Prezident mühüm məlumatları AÇIQLADI:Praktiki işlər başlanacaqdır — MÜSAHİBƏ
11 Avqust 2026, 22:02
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
78
27.08.2026, 17:23
Sosial platformalarda müğənni Afət Fərmanqızı ilə ictimai fəal və bloger Sevinc Hüseynova arasında yaşanan qarşıdurma pik həddə çataraq hüquqi müstəviyə keçib. Məsələnin mahiyyətini, baş verən prosesləri və təqdim olunan sübutları detallı şəkildə ictimailəşdirmək məqsədilə Oxu24.com xəbər portalı bloger Sevinc Hüseynovanın mövqeyini öyrənib.
Həmin müsahibəni təqdim edirik:
— Afət Fərmanqızı ilə aranızda yaşanan problemlər nə zaman başladı və hansı səbəbdən bugünkü səviyyəyə gəlib çatdı?
— Bu şəxs illərdir sosial platformalarda müğənni kimi deyil, canlı yayımlar açaraq digər sənətçilərin şəxsi həyatına müdaxilə edən, onların körpə övladlarını alçaldan və şəxsiyyətlərinə toxunan ifadələrlə gündəmə gələn bir şəxs kimi tanınıb. Mən onu sənətçi kimi deyil, qalmaqallar yaradan biri kimi görmüşəm. Bir Azərbaycan vətəndaşı və ana olaraq bu məsələyə laqeyd qala bilmədim. Xüsusilə, müğənni Vəfa Şərifovanın iki azyaşlı övladının ünvanına səsləndirilən təhqiramiz ifadələr məni narahat etdi. Sosial şəbəkə istifadəçilərinin də narazılığını nəzərə alaraq "TikTok" və "İnstagram" hesablarımda A.Fərmanqızına müraciət ünvanladım. Bildirdim ki, iki qadının bu cür məsələlərlə gündəmə gəlməsi yolverilməzdir və uşaqların psixologiyası ilə oynamaq olmaz. Şəxsiyyətinə toxunmadan, sivil qaydada fikirlərimi ifadə etdim. Lakin o, bu müraciəti tənqidi qəbul edib dostlaşmaq əvəzinə, özünə qarşı təhqir kimi qiymətləndirdi və mənə qarşı düşmənçilik mövqeyi nümayiş etdirməyə başladı. Bugünkü qalmaqalın əsası da məhz bu şəkildə qoyuldu.
— Sosial şəbəkələrdə azyaşlı övladınızın, ailə üzvlərinizin və rəhmətlik nənənizin fotolarına yazılan təhqiramiz və xoşagəlməz ifadələrlə bağlı kimi və ya kimləri məsul hesab edirsiniz? Bu paylaşımlarla bağlı hər hansı sübutunuz varmı?
— On ilə yaxındır ki, sosial platformalarda fəaliyyət göstərirəm. Haqsızlıqla qarşılaşdıqda susmayan bir vətəndaşam və sosial imkanlarımdan istifadə edərək mövqeyimi bildirirəm. Bu vaxta qədər heç kimlə bu həddə problemim olmayıb. Hətta zamanında LGBT təbliğatına qarşı çıxışlar etdiyim üçün yüzlərlə şəxs mənə qarşı mövqe tutmuşdu, Ombudsman aparatına müraciət edib həbsimi tələb edirdilər. Lakin o zaman da heç vaxt övladımın, rəhmətlik nənəmin, özümün və ya qardaşlarımın fotoları bu formada istismar olunmamışdı. A.Fərmanqızının mübarizə metodu budur. O, bundan öncə də Flora Kərimova, Vəfa Şərifova, Nazənin, Dəniz Əsədli, Ruhi Əliyeva və Roza Zərgərli kimi tanınmış şəxslərlə oxşar münaqişələr yaşayıb və onların da şəkilləri üzərində uyğunsuz paylaşımlar edilib. Bu faktlar göstərir ki, doğmalarıma qarşı aparılan bu kampaniyanın arxasında da məhz o dayanır. Əlimdə kifayət qədər dəlil və sübutlar var və onları artıq aidiyyəti dövlət organlarına təqdim etmişəm.
— Həmin təhqiramiz paylaşımların edildiyi səhifələrin fəaliyyəti ilə bağlı hansı addımları atmısınız?
— Məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Fuad Ələsgərova, eləcə də hüquqi müstəviyə çıxarılması üçün məhkəmə organlarına (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148 və 156.1-ci maddələri üzrə) müraciət etmişəm. Hüquq-mühafizə organlarına dəlilləri elektron daşıyıcılarda (flaşkart və disk) təqdim etmişəm. Müraciətimdən dərhal sonra həmin saxta səhifələr — "Tez Xəbər", "Ulduz Xəbər" və mənim adımdan açılmış saxta profil tamamilə silindi. Dövlət organlarının adını eşidən kimi səhifələrin qapadılması onların məhz həmin şəxs tərəfindən idarə olunduğunu növbəti dəfə sübut edir. Araşdırmalarımız zamanı bu profillərin Rusiya və İran üzərindən açıldığı müəyyən edilib. A.Fərmanqızının İranda qohumluq və tanışlıq əlaqələrinin olması, özünün isə Rusiyada 5 illik yaşama icazəsinin bulunması və oradakı mobil operatorlardan istifadə etməsi bu şübhələri birbaşa təsdiqləyir.
— Yaranmış bu gərginlik şəxsi həyatınıza və ailənizə necə təsir göstərdi?
— Təbii ki, bu vəziyyət şəxsi həyatımıza və psixoloji vəziyyətimizə ciddi mənfi təsir göstərib. Həm mən, həm də övladımın atası son dərəcə narahatıq və psixoloji gərginlik yaşayırıq. Mən qanunvericiliyin tələblərinə və dövlətimizin ədalətinə tam güvənirəm. Lakin elə bir həddə çatmışıq ki, narahatıq. Qarşı tərəf xaricdə yaşamasından istifadə edərək bizi davamlı olaraq təxribata çəkir, təhqir edir və azyaşlı övladımızın fotolarını paylaşaraq bizi qanunsuz addımlar atmağa və cinayət törətməyə sövq etməyə çalışır.
— Afət Fərmanqızının yalnız sizinlə deyil, digər tanınmış şəxslərlə də müxtəlif mübahisələrinin və qalmaqallarının olduğu bildirilir. Sizcə, bunun əsas səbəbi nədir?
— Düşünürəm ki, bu insanın psixoloji vəziyyətində və mənəvi dünyasında ciddi problemlər var. Xoşbəxt olan bir insan başqalarının həyatı ilə məşğul olmaz. Eyni zamanda bildiyim qədərilə onun öz övladı ilə də ciddi problemləri var, övladı onun əməllərindən utandığı üçün ölkəni tərk edərək Almaniyaya köçüb və anası ilə əlaqə saxlamır. O, hər kəsin əxlaqını, geyimini və ailəsini sorğulaya biləcəyini, lakin heç kimin ona söz deyə bilməyəcəyini düşünür. Məsələn, xalq artisti Flora Kərimova ilə münaqişəsi Nəsiminin qəzəlinin toy mahnısı formatında ifa edilməsinə tənqidi fikirlər bildirməsindən başladı. Nəticədə o, sənətkara qarşı da məhkəmə çəkişməsi başlatdı və onun fotolarını uyğunsuz şəkildə paylaşdı. Hətta televiziya efirlərinin birində özü etiraf etmişdi ki, xüsusi profilləri var və ona qarşı çıxan şəxslərin fotolarını həmin səhifələrdə paylaşdırır. Bundan əlavə, keçmiş prodüseri Şahkərəm (Şako) adlı gənc də canlı efirimə qoşularaq A.Fərmanqızının saxta səhifələr vasitəsilə insanları təhqir etdiyini təsdiqləmişdi. Sonradan həmin gəncə hədə-qorxu gəlinərək dediklərini təkzib etməsi tələb olunub, buna dair səs yazıları da mövcuddur.
— Afət Fərmanqızının Rusiyada yaşamasına və sosial şəbəkələrdə Azərbaycan vətəndaşları ilə bağlı etdiyi açıqlamalara münasibətiniz necədir?
— Ölkə xaricindən dövlət əleyhinə danışanlar olduğu kimi, A.Fərmanqızı kimi şəxslər də milləti alçaltmaqla məşğuldurlar. Millətini sevən insan öz həmvətənlərini və onların övladlarını təhqir etməz. O, Rusiyadan açdığı canlı yayımlarda Azərbaycan xalqının ünvanına mədəniyyətsiz, tərbiyəsiz kimi ifadələr işlədir, millətimizi alçaldır. Hətta canlı yayımlarının birində Məhərrəmlik ayında içki qəbul edərək müsəlman olmadığını, anasının hindistanlı, bir tərəfinin alman və iranlı olduğunu, Tovuzda dünyaya gəlməsinin onun təqsiri olmadığını bildirmişdi. Bütün bunlar onun öz xalqına və dəyərlərinə qarşı olan münasibətini açıq şəkildə nümayiş etdirir.
