Qaynar xətt:

(+99450) 247 90 86

Əməkhaqqı alanların DİQQƏTİNƏ: Sığorta haqlarında gözlənilməz DƏYİŞİKLİK  

Əməkhaqqı alanların DİQQƏTİNƏ: Sığorta haqlarında gözlənilməz DƏYİŞİKLİK  

CƏMİYYƏT

126

11.11.2026, 18:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda sosial sığorta sisteminin müasirləşdirilməsi və maliyyə əməliyyatlarının tam rəqəmsallaşdırılması istiqamətində növbəti mühüm addım atılır. "İşsizlikdən sığorta haqqında" qanuna təklif edilən yeni dəyişiklik layihəsinə əsasən, bundan sonra işsizlikdən sığorta haqlarının yalnız nağdsız formada ödənilməsi nəzərdə tutulur. Layihəyə uyğun olaraq, müvafiq ödənişlər əməkhaqqının verilməsi ilə eyni vaxtda, tam məbləğdə və növbəti ayın 15-dən gec olmayaraq elektron qaydada həyata keçirilməlidir.

Bu yenilik maliyyə dövriyyəsində kölgə iqtisadiyyatının qarşısının alınması və ödəniş intizamının gücləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, sığorta haqlarının elektron izinin qalması dövlətin nəzarət imkanlarını artırmaqla yanaşı, vətəndaşların sosial təminat hüquqlarının daha etibarlı qorunmasına şərait yaradır. Beynəlxalq təcrübəyə tam uyğun olan bu addım ölkədə rəqəmsal uçot sisteminin genişləndirilməsinə xidmət edir. Şəffaflığın təmin olunması isə həm işəgötürənlərin məsuliyyətini artırır, həm də işçilərin gələcək sığorta ödənişlərinə zəmanət verir. Yeni mexanizmin mahiyyəti, onun vergi və sosial sığorta sisteminə gətirəcəyi yeniliklər geniş müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı Oxu24.com-a iqtisadçı ekspert Asif İbrahimov şərh verib. Ekspert bildirib:

"Bu dəyişiklik ilk növbədə sığorta haqlarının toplanmasında şəffaflığın artırılması, ödəniş intizamının gücləndirilməsi və maliyyə əməliyyatlarının elektron qaydada izlənilməsi baxımından əhəmiyyətlidir.

Dünya təcrübəsində bu mexanizm kifayət qədər geniş tətbiq olunur. Məsələn, Almaniyada işəgötürən əməkhaqqını hesablayarkən sosial sığorta ödənişlərini də hesablayır və elektron qaydada müvafiq quruma köçürür. Böyük Britaniyada bu proses vergi administrasiyasının elektron sistemi vasitəsilə həyata keçirilir. Kanadada da işsizlik sığortası haqları əməkhaqqı əsasında hesablanır və dövlətə elektron qaydada ödənilir”.

Ekspert qeyd edib ki, Azərbaycanda təklif olunan dəyişiklik də bu beynəlxalq yanaşmaya uyğundur. Layihəyə əsasən, işsizlikdən sığorta haqqı əməkhaqqının verilməsi ilə eyni vaxtda, tam məbləğdə və növbəti ayın 15-dən gec olmayaraq nağdsız formada ödənilməlidir:

“Bu mexanizmin əsas üstünlüyü ondan ibarətdir ki, hər bir ödənişin elektron izi qalır. Dövlət hansı işəgötürənin nə qədər sığorta haqqı ödədiyini, hansı ödənişlərin gecikdirildiyini daha asan müəyyən edə biləcək. Eyni zamanda, işçilərin əməkhaqqı məlumatları ilə onlar üzrə ödənilən sığorta haqlarının uyğunluğunu yoxlamaq mümkün olacaq”.

Asif İbrahimov hesab edir ki, bu yanaşmanın növbəti mərhələsi vahid elektron əməkhaqqı və sosial sığorta uçotu sisteminin formalaşdırılması olmalıdır. İşçi öz elektron kabinetində aldığı əməkhaqqını, onun üçün hesablanmış və ödənilmiş sığorta haqlarını, eləcə də sığorta stajını görə bilməlidir. 

İqtisadçının sözlərinə görə, bir məqamı da nəzərə almaq lazımdır: nağdsız ödəniş şəffaflığın təmin olunması üçün mühüm vasitədir, lakin sistemin effektivliyi yalnız pulun hansı formada köçürülməsi ilə müəyyən edilmir. Toplanan vəsaitlərin idarə olunması, işsizlikdən sığorta ödənişlərinin təyin edilməsi və vətəndaşların bu hüquqdan istifadəsi də eyni dərəcədə şəffaf olmalıdır.

Sonda ekspert əlavə edib ki, ümumilikdə, bu dəyişiklik Azərbaycanın sosial sığorta sistemində rəqəmsal uçotun genişləndirilməsi istiqamətində atılan addımdır. Əsas nəticə isə işəgötürənin ödəniş öhdəliyinin, dövlətin nəzarət imkanlarının və vətəndaşın sosial təminat hüququnun daha dəqiq uçotunun təmin edilməsidir.

Çimnaz Telmanqızı