Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan və Xorvatiya iqtisadi tərəfdaşlığı dərinləşdirir: Yeni layihələr gözlənilir – Deputat AÇIQLADI  

Azərbaycan və Xorvatiya iqtisadi tərəfdaşlığı dərinləşdirir: Yeni layihələr gözlənilir – Deputat AÇIQLADI  

SİYASƏT

43

01.10.2026, 21:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikası Avropa İttifaqına üzv dövlətlərlə iqtisadi-ticarət əlaqələrinin və strateji tərəfdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu çərçivədə Balkan regionunun aparıcı ölkələrindən olan Xorvatiya ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Bu günlərdə Zaqreb şəhərində Xorvatiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın həyata keçirilməsi və təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilib. Keçirilən iclasda iki ölkə arasında iqtisadi münasibətlərin gələcək inkişaf istiqamətləri hərtərəfli müzakirə olunub. Görüş zamanı xüsusilə sənaye və energetika sahələrində mövcud əməkdaşlığın dərinləşdirilməsi məsələləri diqqət mərkəzində saxlanılıb. Tərəflər həmçinin biznes icmaları arasında birbaşa əlaqələrin gücləndirilməsi və birgə layihələrin dəstəklənməsi barədə fikir mübadiləsi aparıblar. 

Bununla yanaşı, ticarət həcminin artırılması və qarşılıqlı investisiyalar üçün yeni imkanların yaradılması prioritet vəzifə kimi müəyyən olunub. Zaqreb iclası Azərbaycan və Xorvatiya arasında iqtisadi tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldilməsinə mühüm töhfə verəcək.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib ki, Azərbaycan Avropa İttifaqının üzvü olan ölkələrlə əməkdaşlığı gücləndirib və təbii ki, bir sıra ölkələrlə strateji müttəfiqliyimiz var ki, bu da ölkələr arasında iqtisadi münasibətlərə birbaşa təsir göstərir. 

Deputatın sözlərinə görə, xüsusən nəzərə alsaq ki, Balkan regionunda yerləşən dövlətlərlə, o cümlədən Xorvatiya ilə münasibətlər də inkişaf edir:

“Bu münasibətlərin inkişaf etməsi də nəticədə iqtisadi əlaqələrə birbaşa təsir göstərir və iqtisadi əlaqələrdə biz artım müşahidə edirik. O baxımdan Xorvatiya Avropa İttifaqı ölkəsidir və Azərbaycan bir sıra sektorlarda Xorvatiya ilə əməkdaşlığı qurmaq və genişləndirmək imkanına malikdir, o cümlədən enerji sahəsində kifayət qədər böyük potensial var və sözsüz, məqsəd bu potensialdan daha yaxından istifadə etməkdir”.

Vüqar Bayramov sonda qeyd edib ki, Xorvatiya ilə münasibətlərin güclənməsi birmənalı şəkildə tərəflərin qarşılıqlı olaraq bu münasibətlərdən faydalanmasına gətirib çıxaracaq. 

Qeyd edək ki, Xorvatiya Cənub Qaz Dəhlizi və Avropanın enerji təhlükəsizliyi kontekstində Azərbaycan üçün mühüm tərəfdaşlardan birinə çevrilməkdədir. İki ölkə arasında iqtisadi əlaqələrin şaxələndirilməsi qeyri-neft sektorunun inkişafı və yerli məhsulların Avropa bazarlarına çıxarılması baxımından geniş imkanlar açır. Zaqrebdə keçirilən Birgə Komissiyanın iclasında əldə olunmuş razılaşmalar yaxın perspektivdə sənaye, logistika və İKT sahələrində konkret layihələrin reallaşmasını sürətləndirəcək. İş adamları arasında təmasların sıxlaşdırılması və birgə biznes forumlarının təşkili qarşılıqlı investisiya qoyuluşlarına əlavə təkan verəcək. Bütün bunlar Bakı və Zaqreb arasında qurulan iqtisadi tərəfdaşlığın uzunmüddətli və dayanıqlı xarakter daşıdığını bir daha sübut edir. Yaxın illərdə bu əməkdaşlığın hər iki ölkənin iqtisadi göstəricilərində öz müsbət əksini tapacağı gözlənilir.

Çimnaz Telmanqızı