Qaynar xətt:

(+99450) 247 90 86

Avropa liderləri Prezident İlham Əliyevin mövqeyinə niyə xüsusi maraq göstərir? - TƏHLİL

Avropa liderləri Prezident İlham Əliyevin mövqeyinə niyə xüsusi maraq göstərir? - TƏHLİL

SİYASƏT

46

11.11.2026, 20:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avropa Siyasi Birliyinin (European Political Community – EPC) 2026-cı il noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçiriləcək 9-cu Zirvə toplantısı Avropanın siyasi, iqtisadi və təhlükəsizlik gündəliyi baxımından mühüm əhəmiyyət daşıyır. Avropanın üzləşdiyi geosiyasi çağırışların, enerji təhlükəsizliyi problemlərinin, nəqliyyat-kommunikasiya xətlərinin dayanıqlılığının və regional münaqişələrin diqqət mərkəzində olacağı toplantıda Azərbaycanın mövqeyi də xüsusi maraq doğurur.

Bu marağın bir neçə mühüm səbəbi var. İlk növbədə, Azərbaycan Avropa ilə Asiya arasında strateji coğrafi mövqeyə malik olmaqla yanaşı, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və regional sabitlik baxımından Avropa dövlətləri üçün əhəmiyyətli tərəfdaşdır. Digər tərəfdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində öz maraqlarını müdafiə etmək, müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq qurmaq və regional proseslərə təsir göstərmək imkanlarını genişləndirib.

Azərbaycan Prezidentinin Avropa Siyasi Birliyinin ilk Zirvə toplantısından başlayaraq bu platformaya dəvət alması da ölkəmizin Avropa üçün əhəmiyyətinin göstəricilərindən biridir. 2022-ci il oktyabrın 6-da Praqada keçirilən ilk toplantıda Prezident İlham Əliyevin iştirakı Azərbaycanın yeni yaradılmış bu siyasi platformanın fəaliyyətində ilk mərhələdən təmsil olunduğunu göstərirdi. Bu Zirvə toplantıları çərçivəsində Prezident İlham Əliyevlə Avropa İttifaqının, ayrı-ayrı Avropa dövlətlərinin rəhbərləri arasında müxtəlif formatlarda təmaslar və görüşlər baş tutub. Bu görüşlərdə enerji, nəqliyyat, təhlükəsizlik və regional əməkdaşlıq məsələləri əsas müzakirə mövzularından olub.

Dublində keçiriləcək toplantının ümumi mövzusu da diqqət çəkir: “Avropa – güclü, təhlükəsiz və əlaqəli”. Bu prioritetlər Azərbaycanın son illərdə Avropa ilə əməkdaşlığının əsas istiqamətləri ilə birbaşa üst-üstə düşür.

Enerji təhlükəsizliyində Azərbaycanın artan əhəmiyyəti

Avropa dövlətlərinin Azərbaycanla əməkdaşlığa xüsusi marağının əsas səbəblərindən biri enerji təhlükəsizliyidir. Rusiya-Ukrayna müharibəsindən sonra Avropa ölkələrinin enerji təchizatının şaxələndirilməsi, alternativ mənbələrin və marşrutların genişləndirilməsi məsələsi daha da aktuallaşıb. Bu prosesdə Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşlarından biri kimi mövqeyini möhkəmləndirib.

Cənub Qaz Dəhlizi vasitəsilə Xəzər hövzəsinin təbii qazının Avropa bazarlarına çatdırılması bu əməkdaşlığın ən mühüm nəticələrindəndir. Avropa Komissiyasının məlumatına görə, Azərbaycandan Avropa İttifaqına qaz təchizatı 2021–2024-cü illərdə 40 faizdən çox artıb. 2025-ci ildə Azərbaycan və SOCAR Avropa İttifaqının üzv dövlətlərinə 12,5 milyard kubmetr təbii qaz tədarük edib. Bu, 2021-ci illə müqayisədə 53,8 faiz artım deməkdir.

Bu rəqəmlər Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunun təkcə siyasi bəyanatlardan ibarət olmadığını, konkret iqtisadi və infrastruktur nəticələrinə söykəndiyini göstərir. Üstəlik, Azərbaycanla Avropa İttifaqı arasında 2022-ci ildə imzalanmış Enerji sahəsində strateji tərəfdaşlıq Memorandumu əməkdaşlığın uzunmüddətli xarakter daşıdığını təsdiqləyir.