— Onun sizə qarşı işlətdiyi hansı ifadələri böhtan və təhqir hesab edirsiniz?
— O şəxs bir qadın adını ləkələyən əməllər törətdiyi üçün ona insan kimi müraciət etmək çətindir. Vaxtilə Flora Kərimova ilə məhkəmə çəkişməsi zamanı özü ifadə etmişdi ki, "Mən ondan üzr istəsəm, it qızı olaram". Buna görə də mən ona "Afət it qızı" deyə müraciət edirəm. O, canlı yayımlarda ad çəkmədən sətiraltı ifadələr işlətdiyini və buna görə hüquqi məsuliyyət daşımadığını, eyni zamanda maddi imkanlarına və əlaqələrinə güvəndiyini bildirir. Lakin sosial şəbəkə istifadəçiləri və media səhifələri söhbətin kimdən getdiyini yaxşı bilir. Mənə, azyaşlı övladımla, rəhmətlik nənəm və qardaşlarımla bağlı fotoşop olunmuş, söyüşlərlə müşayiət olunan paylaşımları açıq təhqir hesab edirəm. Əgər hüquqi müstəvidə tədbir görülməzsə, mən öz haqqımı sonadək müdafiə edəcəyəm. Mən öz ölkəmdəyəm və qanun qarşısında boynumuz qıldan incədir. Mənim tələbim onun ölkəyə gətirilməsi və dindirilməsidir. Məlumata görə, o, Flora Kərimova ilə məhkəmə proseslərində üç məhkəməni uduzub (ikisi mülki, biri cinayət) və 10 min manat məbləğində cərimələnib. Həmin cərimələri ödəməmək üçün ölkədən çıxıb. Eyni zamanda Vəfa Şərifovanın müraciəti əsasında Tovuz Məhkəməsi tərəfindən barəsində axtarış elan olunub. Ölkəyə daxil olduğu an saxlanılmalıdır.
— Müraciət etdiyiniz rəsmi qurumlardan hər hansı cavab və ya reaksiya verilibmi?
— Bəli, bu müsahibədən öncə Daxili İşlər İdarəsinə dəvət olunmuşam, şikayətim əsasında izahatım alınıb və dindirilmə aparılıb. Operativ reaksiyaya görə Azərbaycan polisinə, Daxili İşlər Nazirliyinin əməkdaşlarına və məni qəbul edən şəxsə minnətdarlığımı bildirirəm. Eyni zamanda Kibercinayətkarlıqla Mübarizə İdarəsində də izahatım alınıb. Dövlət organları məsələyə dərhal reaksiya verirlər. Sadəcə, həmin şəxs xaricdə olduğu üçün hüquqi prosedurların tam icrası zaman tələb edir. O, arxasında səlahiyyətli şəxslərin olduğunu və pul gücünə hər şeyi həll edə biləcəyini iddia edir. Lakin bu ölkədə qanun şahdır və heç kim özbaşınalıq edə bilməz. Lazım gələrsə, dövlətimizin başçısı cənab İlham Əliyevə də müraciət edəcəyəm.
— Hüquq-mühafizə orqanlarına hansı konkret sübutları təqdim etdiniz?
— Mən aidiyyəti qurumlara video materiallar, ekran görüntüləri, açılmış saxta səhifələrin məlumatlarını, eləcə də onun öz rəsmi hesabında stori və paylaşım bölməsində mənə qarşı etdiyi təhqiramiz materialları təqdim etmişəm. Təbii ki, mən də sosial şəbəkə üzərindən onun təxribatlarına cavab vermişəm. Lakin mən ölkə daxilindəyəm və dediyim hər bir sözün məsuliyyətini daşıyıram. Hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə söhbət zamanı da bildirdim ki, xaricdə oturan bir şəxsin davamlı təxribatları ailəmizin emosional vəziyyətinə təsir edir. Bizim ədalətin bərpa olunmasına ehtiyacımız var. Həmçinin əlimdə olan səs yazısını da təqdim etmişəm ki, orda o, Vəfa Şərifovanın övladlarını təhqir etdiyini öz dili ilə etiraf edir.
— Bu mübarizənin sonunu necə görürsünüz? Barışıq addımları mümkündür?
