Qaynar xətt:

(+99450) 247 90 86

Çiyin ağrısı nə vaxt təhlükəlidir? Həkim səbəbləri AÇIQLADI   

Çiyin ağrısı nə vaxt təhlükəlidir? Həkim səbəbləri AÇIQLADI   

TİBB

49

27.08.2026, 17:15

Qolu yuxarı qaldırarkən çiyin nahiyəsində kəskin ağrı yaranması, gecələr ağrı səbəbindən yuxudan oyanmaq və gündəlik hərəkətlər zamanı çətinlik çəkmək bəzi hallarda rotator manjet vətərlərində yaranan zədələnmənin əlaməti ola bilər. Xüsusilə ağrı uzun müddət davam edirsə və qolun hərəkət imkanları tədricən azalırsa, problemin sadə əzələ yorğunluğu kimi qiymətləndirilməsi düzgün deyil.

Travmatoloq-ortoped Şamil Səfərəliyev Oxu24.com-a açıqlamasında çiyin ağrılarının səbəblərindən, rotator manjet yırtığından və müalicə imkanlarından danışıb.

Həkimin sözlərinə görə, çiyin oynağı insan bədənində ən geniş hərəkət imkanlarına malik oynaqlardan biridir. Qolu qabağa, arxaya və yanlara hərəkət etdirmək, baş üzərinə qaldırmaq və gündəlik bir çox işi yerinə yetirmək məhz bu oynağın normal fəaliyyəti sayəsində mümkün olur. Lakin çiyinin geniş hərəkət imkanları eyni zamanda onu müxtəlif zədələnmələrə də həssas edir.

Şamil Səfərəliyev bildirib ki, rotator manjet çiyin oynağının sabitliyində və qolun hərəkətində mühüm rol oynayan dörd əzələ və onların vətərlərindən ibarət kompleksdir. Bu vətərləri sadə şəkildə əzələləri sümüyə birləşdirən və qolun hərəkətini təmin edən möhkəm “kəndirlər” kimi təsəvvür etmək olar. Onlar çiyin oynağının baş hissəsini əhatə edir və qolun müxtəlif istiqamətlərdə hərəkətinə kömək etməklə yanaşı, oynağın sabit qalmasına da şərait yaradır.

Mütəxəssisin sözlərinə görə, rotator manjet vətərlərində yırtılma həm travma nəticəsində qəfil, həm də zamanla inkişaf edən degenerativ dəyişikliklər səbəbindən meydana çıxa bilər. Gənc insanlarda xüsusilə idman zamanı, ağır yük qaldırarkən, yıxılma və ya çiyinə güclü zərbə dəydikdə vətərlərin zədələnməsi mümkündür.Yaş artdıqca isə vəziyyət bir qədər fərqli olur. Vətərlərdə qan təchizatının və toxumanın bərpa qabiliyyətinin azalması, təkrarlanan yüklənmələr, çiyin oynağındakı sümük dəyişiklikləri və vətərin sıxışması nəticəsində həmin toxuma tədricən zəifləyə bilər. Bu proses uzun müddət davam etdikdə vətərdə aşınma yaranır və nəticədə qismən və ya tam yırtılma baş verə bilər.

Şamil Səfərəliyev qeyd edib ki, rotator manjet yırtığının əsas əlamətlərindən biri qolun yuxarı qaldırılması zamanı yaranan ağrıdır. Xəstə xüsusilə qolu baş üzərinə qaldırarkən, geyinərkən, saçını darayarkən və ya arxaya uzanarkən ağrı hiss edə bilər. Bəzi insanlarda isə gecələr, xüsusilə zədələnmiş çiyin üzərində yatarkən ağrı daha da güclənir.Digər mühüm əlamət qolun gücünün azalmasıdır. İnsan əvvəl rahatlıqla etdiyi hərəkətləri sonradan çətinliklə yerinə yetirməyə başlayır. Ağır əşyanı qaldırmaq, qolu müəyyən vəziyyətdə saxlamaq və ya yuxarı uzatmaq əvvəlki qədər asan olmur.

