Həyat çox durğun və gözəl keçdiyi anlara fələyin insan üçün bir fəlakət biçdiyi anlar kimi də baxmaq olar. Eynən fırtınadan öncəki sakitlik kimi. O da günlərin bir günü düşündü ki, həyatında hər şey gözəl gedir və qorxdu. Qorxduğu başına gəldi. Sevimli oğlu qəfil dünyadan köçdü və bu itki onun da ömrünə son qoydu. Evindən dəfələrlə cadu tapıldı... Biri var idi, övladının ölümünə cəmi 3 il 4 gün dözən Zöhrə Abdullayeva...
Oxu24.com xəbər verir ki, Zöhrə Abdulla qızı Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. O, Azərbaycan Dövlət Texnologiya universitetini bitirib. Ustad sənətkarlardan - Sara Qədimova, Əbülfət Əliyev, Münəvvər Kələntərlidən fərdi muğam sənətindən dərs alıb - İlk müəllimi Rəhilə Həsənova olub. Qaqarin adına Pionerlər Evinə gedən balaca Zöhrəni Rəhilə Həsənova "Sazlı qızlar ansamblı"na aparır. Onu peşəkar səhnəyə isə İslam Rzayev gətirib.
Əvvəl "Lalə qızlar anasmblının", sonralar isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib.
Zöhrə Abdullayeva daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınıb. Onların birgə on iki silsilə dueti olub. Bu mahnıların hamısının söz və musiqilərini Məmmədbağır müəllim yazıb. Onlar birgə “Həccə gedirəm”, “Gəlin gəlir evimizə”, “Bağban, ay bağban”, “Şuşa maralı” kimi mahnılar ifa edib.
Məmmmədbağır Bağırzadə ilə duet oxuduğuna görə onlar haqqında müxtəlif şaiyələr gəzirdi. Hətta onların vətəndaş nikahında yaşadığı deyilir. Lakin, müğənni bunlara etiraz edərək deyir: Məmmədbağırın öz sevgilisi var idi və həmin xanımla indi də yaxınam. O, dünyasını dəyişəndə əli onun əlində idi. Məmmədbağır mənə qardaşım əvəzi olub. O qədər doğmaydıq ki... O, mənim ağzımın çörəyi idi. Məmmədbağır böyük şəxsiyyət olduğuna görə heç vaxt “bacı” dediyi adama pis gözlə baxmazdı. O, həmin qadınla iyirmi il yaşadı.
O, Allaha inandığı qədər, həm də, kəm gözlərə, caduya inanırmış. Müsahibələrinin birində bu haqda deyir: Caduya həm inanıram, həm də yox. Bir dəfə evdə neylon pərdəmdə 5 barmaq izi gördüm. Onu nə qədər yudum, ağardıcılara da, xlora da qoydum, ləkələr getmədi. Amma mən o evdə yaşayanda ruzim da yox idi, işlərim də çətin gedirdi. Sonra biz o pərdəni atdıq. Və onu küçə təmizləyən götürdü. İnanırsınız, onun da işləri çox pis oldu. Bahalı da pərdə idi, dedi Zöhrə xanım, bu pərdəni niyə atmısınız? Dedim ki, ipdən düşüb. O qaytarmaq istədi, amma mən götürmədim. Sonra eşitdim ki, yazıq arvad bir günlərə qalıb ki... Özü süpürgəçi idi, amma sonra çox ağır günlərə düşdü. Gördüm yazığı, dedim o pərdəni tulla. Bir yaxın qohumumuz var idi. O gəlib gedirdi bizə. Bəlkə də o idi. Çünki insanların daxilini bilmək olmur. Biz evimizi dəyişəndə, mən yataq dəstimi qardaşımın ailəsinə bağışladım. İnanmazsınız, döşəyi qaldıranda, oradan yağın içində bir qıfıl çıxdı. Mən onda rəhmətlik anamla yatırdım. Mənə elə gəlir ki, bəlkə də mənim anamı elə o yağ apardı. Təsəvvür edin, yatdığımız vaxtda, gecə saat 3-də ikimizin də ayağımızdan elə bil dartdılar. Sən demə, orada qıfıl var imiş. Anamı cadu öldürdü.
Zöhrə Abdullayeva 16 yaşında ailə həyatı qurub. Bu evlilikdən onun İsrafil adlı oğlu olub. Həyat yoldaşını gənc yaşlarında itirib. Müğənni öz bacısı qızını oğluna alıb.
Birinci evliliyindən sonra müğənni heç vaxt ailə qurmayıb. O, müsahibələrinin birində bu barədə deyir:
“Mənim şəxsi həyatım yoxdur. Nəvələrimlə, oğlumla sevinirəm. Yaxşı ki, Allah-Təala onu mənə ağıllı verib. Çox təvazökar, müdrik, namuslu gəlinim var. Bu barədə çox bəxtəvərəm. Amma iyirmi altı ildir təkəm. Ən gözəl illərimi tək qaldım. Dul qalmaq istəməzdim. Kim istəyər ki, əri ölsün, tənha qalsın? Amma mənə layiq insan olmadı.
Deyilənlərə görə xalq mahnısı kimi bilinən “Qarabağ maralı” mahnısının sözləri və musiqisi İsgəndər Novruzlu adlı şəxsə məxsus olub. Və o, bu mahnını Zöhrə xanımın anasına ithaf edib.
Müğənninin Dövlət Gömrük Komitəsinin Astara rayon şöbəsinin rəisi vəzifəsində çalışan yeganə oğlunun beyin xərçənginə tutulduğu öyrənilir. İki il xaricdə müalicə olunmasına baxmayaraq, İsrafil Abdullayev 24 may 2018-ci ildə, 47 yaşında vəfat edir. Onun bir qızı, bir oğlu qalır.
Bu itki Zöhrə xanımın həyatına böyük zərbə vurur. Səhnədən uzaqlaşır, 30 kilo arıqlayır, tanınmaz hala düşür. Uzun müddət sonra ilk dəfə efirə çıxan Zöhrə xanım deyir: Elə bil hiss etmişdim ki, həyatımda bir sunami olacaq. Həyatımda hər şey sakit və rəvan idi, bu dərəcədə ola bilməzdi axı! Allah kaş mənə nə isə edəydi... Ağıllı balam ağıllı başından xəstələndi. Qəfil oldu, səbəbini bilmədik. Həkim deyir, ola bilər başı haçansa harasa dəyib. Doğrudan da bir dəfə bağda 2-ci mərtəbədən yıxılmışdı. Amma başı dəymədi axı... İndi də deyirlər yazıdır, bəlkə mənə ürək-dirək verirlər. Balam ağıllı balalar, ağıllı həyat yoldaşı qoyub gedib. Hər şərait yaradıb onlara. Amma mənə özü lazımdır. Özünü istəyirəm! Balamı istəyirəm! Razıyam e, yuxuma gəlib mənə desin ki, yerim yaxşıdır, ağlama. Görün nə həddir ki, ona da razıyam!”
Mənbə: 1000 Production
Oxu24.com
ŞƏRHLƏR