Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb
01 Oktyabr 2026, 19:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
36
01.10.2026, 19:23
Günlərin bir günü, Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində, özünün dediyinə görə nar və heyvanın yetişdiyi payız aylarında anadan olsa da, doğum tarixi şəhadətnaməsində avqustun 1-i qeyd olunan Vaqif: “Şəhadətnaməni almaq bir neçə ildən sonra yada düşdü deyə, anam doğum tariximi dəqiq xatırlamadı, avqust ayı şərti olaraq yazılıb”dedi və biz - Tərcümə Mərkəzinin yığcam yaradıcı heyəti Vaqifin doğum tarixini ümumi razılıqla oktyabrın 1-inə təsdiqlədik...
Yəqin elə belə də olmalı idi... Hava ilə yeriyib küləklərin içi ilə uçan, yağışlardan asılıb, damlalarla göyə dırmaşan bu şəffaf adamın doğum günü də küləyin axını, havanın, yağışın rəngi kimi şəffaf və ələgəlməz olmalı idi.
Poeziyası usanmaz İlahi eşq və Ona qovuşmağın həsrətindən yoğrulan Vaqifin daim şən, nikbin ovqatı da, olsun ki, doğum tarixinin həmin bu naməlumluğu ilə bağlıdır. Axı qəbirlərimizin üstündə ölüm tariximizdən əvvəl doğum tariximiz yazılır və əgər doğum tarixi yoxdursa, demək, ölüm tarixi də yoxdur.
Vaqif burada da, poeziyasında olduğu kimi, bütün ölçülərin, qəbul olunmuş qayda və çərçivələrin qüvvəsini itirib yoxa çıxdığı, daim hərəkətli, sürüşkən və dinamik olan zamansızlıqda - əvvəli, axırı bilinməyən, toxunulmaz əbədiyyət məqamındadır...
***
...Vaqiflə ilk tanışlığım 1976-cı ildə, Mərkəzi Komitənin Yazıçılar İttifaqı və Komsomol Komitəsi ilə birgə Zuğulba «Gənclik» İstirahət Evində keçirdiyi Gənc Yazarların Ədəbiyyat Seminarları tədbirində baş tutmuşdu. Tanınmış sənət və ədəbiyyat adamlarının Mərkəzi Komitənin məsul əməkdaşları ilə birgə toplandığı təntənəli yekun mərasimində gənc şairlərə söz verilir, gur projektorlarla işıqlandırılan səhnəyə çıxanlar xüsusi intonasiya ilə Lenin komsomoluna, gündən-günə çiçəklənən xoşbəxt həyatımıza, xalqlar dostluğuna ithaf etdikləri şüarabənzər şeirlərindən oxuyur, hər çıxışdan sonra salondan gurultulu alqışlar qopurdu...
...Gecənin sonuna yaxın səhnəyə əsəbi yerişlə uzunsaçlı, solğunbənizli gənc bir adam çıxdı... Bir müddət mikrofon əlində, getdikcə ağaran bənizi ilə salona baxa-baxa, dinməz-söyləməz dayanıb durdu. Bu qəfil mənzərədən, bayaqdan aktiv canfəşanlıqla guruldayan salona çaşqın sakitlik çökdü.
Uzunsaçlı oğlan bir müddət də beləcə, donub sakitliyinə qısılan salona baxa-baxa, sanki nəyisə gözləyə-gözləyə dayanıb qaldı... sonra görünməz nəyinsə ucundan tutub çəkəntək, asta, titrək səslə türk dilində Nazim Hikmətin «Bir şəhərdə tramvayla yapılmış gecə gəzintiləri üstünə» şeirini deməyə başladı...
... Həzin türk dili sakitliyin içi ilə duman kimi üzüb, hüznlü tül örpək kimi hamının başına, hər kəsin üzünə salındı... üzlərdəki saxta bayram ovqatı, getdikcə solub əriməyə, süni təntənə ovqatı sovuşub yoxa çıxmağa başladı… rəngli portretləri salonun divarlarına vurulan sovet-rus rəhbərlərinin, üstü iri, ağ hərflərlə yazılmış şüarlar dolu qırmızı bayraqların mənasız saxtalığı, necəsə birdən-birə gözə çarpdı...
...Vaqif nə özünü təqdim etdi, nə adını dedi, nə öz şeirlərindən söylədi... Çıxışını, başladığı şeirlə bitirib dinməz-söyləməz səhnədən endi.
Qəfil ildırım çaxıntısı effektini yaradan bu çıxışdan donub qurumuş salonun sükutu isə bir müddət də davam etdi…
***
…Bir qədər sonralar Vaqifi daha yaxından tanıdıqca mən - insan kütlələri dolu salonlarla üzbəüz, təkbətək dayanıb qəlblərdə, şüurlarda qəfil oyanışlar yaratmağın, bu uzun saçlı, əsəbi adamın alın yazısı, bəlkə də bu dünyada ən ali missiyası olduğunu anlamağa başlamışdım... Onu ara-sıra uzaqdan-uzağa metroda - içi adamlar dolu işıqlı vaqonların hansı birindəsə küncə qısılıb, bütün yolu üzünü hamıdan gizləyəntək, başıaşağı nə isə oxuya-oxuya işə getdiyi yerdə görərəkən məndə belə bir qəribə hiss yaranmışdı ki, bu balaca, işıqlı vaqon Vaqifin vaqonudu və Vaqif, içinə hansı təsadüfləsə ayrı adamların da düşdüyü bu vaqonda haradansa çox-çox uzaqlardan – buralarda bir kəsin tanımadığı, haqqında təsəvvürünün belə olmadığı hansısa ayrı, yönü, ünvanı, istiqaməti bilinməyən naməlum, qərib məmləkətdən gəlir...
