Qaynar xətt:

(+99450) 247 90 86

Zaur İbrahimli: Güclü polis hər birimizin əmin-amanlığıdır

Zaur İbrahimli: Güclü polis hər birimizin əmin-amanlığıdır

SİYASƏT

84

02.07.2026, 15:59

Politoloq Zaur İbrahimli 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə açıqlamasında güclü polisin milli gücün və ictimai əmin-amanlığın əsas təminatçılarından biri olduğunu bildirib.

Oxu24.com xəbər verir ki, politoloqun sözlərinə görə, birlik və sabitlik dövlətin ən böyük dəyəridir və effektiv polis xidməti hər kəsin rifahı, təhlükəsizliyi və əmin-amanlığı üçün əsas şərtlərdən biridir.

“İnsanlar həmişə mövcud nizamı qorumağa, kataklizmlər və qarışıqlıqlar olmadan dinc sosial-iqtisadi və mənəvi inkişaf üçün şərait yaratmağa ehtiyac duyublar. Dövlətlə bağlı ilk dəfə “sabitlik” terminini işlədən, müasir politologiyanın banisi Nikolo Makiavelli qeyd edir ki, birlik və sabitlik dövlətin ən böyük dəyəridir. O, eyni zamanda hər bir dövlət başçısı üçün məhz birlik və sabitliyin təmin edilməsini başlıca vəzifə kimi müəyyən edirdi”, – deyə o vurğulayıb.

Zaur İbrahimli bildirib ki, siyasi sabitlik dövlətin effektivliyini və rifahını müəyyən edən əsas amillərdən biridir və onun mövcudluğu davamlı inkişafa, daxili təhlükəsizliyə, sosial harmoniyaya və iqtisadi tərəqqiyə töhfə verir. O qeyd edib ki, daxili təhlükəsizliyin təmin edilməsində effektiv polis xidməti ən vacib funksiyanı yerinə yetirir, ictimai asayişin və əmin-amanlığın qorunması məhz bundan asılıdır.

Politoloqun sözlərinə görə, bu gün 108 yaşını qeyd edən Azərbaycan Polisi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquq-mühafizə siyasəti ilə müəyyən edilən vəzifələri uğurla yerinə yetirir.

“Azərbaycan Polisi istər müharibə dövründə səngərdə və arxa cəbhədə, istər cinayətkarlığa qarşı mübarizədə, yaxud dövlət xidmətlərinin göstərilməsində, hərəkəti nizamlayanda 7/24 aramsız olaraq asayişin, vətəndaşların, dövlətin qorunması və nizam-intizamın təmin edilməsi üçün çalışır”, – deyə o bildirib.

Zaur İbrahimli vurğulayıb ki, Daxili İşlər Nazirliyi bu gün cəmiyyətlə ən sıx işləyən, effektiv kommunikasiyaya malik və bütün mümkün kanallarla vətəndaşlarla təmasda olan qurumlardan biridir. Onun fikrincə, DİN yeni çağırışlara sürətlə uyğunlaşır, kibercinayətkarlıq, rəqəmsal mühitdə hüquqpozmalara və narkotik dövriyyəsinə qarşı mübarizədə kifayət qədər effektiv addımlar atır.

Politoloq əlavə edib ki, bölgəyə yaxın regionlarda müharibələrin davam etdiyi, maraqların toqquşduğu indiki şəraitdə daxili təhlükəsizliyin və ictimai asayişin qorunması daha da strateji xarakter daşıyır.

“Buna görə güclü polis milli gücümüz, hər birimizin əmin-amanlığıdır”, – deyə o qeyd edib.

Sonda Zaur İbrahimli 2 İyul – Polis Günü münasibətilə Daxili İşlər Nazirliyinin bütün şəxsi heyətinə fədakar xidmətlərində uğurlar və möhkəm cansağlığı arzulayıb, şəhid polis əməkdaşlarına rəhmət, qazilərə isə şəfa diləyib.