Digər mühüm məqam Azərbaycanın enerji siyasətinin yalnız neft və qaz ixracı ilə məhdudlaşmamasıdır. Bərpaolunan enerji mənbələrinin inkişafı, Xəzər dənizinin külək enerjisi potensialından istifadə və “yaşıl enerji” dəhlizlərinin yaradılması ölkənin Avropa üçün əhəmiyyətini yeni mərhələyə daşıyır. Beləliklə, Azərbaycan gələcəkdə Avropanın həm ənənəvi, həm də “yaşıl enerji” təhlükəsizliyində mühüm tərəfdaş olmaq imkanlarını genişləndirir.

Orta Dəhliz: Azərbaycanın Avropa üçün strateji nəqliyyat əhəmiyyəti

Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini artıran digər əsas amil Orta Dəhlizdir. Çin və Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan bu marşrut qlobal ticarət və logistika sistemində alternativ nəqliyyat xətti kimi getdikcə daha böyük əhəmiyyət qazanır.

Son illərdə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki gərginliklər və ənənəvi dəniz marşrutlarında yaranan təhlükəsizlik riskləri Avropa ilə Asiya arasında alternativ nəqliyyat bağlantılarının əhəmiyyətini artırıb. Bu şəraitdə Orta Dəhliz yalnız iqtisadi layihə deyil, həm də təchizat zəncirlərinin təhlükəsizliyinin və dayanıqlılığının təmin edilməsi vasitəsi kimi nəzərdən keçirilir.

Azərbaycan bu marşrutun əsas həlqələrindən biridir. Xəzər dənizində liman infrastrukturu, Bakı-Tbilisi-Qars dəmir yolu, avtomobil yolları və digər nəqliyyat layihələri ölkəmizin tranzit imkanlarını genişləndirib. 2025-ci ildə Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizi üzrə yükdaşımalarının həcmi 16,9 milyon ton təşkil edib. Bu göstərici ölkənin beynəlxalq logistika sistemində artan rolunu nümayiş etdirir.

Avropa İttifaqı da Azərbaycanın bu sahədəki potensialını nəzərə alır. 2026-cı ilin yanvarında Avropa İttifaqı, Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı Naxçıvan dəmir yolu layihəsinin inkişafı üzrə texniki-iqtisadi əsaslandırma işlərinə başlamaq barədə razılığa gəliblər. Layihə Avropa ilə Mərkəzi Asiyanı birləşdirən Transxəzər nəqliyyat dəhlizinin genişləndirilməsinin tərkib hissəsi kimi qiymətləndirilir.

Bu baxımdan Azərbaycanın Avropa üçün əhəmiyyəti təkcə enerji resurslarının təchizatı ilə ölçülmür. Ölkəmiz həm də Avropanın Asiya bazarlarına çıxışında, ticarət marşrutlarının şaxələndirilməsində və təchizat zəncirlərinin təhlükəsizliyində mühüm rol oynayır.

Azərbaycan – regionda sabitlik və etibarlı tərəfdaşlıq modeli

Azərbaycanın Avropa üçün əhəmiyyətini artıran digər mühüm amil onun mürəkkəb geosiyasi şəraitdə sabitliyini qoruyub saxlamasıdır. Ölkəmiz Rusiya və İran kimi regionda ciddi geosiyasi proseslərə cəlb olunmuş dövlətlərlə həmsərhəddir. Şimalda Rusiya-Ukrayna müharibəsinin davam etməsi, cənubda isə İran ətrafında yaranmış gərginlik Cənubi Qafqazın strateji əhəmiyyətini daha da artırır.

Belə bir şəraitdə Azərbaycanın daxili sabitliyi qoruması, iqtisadi inkişafını davam etdirməsi, beynəlxalq nəqliyyat və enerji layihələrini reallaşdırması diqqət çəkən məqamlardandır. Azərbaycan mürəkkəb geosiyasi mühitdə müxtəlif dövlətlərlə münasibətlərini balanslaşdırmağa, milli maraqlarını qorumağa və regional əməkdaşlıq imkanlarını genişləndirməyə çalışır.