Mütəxəssis vurğulayıb ki, hər rotator manjet yırtığı əməliyyat tələb etmir. Bu, xəstələrin bilməli olduğu əsas məqamlardan biridir. Yırtığın ölçüsü, yerləşməsi, vətərin zədələnmə dərəcəsi, xəstənin yaşı, fiziki aktivliyi, şikayətlərin müddəti və qolun funksional vəziyyəti müalicə taktikasının müəyyənləşdirilməsində nəzərə alınır.Bəzi hallarda ilkin mərhələdə konservativ müalicə kifayət edə bilər. Ağrının və iltihabın azaldılması, fizioterapiya, xüsusi məşqlər və həkimin uyğun hesab etdiyi digər müalicə üsulları xəstənin vəziyyətinin yaxşılaşmasına kömək edə bilər. Müalicənin məqsədi yalnız ağrını azaltmaq deyil, həm də çiyin ətrafındakı əzələlərin gücünü və hərəkət imkanlarını bərpa etməkdir.Lakin böyük və ya tam yırtıqlarda, xüsusilə qolun gücünün ciddi şəkildə azalması, davamlı ağrı və konservativ müalicənin nəticə verməməsi hallarında cərrahi müalicə gündəmə gələ bilər.

Şamil Səfərəliyevin sözlərinə görə, müasir ortopediyada belə müdaxilələrin mühüm hissəsi artroskopik üsulla həyata keçirilə bilər. Artroskopiya zamanı çiyin nahiyəsində böyük kəsik aparmaq əvəzinə kiçik dəliklərdən kamera və xüsusi cərrahi alətlər daxil edilir. Həkim oynağın daxilini görüntüləyərək zədələnmiş vətəri qiymətləndirir və uyğun olduğu halda onu əvvəlki anatomik yapışma yerinə bərpa edir.Bu metodun əsas üstünlüklərindən biri toxumalara daha az travmatik müdaxilə ilə əməliyyatın həyata keçirilməsidir. Lakin hansı cərrahi üsulun seçilməsi hər bir xəstənin vəziyyətindən asılıdır və bunu yalnız müayinə nəticələrindən sonra müəyyən etmək mümkündür.

Mütəxəssis həmçinin çiyin ağrısının hər zaman rotator manjet yırtığı anlamına gəlmədiyini diqqətə çatdırır. Çiyində ağrı bursit, vətərlərin iltihabı, oynaq problemləri, donmuş çiyin sindromu, artroz və digər səbəblərlə də bağlı ola bilər. Buna görə yalnız simptomlara əsaslanaraq özünə diaqnoz qoymaq düzgün deyil.Dəqiq diaqnoz üçün həkim müayinəsi ilə yanaşı, zərurət olduqda görüntüləmə müayinələrindən istifadə edilir. Rentgen sümük dəyişikliklərinin qiymətləndirilməsində faydalı ola bilər, ultrasəs müayinəsi isə bəzi vətər zədələnmələrinin müəyyənləşdirilməsinə imkan verir. Maqnit-rezonans tomoqrafiyası isə rotator manjet və digər yumşaq toxumaların vəziyyətinin daha ətraflı qiymətləndirilməsində mühüm rol oynaya bilər.

Şamil Səfərəliyev xüsusilə uzun müddət davam edən çiyin ağrılarının diqqətdən kənarda saxlanılmamasını tövsiyə edib. Çünki bəzi vətər yırtıqları zaman keçdikcə böyüyə, əzələlərdə zəifləmə və digər struktur dəyişiklikləri yarada bilər. Gecikmiş hallarda müalicə daha mürəkkəb ola və bəzən əvvəlki funksiyanın tam bərpası çətinləşə bilər.

Mütəxəssis hesab edir ki, çiyində davamlı ağrı, gecələr yuxudan oyadan narahatlıq, qolun yuxarı qaldırılmasında çətinlik və ya əvvəlki ilə müqayisədə güc itkisi müşahidə edən şəxslər problemin öz-özünə keçəcəyini gözləməkdənsə, ortoped-travmatoloqa müraciət etməlidirlər.Çiyin ağrısını uzun müddət adi yorğunluq kimi qəbul etmək düzgün deyil. Erkən müayinə problemin səbəbini müəyyənləşdirməyə və uyğun müalicə taktikasını vaxtında seçməyə imkan verir.