Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan və Özbəkistan Xəzərdə hərbi-dəniz əməkdaşlığını genişləndirir — AÇIQLAMA  

Azərbaycan və Özbəkistan Xəzərdə hərbi-dəniz əməkdaşlığını genişləndirir — AÇIQLAMA  

CƏMİYYƏT

29

27.08.2026, 13:10

Azərbaycan ilə Özbəkistan arasında hərbi və hərbi-texniki sahədə əlaqələrin sürətlə genişlənməsi Xəzər dənizi hövzəsində təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə xüsusi töhfə verir. Son zamanlar iki qardaş ölkənin Xəzərdə birgə dəniz donanması fəaliyyətinin və əməkdaşlığının artırılması istiqamətində atdığı addımlar strateji baxımdan böyük əhəmiyyət kəsb edir.

Bu tərəfdaşlıq çərçivəsində tərəflər akvatoriyada təhlükəsizlik tədbirlərinin gücləndirilməsini və mümkün təhdidlərə qarşı birgə mübarizə aparılmasını hədəfləyirlər. Xüsusilə beynəlxalq terrorizmə qarşı mübarizə, logistik marşrutların mühafizəsi və operativ məlumat mübadiləsi kimi kritik məsələlər bu əməkdaşlığın ana xəttini təşkil edir.

Eyni zamanda, birgə hərbi-dəniz təlimlərinin keçirilməsi hər iki dövlətin müdafiə qabiliyyətini və qarşılıqlı inteqrasiyasını yeni mərhələyə qaldırır. Türk dövlətləri arasında hərbi əməkdaşlığın dərinləşməsi Xəzər dənizində sabitliyin və dəniz naviqasiyası təhlükəsizliyinin uzunmüddətli təminatına çevrilir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin vurğuladığı kimi, türkdilli dövlətlərin birgə hərbi təlimlərinin keçirilməsi bu istiqamətdə atılan mühüm strateji addımdır. İki ölkə arasındakı münasibətlərin dostluqdan artıq qardaşlıq səviyyəsinə yüksəlməsi hərbi-dəniz sahəsində də sıx əlaqələrin qurulmasını şərtləndirir.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov bildirib ki, Xəzər dənizinin təhlükəsizliyi ilə bağlı müxtəlif tədbirlər əməkdaşlıq çərçivəsində həyata keçirilir:

“Xəzər dənizinin təhlükəsizliyi ilə bağlı çox tədbirlər keçirilir və bu tədbirlər hamısı əməkdaşlığa bağlıdır. Bu əməkdaşlıq çərçivəsində Xəzər dənizinin təhlükəsizliyi ilə bağlı olan məsələlər təşkil edilir. Burada çox vacibdir Xəzər dənizi ətrafında olan ölkələrin dəniz donanmalarının birgə təlimlərinin keçirilməsi, məlumatların verilməsi və beynəlxalq terrorizmə qarşı mübarizə məsələləri, logistikanın təhlükəsizliyi məsələləri, ümumiyyətlə, Xəzər dənizində olan bütün gəmilərin təhlükəsizliyi məsələləri və bu və digər tipli məsələlər. Əlbəttə, hər bir ölkə özünə aid olan akvatoriyada və qarşılıqlı şəkildə bu məsələləri həll edir”.

Ekspert qeyd edib ki, Özbəkistanla bağlı isə son zamanlar həm Azərbaycan-türkdilli dövlətlərin münasibətlərinin inkişafı ilə bağlı, həm də 2026-cı ilin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən türkdilli dövlətlərin birgə təlimlər ili kimi ifadəsi işlədilib:

“Türkdilli dövlətlərlə Azərbaycanın münasibətlərinin getdikcə inkişaf etdirilməsi, o cümlədən xüsusilə də qeyd etmək lazımdır ki, Özbəkistanla Azərbaycan arasında olan sıx əlaqələr, dövlət rəhbərlərinin bir-biri ilə dostluq münasibətləri və bundan irəli gələn qarşılıqlı hörmət və dostluq sahəsində inkişaf, əlbəttə, bütün sahələri əhatə edir”.

Ş.Ramaldanovun sözlərinə görə, Azərbaycan və Özbəkistan dəniz donanmaları arasında sıx əlaqələrin yaranması və bu proseslərin iki ölkə arasında, iki ölkənin maraqlarına uyğun olaraq Xəzər dənizində inkişafı, əlbəttə, bunlar hər iki ölkə üçün Xəzər dənizinə aid olan məsələlərdə müsbət rol oynayacaq:

“Ümumiyyətlə, Xəzər dənizində nə qədər ölkələr arasında Xəzər dənizi ətrafı əlaqələr sıx olsa, o qədər də Xəzər dənizinin təhlükəsizliyi dayanıqlı və təmin oluna bilər”.

Hərbi ekspert vurğulayıb ki, Özbəkistan-Azərbaycan arasında münasibətlər getdikcə genişlənir və dostluqdan artıq qardaşlıq münasibətlərinə keçmək üzrədir. Bu həm hərbi sahədə, həm digər sahələrdə öz əksini tapır:

“Hərbi əməkdaşlıq çərçivəsində, hərbi-texniki əməkdaşlıq çərçivəsində Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı təbii ki, iki ölkənin Xəzər dəniz donanması ilə, hərbi-dəniz donanması ilə əlaqələrində də əks olunacaqdır. Ona görə düşünürəm ki, Xəzər dənizində dəniz donanmasının, hərbi-dəniz donanmasının fəaliyyəti ilə bağlı iki dost ölkənin öz maraqlarından irəli gələn məsələlərin həlli üçün bir-biri ilə sıx əlaqəsinin olması, əlbəttə, vacib amillərdən biridir”,- deyə Ş.Ramaldanov fikrini tamamlayıb. 

Çimnaz Telmanqızı