Avropa liderləri üçün Azərbaycanın bu təcrübəsi bir neçə baxımdan maraqlıdır. İlk növbədə, Azərbaycan həm Qərb dövlətləri, həm Türkiyə, həm Mərkəzi Asiya ölkələri, həm də Rusiya, İran və Çinlə müxtəlif istiqamətlərdə əməkdaşlıq əlaqələrinə malikdir. Bu, ölkəmizə fərqli geosiyasi maraqların kəsişdiyi məkanda öz mövqeyini qorumaq və beynəlxalq münasibətlər sistemində müstəqil siyasət yürütmək imkanı verir.

Bu kontekstdə Prezident İlham Əliyevin mesajları xüsusi maraqla gözlənilir. Çünki regional təhlükəsizlik, enerji marşrutları, nəqliyyat bağlantıları və dövlətlərin suverenliyi məsələlərində birbaşa təcrübəyə əsaslanan mövqe ortaya qoyulur.

Azərbaycanın “orta güc” kimi beynəlxalq mövqeyi möhkəmlənir

Müasir beynəlxalq münasibətlər sistemində yalnız böyük dövlətlərin deyil, “orta güc” hesab edilən ölkələrin də rolu artır. “Orta güclər” öz iqtisadi, siyasi və diplomatik imkanlarından istifadə etməklə regional proseslərə təsir göstərir, müxtəlif güc mərkəzləri arasında əməkdaşlıq platformalarının yaradılmasına töhfə verirlər.

Azərbaycanın son illərdəki xarici siyasəti bu baxımdan diqqətəlayiq nümunələrdən biridir. Ölkəmiz Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində təşəbbüslərlə çıxış edib, COP29-a ev sahibliyi etməklə qlobal iqlim gündəliyində mühüm rol oynayıb. Eyni zamanda, Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında siyasi-iqtisadi əlaqələrin inkişafında fəal iştirak edib.

Azərbaycanın COP29-a ev sahibliyi də ölkənin təşkilatçılıq və diplomatik imkanlarının göstəricisi oldu. Bakı konfransında iqlim maliyyələşməsi üzrə yeni kollektiv hədəfin qəbul edilməsi, karbon bazarları ilə bağlı razılaşmaların əldə olunması Azərbaycanın beynəlxalq danışıqlar prosesində qazandığı təcrübəni nümayiş etdirdi.

Bu təcrübə göstərir ki, Azərbaycan yalnız regional məsələlərdə deyil, qlobal əhəmiyyətli problemlərin həllində də təşəbbüslərlə çıxış edə bilir. Bu isə ölkənin beynəlxalq münasibətlər sistemində “orta güc” kimi mövqeyinin möhkəmlənməsinə şərait yaradır.

Avropa Siyasi Birliyinin Zirvə toplantıları da Azərbaycanın bu imkanlarını nümayiş etdirmək üçün mühüm platformadır. Burada Prezident İlham Əliyevin Avropa liderləri ilə təmasları, regional və qlobal məsələlərlə bağlı mövqeyini birbaşa çatdırması ölkəmizin diplomatik əlaqələrinin genişlənməsinə xidmət edir.

Ermənistanla sülh prosesi Azərbaycanın regional gündəliyini gücləndirir

Azərbaycanın Avropa üçün əhəmiyyətini artıran mühüm amillərdən biri də Cənubi Qafqazda sülhün və əməkdaşlığın təşviqidir. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh sazişinin mətninin paraflanması, Prezident İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Birgə Bəyannamənin imzalanması regionda yeni siyasi reallığın formalaşması baxımından mühüm hadisə oldu.

Sazişin paraflanması və kommunikasiyaların açılması istiqamətində əldə olunan razılaşmalar Cənubi Qafqazın uzunmüddətli inkişafı üçün yeni perspektivlər yaradır. Xüsusilə Şərq-Qərb nəqliyyat bağlantılarının genişləndirilməsi, regional ticarətin inkişafı və iqtisadi əməkdaşlığın gücləndirilməsi Avropa üçün də strateji maraq kəsb edir.