— Hər hansı barışıqdan söz gedə bilməz. Mənə fərqli şəxslər zəng edərək barışıq təklif etdilər, lakin mən imtina etdim. Körpə uşaqları təhqir edən birisi ilə barışmaq mümkün deyil. Biz zamanında ermənilərə qalib gəldik, lakin içimizdəki təxribatçılara qarşı da mübarizə aparıb qalib gəlməliyik. Mən qanuni yolla ədaləti bərpa edəcəyəm. Övladım iki ildən sonra məktəbə gedəcək, onun gələcəkdə bu cür alçaldıcı paylaşımlarla qarşılaşmasına və psixologiyasının pozulmasına icazə verə bilmərəm. Əgər qarşı tarafın cəsarəti və iddia etdiyi imkanları varsa, sosial şəbəkələrdə deyil, gəlsin Azərbaycana, mübarizəsini ölkə daxilində, qanun çərçivəsində aparsın. Və yaxud mən Rusiyaya gedəcəyəm, hünəri varsa qarşıma çıxsın.
— Siz ictimaiyyətdə cəsarətli çıxışlarınızla tanınırsınız. Bu cəsarətin mənbəyi nədir?
—Mən hər zaman haqsızlığa qarşı çıxış etmişəm. Mənim cəsarətim ölkəmizin demokratik olmasından və Ulu Öndərin bizə miras qoyduğu söz azadlığından irəli gəlir. Arxamda hər hansı səlahiyyətli şəxs və ya böyük maddi imkanlar yoxdur. Mən sadəcə haqqı və ədaləti müdafiə edirəm. Şər-böhtan atmadan, düzü danışdığım üçün bu günə qədər fikirlərimi sərbəst bildirmişəm.
— Diqqət çəkən digər məqam sizin bu mübarizədə tək olmağınızdır. Şou-biznes nümayəndələri ilə hər hansı birlik və ya qruplaşmada yer alırsınız?
— Əsla, heç bir qruplaşma və ya iş birliyi daxilində deyiləm. Mən şou-biznes nümayəndəsi, müğənni və ya aktrisa deyiləm, ictimai fəalam. Araşdırmalarım zamanı zərərçəkmiş müğənniləri gördüm və sosial şəbəkə üzərindən çağırış etdim ki, hüquqi müstəvidə birləşib tədbir görülməsini təmin edək. Şəxsi tanışlığım və ya kimsənin təlimatı ilə addım atmağım söz mövzusu ola bilməz.
— Son olaraq ictimaiyyətə hansı mesajı vermək istərdiniz?
— Mən hər şeydən əvvəl bir anayam və Azərbaycan vətəndaşıyam. Heç kim bizim ölkədə ana olan qadınların dünyaya gətirdiyi uşaqları alçalda, onların gələcəyi və psixologiyası ilə oynaya bilməz. Mən cəmiyyətin və narahat olan insanların daxili səsi olaraq bu məsələni gündəmə gətirdim və bundan peşman deyiləm. Uşaqlar bizim gələcəyimizdir. Onların sağlam mühitdə böyüməsi bizdən asılıdır. Bu cür davranışlar uşaqların gələcəkdə cəmiyyətə və vətənə küskün böyüməsinə səbəb olur. Mənim 35 yaşım var və həyatımı başqa ölkədə təsəvvür etmirəm. Mən istəyirəm ki, ölkəmizdə sülh olsun, uşaqlarımız sakit mühitdə böyüsünlər. Hər kəs anlamalıdır ki, uşaqlara toxunmaq yolverilməzdir. Sosial şəbəkələrdə yüzlərlə vətəndaş aidiyyəti qurumları etiketləyərək tədbir görülməsini xahiş edir. Bu tək mənim deyil, bütün xalqın məsələsidir.
Müsahibədə səsləndirilən fikirlər müsahibin şəxsi fikirləridir.Oxu24.com Afət Fərmanqızının da mövqeyini təqdim etməyə hazırdır.
Müsahibəni apardı: Miri Məcidli
17:30 / 27 Avqust 2026
18
17:19 / 27 Avqust 2026
28
17:15 / 27 Avqust 2026
35
17:15 / 27 Avqust 2026
38
17:07 / 27 Avqust 2026
39
16:59 / 27 Avqust 2026
52
16:44 / 27 Avqust 2026
61
16:41 / 27 Avqust 2026
55
16:39 / 27 Avqust 2026
594
16:35 / 27 Avqust 2026
66
16:33 / 27 Avqust 2026
63
16:20 / 27 Avqust 2026
58
16:05 / 27 Avqust 2026
78
16:02 / 27 Avqust 2026
65
15:40 / 27 Avqust 2026
212
15:40 / 27 Avqust 2026
66
15:16 / 27 Avqust 2026
71
15:15 / 27 Avqust 2026
69
14:59 / 27 Avqust 2026
68
14:45 / 27 Avqust 2026
74
14:35 / 27 Avqust 2026
78
14:19 / 27 Avqust 2026
83
14:10 / 27 Avqust 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.