki, Ermənistan Rusiya tərəfinə cavab vermək formatını dəyişmək qərarına gəlib”.

Poloskova isə Paşinyanın siyasətini birbaşa anti-Rusiya kursu kimi qiymətləndirməyin əleyhinədir: “Paşinyan vaxtilə SSRİ-nin tərkibində olmuş ölkələrin əksəriyyətinə xas olan ümumi istiqaməti seçir. Bu ölkələr Moskvadan verilən göstərişlərdən asılı olmayan müstəqil kurs seçirlər. Bunu anti-Rusiya siyasəti kimi damğalamaq lazım deyil. Digər xalqların öz xarici siyasət kurslarını müstəqil müəyyənləşdirmək hüququna hörmət etmək lazımdır”.

Bununla belə, Ermənistanın Rusiyadan tam uzaqlaşması yaxın perspektivdə real görünmür. Koçinyan da Ermənistanın məqsədinin Rusiyanı başqa güc mərkəzi ilə əvəz etmək deyil, birtərəfli asılılığı azaltmaq olduğunu vurğulayıb: “Ermənistan siyasi və digər sahələrdə bir güc mərkəzindən asılılığını azaltmağa çalışır. Hazırda bu, Rusiyadır”.

Politoloqun fikrincə, İrəvanın strateji hədəfi balanslaşdırılmış xarici siyasət modelidir: “Məqsəd Ermənistanın seçim imkanının olmadığı, yalnız bir ölkənin qərar və addımlarından asılı vəziyyətə düşdüyü şəraitin yaranmasının qarşısını almaqdır”.

Poloskova da Rusiya ilə münasibətlərin soyumasının Ermənistanın avtomatik olaraq Qərbə istiqamətlənməsi anlamına gəlmədiyini düşünür: “Mən düşünmürəm ki, müasir şəraitdə Rusiya ilə Qərb arasındakı rəqabət Ermənistanda əsas qarşıdurma sahəsidir. Xüsusilə TRIPP layihəsinin açıqlanmasından sonra Ermənistanda bir çox qlobal və regional oyunçular təmsil olunur. Ermənistan seçim edə biləcək”.

Beləliklə, ekspertlərin mövqelərində ortaq məqam Rusiyanın Ermənistandakı təsirinin zəifləməsidir. Koçinyan prosesi Ermənistanın bir güc mərkəzindən asılılığını azaltması kontekstində qiymətləndirirsə, Poloskova Moskvanın yanlış siyasi seçimlərini və region siyasətindəki problemləri önə çəkir.

Poloskova hesab edir ki, yaranmış vəziyyət Rusiyanın Cənubi Qafqaz strategiyasına yenidən baxmasını tələb edir: “Rusiyanın Cənubi Qafqazdakı davranış strategiyasını köklü şəkildə yenidən nəzərdən keçirməsinin vaxtı çoxdan çatıb. Problem ondadır ki, Rusiyanın hakimiyyət dəhlizlərində Cənubi Qafqaza real təsir imkanları zəifləyib. Sərt bəyanatlar və hədələrlə bu vəziyyəti düzəltmək mümkün deyil. Mövcud reallıqları dəyişmək üçün sistemli və ciddi iş aparılmalıdır”.

Köçəryanın həbsi bu baxımdan Ermənistan-Rusiya münasibətlərində dəyişikliklərin səbəbindən daha çox artıq gedən proseslərin siyasi göstəricisi kimi görünür. İrəvanın əsas hədəfi Moskva ilə əlaqələri tamamilə kəsməkdən çox, xarici siyasətdə seçim imkanlarını genişləndirməkdirsə, Rusiya üçün əsas məsələ regionda dəyişən siyasi reallığa hansı strategiya ilə uyğunlaşacağıdır.