Burada Azərbaycanın yanaşmasının əsas xüsusiyyəti ondan ibarətdir ki, ölkə regional təhlükəsizliyi iqtisadi inkişaf və nəqliyyat bağlantıları ilə əlaqəli şəkildə nəzərdən keçirir. Başqa sözlə, sülh yalnız siyasi razılaşma deyil, həm də region ölkələri üçün iqtisadi dividendlər yaradan yeni əməkdaşlıq mərhələsi kimi təqdim olunur.

Avropa liderləri üçün bu prosesin əhəmiyyəti xüsusilə böyükdür. Çünki Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi Avropanın Mərkəzi Asiyaya çıxış imkanlarını genişləndirir, enerji və nəqliyyat layihələrinin təhlükəsizliyini artırır. Buna görə də Prezident İlham Əliyevin Ermənistanla sülh prosesi, regional kommunikasiyalar və gələcək əməkdaşlıq barədə mövqeyi Dublində keçiriləcək toplantının diqqət çəkən mövzularından biri olacaq.

Azərbaycanın etibarlı tərəfdaş imici

Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Zirvə toplantılarında iştirakı və Avropa liderləri ilə çoxsaylı təmasları Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan çəkisinin göstəricisidir. Bu təmasların əhəmiyyəti yalnız diplomatik protokolla məhdudlaşmır. Onlar Avropanın enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, regional sabitlik və iqtisadi əməkdaşlıq kimi fundamental maraqlarına toxunur.

Azərbaycanın etibarlı tərəfdaş imici də məhz bu istiqamətlərdə formalaşır. Ölkəmiz enerji təchizatında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir, beynəlxalq nəqliyyat layihələrinə sərmayə qoyur, regional əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu nümayiş etdirir. Eyni zamanda, mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət yürütməsi onun beynəlxalq tərəfdaşlar üçün əhəmiyyətini artırır.

Dublində keçiriləcək 9-cu Zirvə toplantısının mövzusu – güclü, təhlükəsiz və əlaqəli Avropa – Azərbaycanın maraqları və imkanları ilə birbaşa əlaqəlidir. Bu səbəbdən Prezident İlham Əliyevin Avropanın təhlükəsizlik arxitekturası, enerji təchizatı, Orta Dəhliz, Cənubi Qafqazda sülh və regional əməkdaşlıqla bağlı mesajlarının xüsusi diqqətlə izlənilməsi gözləniləndir.

Burada əsas məqam ondan ibarətdir ki, Azərbaycan artıq Avropa üçün yalnız enerji resursları əldə edilən ölkə deyil. O, Avropa ilə Asiya arasında strateji bağlantıların qurulmasında iştirak edən, regional təhlükəsizliyə təsir göstərən və beynəlxalq məsələlərdə öz mövqeyi olan dövlətdir.

Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin nəticələrindən biri də Azərbaycanın müxtəlif beynəlxalq platformalarda öz maraqlarını ifadə etmək və tərəfdaşları ilə birbaşa dialoq aparmaq imkanlarının genişlənməsidir. Avropa Siyasi Birliyinin Zirvə toplantılarına dəvətlər, Avropa İttifaqının rəhbərliyi və ayrı-ayrı ölkələrin liderləri ilə keçirilən görüşlər bu diplomatik fəallığın mühüm göstəriciləridir.

Dublində keçiriləcək Zirvə toplantısı Azərbaycanın Avropa üçün strateji əhəmiyyətinin bir daha nümayiş etdirilməsi baxımından mühüm platformadır. Enerji təhlükəsizliyi, Orta Dəhliz, regional sabitlik, Ermənistanla sülh prosesi və Azərbaycanın artan beynəlxalq rolu Prezident İlham Əliyevin mesajlarına marağı şərtləndirən əsas amillərdir.

Bu gün Avropa üçün əsas məsələlərdən biri dəyişən geosiyasi şəraitdə etibarlı tərəfdaşlarla əməkdaşlığı genişləndirməkdir. Azərbaycan isə enerji, nəqliyyat, təhlükəsizlik və diplomatik əlaqələr sahəsində formalaşdırdığı imkanlarla bu əməkdaşlıq sistemində özünəməxsus yer tutur. Prezident İlham Əliyevin beynəlxalq platformalarda səsləndirdiyi mövqelərin diqqətlə izlənilməsi də məhz Azərbaycanın artan geosiyasi və geoiqtisadi əhəmiyyətindən qaynaqlanır.