Bu qəribə hissi mən sonralar da, Vaqiflə birgə işləməyə başladığımız Tərcümə Mərkəzində (unudulmaz Aydın Məmmədovun Mərkəzi) - o, qəfildən nədənsə ilhamlanıb, ya kövrəlib şeir oxumağa başlayanda da keçirmişdim... Metroda duyduğum hissimin məni qətiyyən yanıltmadığını, yerin alt qatı ilə dolaşan o işıqlı vaqonun, həqiqətən Vaqifin olduğunu, onun, həqiqətən hansısa uzaq, qərib məmləkətdən gəldiyini dönə-dönə duymuş, oraların dilə, təsvirə gəlməyən köndələn çalarlarını dəfələrlə onun üzündə, gözlərində, ilahi havalı sətirlərində sezmişdim...
...Oralar qətiyyən buralara bənzəmir... Oraların ağaclarından meyvə əvəzinə, xırda ağızları ilə budaqlara can verən qızılı rəngli balıqlar asılır... quşları, yalnız köndələninə uçur... buludlara dəyəndə iki bölünüb havaya dağılır... o səbəbdən ki, oraların buludları da dipdiri quşlardı... sakinləri isə, uzanıb-yığıla bilən göz yaşlarına bənzəyir... astaca toxunuşla zədələnib xırda çatlarından sıza-sıza yağış damlalarına çevrilirlər... bu sirli səltənətin sahibi isə uşaqlardı... oyuncaqları - dar ağacı, oyunları - kəndiri boğazlarına keçirib özlərini budaqlardan asa-asa havada yellənmək olan gülərüz, üzüyola uşaqlar...
Keçib gəldiyi
Göyüzü kimidi şairin üzü...
İşığı saralar, buludu keçər
Hara, haraya gedəsi olsaq,
Yenə könlümüzdən, ürəyimizdən
Göy üzünə dönmək ümidi keçər...
...İndi Vaqifi, demək olar, hər gün görürəm. Hər gün işə eyni nikbin ovqatda, şən əhval-ruhiyyədə, üzündə dolanan həmin işıq dolu köndələn çalarla gəlir… bir-bir hamı ilə görüşüb hal-əhval tutur, bir az ümumi işlərdən, bir az «Xəzər»dən, bir az da ədəbiyyatdan danışır… və yenə özündən danışmır… Balaca, işıqlı vaqonu onu lap yaxında - bizim otağın o biri üzündə, bir addım kənarda gözləyir... Vaqif bir müddət beləcə, ayaqüstü söhbətdən sonra otaqdan çıxır və mən divarın o biri üzündə qapıları ehmalca açılan vaqonun səsini eşidirəm... Vaqif vaqona minir, qapılar bağlanır, vaqon hərəkətə gəlib səssiz çarxları ilə buralardan uzaqlaşır… uzaqlaşdıqca, o, söhbətinə başlayır… və yenə özündən yox, həmin o sehrli məmləkətdən danışır… oraların ağaclarından, budaqlarından meyvə əvəzinə asılan qızılı balıqlarından, quş olan buludlarından və onlara dəyəndə su damlasıtək iki bölünüb havaya dağılan quşlarından… bir də oraların sahibi olan gülərüz, üzüyola uşaqlarından danışır...
1989
Afaq Məsudun YAZISI
19:31 / 01 Oktyabr 2026
11
19:24 / 01 Oktyabr 2026
23
19:12 / 01 Oktyabr 2026
41
19:07 / 01 Oktyabr 2026
46
19:02 / 01 Oktyabr 2026
219
19:02 / 01 Oktyabr 2026
44
18:59 / 01 Oktyabr 2026
56
18:58 / 01 Oktyabr 2026
46
18:50 / 01 Oktyabr 2026
95
18:44 / 01 Oktyabr 2026
42
18:40 / 01 Oktyabr 2026
110
18:37 / 01 Oktyabr 2026
683
18:35 / 01 Oktyabr 2026
53
18:32 / 01 Oktyabr 2026
136
18:31 / 01 Oktyabr 2026
43
18:26 / 01 Oktyabr 2026
61
18:25 / 01 Oktyabr 2026
44
18:21 / 01 Oktyabr 2026
153
18:14 / 01 Oktyabr 2026
55
18:08 / 01 Oktyabr 2026
56
18:04 / 01 Oktyabr 2026
55
17:56 / 01 Oktyabr 2026
67
17:47 / 01 Oktyabr 2026
342
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.