Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan və İordaniya arasında vizalar ləğv edildi: Nələr dəyişəcək? – Politoloqdan ŞƏRH  

Azərbaycan və İordaniya arasında vizalar ləğv edildi: Nələr dəyişəcək? – Politoloqdan ŞƏRH  

CƏMİYYƏT

36

01.10.2026, 21:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milli Məclisin növbədənkənar iclasında "Azərbaycan və İordaniya arasında ümumvətəndaş pasportları sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında" sazişin təsdiq olunması barədə qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib. Qərara əsasən, iki ölkənin ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza rejiminin ləğvi rəsmiləşdirilib. Bu addım Azərbaycan ilə İordaniya arasında çoxşaxəli əlaqələrin yeni müstəviyə keçməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, sözügedən sənəd 2026-cı il iyulun 8-də Bakı şəhərində imzalanmışdı. Sentyabrın 30-da isə Milli Məclis tərəfindən təsdiqlənərək hüquqi qüvvəyə minməsi istiqamətində mühüm addım atıldı. Birbaşa aviareyslərin ardınca vizasız rejimin tətbiqi iki dövlət arasında qarşılıqlı gediş-gəlişi daha da rahatlaşdıracaq. Bəs bu tarixi qərar iki ölkə arasında siyasi, iqtisadi və turizm əlaqələrinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva Oxu24.com-a geniş şərh verib.

Politoloq Züriyə Qarayeva bildirib ki, Azərbaycan və İordaniya arasında ümumvətəndaş pasportu sahibləri üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması, ilk növbədə, iki ölkə arasında insanlararası əlaqələrin genişlənməsi üçün praktiki maneələrdən birini aradan qaldırır. 

Politoloq xatırladıb ki, Saziş 8 iyul 2026-cı ildə Bakıda imzalanıb və sentyabrın 30-da Milli Məclis tərəfindən təsdiq edilib:

“Bundan əvvəl, mayın 28-dən etibarən Bakı–Əmman–Bakı birbaşa aviareyslərinin fəaliyyətə başlaması da qarşılıqlı səfərlərin artırılması üçün mühüm baza yaradıb. Viza prosedurunun aradan qalxması səfərin həm təşkilati, həm də maliyyə baxımından asanlaşması deməkdir. Bu, xüsusilə turizmə müsbət təsir göstərə, İordaniyadan Azərbaycana gələn turistlərin sayının artmasına, eyni zamanda Azərbaycan vətəndaşlarının İordaniyanın tarixi və dini turizm məkanlarına marağının yüksəlməsinə şərait yarada bilər”.

Onun sözlərinə görə, birbaşa uçuşlarla vizasız rejimin paralel tətbiqi isə turizm axınının davamlı şəkildə artması üçün daha əlverişli mexanizm formalaşdırır.

Məsələnin digər mühüm tərəfindən bəhs edən Züriyə Qarayeva qeyd edib ki, iqtisadi və siyasi münasibətlər mühümdür:

“Vizasız rejim yalnız turistlərin deyil, sahibkarların, investorların, ekspertlərin və müxtəlif sahələrin nümayəndələrinin qarşılıqlı səfərlərini asanlaşdıraraq biznes əlaqələrinin intensivləşməsinə imkan verə bilər. İyul ayında keçirilən Azərbaycan–İordaniya danışıqlarında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, enerji sahəsində ayrıca əməkdaşlıq memorandumu da imzalanıb. Bu baxımdan vizasız rejimi ayrıca turizm qərarı deyil, Bakı ilə Əmman arasında münasibətlərin daha geniş iqtisadi və siyasi məzmun qazanmasının bir elementi kimi qiymətləndirmək olar”.

“Qarşılıqlı səfərlərin çoxalması yeni biznes əlaqələrinin, birgə layihələrin, təhsil və mədəniyyət mübadiləsinin inkişafına şərait yarada, eyni zamanda Azərbaycanla İordaniya arasında mövcud siyasi dialoqun ictimai və iqtisadi bazasını genişləndirə bilər”,- deyə politoloq əlavə edib. 

Çimnaz Telmanqızı