Ötən ilin sonu Azərbaycan 44 günlük müharibədə qalib gələrək ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bütün dövlətlər, ələlxüsus keçmiş SSR ölkələri üçün nümunə ortaya qoydu.
30 ilə yaxın davam edən işğala son qoyulması nəticəsində regionda yeni münasibətlər qurulmaqdadır. Lakin onu da bilmək lazımdır ki, istənilən münaqişədə olduğu kimi, Ermənistan-Azərbaycan münaqişəsinin postmüharibə dövründə də müxtəlif sualların aradan qaldırılması bir qədər vaxt aparacaq. Bu suallardan biri də Xankəndidəki separatçılarla bağlıdır.
Fevralın 20-də Xankəndidəki separatçılar və siyasi avantüristlər şəhərin mərkəzi küçələrinə çıxaraq həmişəki kimi yerli erməniləri ələ salmaqla məşğul oldular. Guya 1988-ci ilin 20 fevral gününü “yad etdilər”, o günü ki Dağlıq Qarabağ Muxtar Vilayətinin məclis üzvləri bölgənin Ermənistana birləşdirilməsi ilə bağlı qanunsuz olaraq qərar qəbul etdi və regionda faciənin əsasını qoydu. Həmin tarixdən sonra separatçılar hər il bu təqvimi “dirçəliş günü” kimi keçirirlər. Bu ilin 20 fevralında da Xankəndidəki siyasətbazlar yerli ermənilərin özləri üçün də faciəyə səbəb olan həmin tarixi “qeyd etdi”. Araik Arutunyan və komandası ətrafına qohumlarını, digər separatçıları toplayaraq tapdalanmış siması ilə Xankəndi küçələrində gəzişdi. O küçələrdə ki, 44 günlük müharibə vaxtı Araik Arutunyan, Vitali Balasanyan və digərləri papaqlarını qoyaraq qaçmışdılar.
ƏTRAFLI
Optimal Sərfəlidir
İndi aramızda sülhməramlıların olmasından ürəklənən separatçılar Xankəndində “milli azadlıq hərəkatının” ildönümünü qeyd edirlər. Yürüşdə iştirak edənlər, əllərində qondarma “arsax” bayraqları və güllər tutublar. Anımın sonunda müharibədə həlak olan separatçıların məzarları ziyarət edilib. Yürüşün əsas şüarı isə, “arsaxın gələcəyi” və “birlik” olub.
Maraqlı məqamlardan biri də əynində Qarabağdakı Rusiya sülhməramlı kontingentinə məxsus geyim olan keşiş idi. Etibarlı mənbələrdən əldə olunan məlumata görə, cinayətkar Vitali Balasanyanın yanında dayanan və 30 il ərzində pravoslav kilsələrini darmadağın edən separatçılara dəstək olan keşişin Rusiya sülhməraqmlılarına heç bir aidiyyatı yoxdur. Bu, sadəcə separatçıların və onların dəstəkçilərinin Rusiya ilə Azərbaycan arasında təxribat törətməyə növbəti cəhdidir. Həmin keşişin diqqətinə çatdırmaq vacibdir ki, bu həmin separatçılardır ki, Şuşada XIX əsrdə inşa edilən Müqəddəs vəftiz Rus Pravoslav Kilsəsini erməniləşdiriblər, Hadrutun Kuropatkino kəndində Rus Pravoslav Kilsəsini darmadağın ediblər.
Xankəndi yürüşündən əvvəl isə elə həmin “müqəddəs ata” qədim alban məbədi olan Xudavəngi ziyarət etmək fikrinə düşüb, lakin hərbçilərimiz onu oradan qovublar. Bəzi mənbələrə görə, Azərbaycan tərəfinin tələbi ilə separatçılara rəğbət bəsləməsi ilə seçilən bu “keşiş” artıq Dağlıq Qarabağ ərazisindən mənsub olduğu Ryazan şəhərinə göndərilib. Öz növbəsində, rus sülhməramlılarının komandanlığı iddia edir ki, keşişin onlarla heç bir əlaqəsi yoxdur və həmin şəxs rus sülhməramlılarının formasını Xankəndindəki mağazalardan birindən alıb.
Müharibə vaxtı ordumuzun qorxusundan yeraltı bunkerdən çıxa bilməyən Araik Arutunyan indi Xankəndinin mərkəzində gəzinti təşkil edir, yenidən saxta xəyallar qurmağa başlayıb. O xəyallar ki, bu gün Ermənistan dövlətçiliyini də sual altına qoyub. Saxta xəyalların Ermənistanı və erməniləri hara aparacağını onların bəzi siyasətçiləri də artıq deməkdədir. Məsələn, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın müşaviri və Qarabağ danışıqlarında (1991-1997) səlahiyyətli nümayəndəsi olan Jirayr Libardyan erməni cəmiyyətinin istəkləri ilə reallığı seçə bilməməsini xalqının kollektiv problemi sayır: “İnsanlar öz istəkləri ilə onlara təqdim olunan şərtləri səhv salırlar. Heç kim bizə heç nə verməli deyil. Hər müharibədə qalib gələcəyimizi düşünmək isə reallıqla deyil, miflərlə yaşamaqdır. Biz reallığı qəbul etməməyi, yalançı xülyalarla yaşamaq metodlarını dəstəkləyirik. Biz bunu peşəkar səviyyədə sənətə çevirmişik. Bizim xalq olaraq həyatdakı strategiyamız – xəyal qurmaqdır. Amma xəyal qurmaq strategiya deyil”.
Xəyal qurmağın erməniçiliyi hara aparmasından danışmağa ehtiyac yoxdur. Ötən ilin payızında baş tutan 44 günlük müharibə və onun nəticələri Koçaryanlar, Sarkisyanlar, Paşinyanlar və digər yanlar üçün elə soyuq duş effekti yaratdı ki, hələ də özlərinə gələ bilmirlər. Həmin günlərdə Ermənistan ordusunun məhv edilməsi, erməni gənclərinin döyüşlərdən qaçması dünyəvi erməniçilik ideyasının süqutu idi. Bu gün Ermənistandakı hadisələr göstərir ki, 44 günlük müharibə, həm də Qarabağ erməniləri ilə yerli haylar arasında tarixi ədavəti dərinləşdirdi. Elə Ermənistan Baş naziri Nikol Paşinyanın özü fevralın 10-da parlamentdə çıxışı zamanı müharibədən qaçan və Qarabağda döyüşmək istəməyən 10 min fərarinin olduğunu etiraf etmişdi.
Artıq Qarabağın Azərbaycanda olduğunu Ermənistanda da siyasətçisindən tutmuş vətəndaşına qədər başa düşməkdədirlər. İrəvandakı anti-Paşinyan mitinqlərinin sönük keçməsinin səbəbi də erməni xalqının daha çox hissəsinin Qarabağsız Ermənistanın daha real olduğunu anlamaları ilə bağlıdır.
İndi region yeni reallıqla üz-üzədir. Azərbaycan müharibədə qalib gəlib, 30 il ərzində işğal altında olan torpaqlarını geri qaytarıb. Hazırda üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycanın tələbləri bir-birinin ardınca yerinə yetirilməkdədir. Sual doğuran bəzi nüanslar mərhələli şəkildə həllini tapmalıdır. Sözsüz ki, bura həm də ermənilərin kompakt yaşadıqları rayonlarda silahların təhvil verilməsi, bayrağımızın dalğalanması daxildir.
Müharibə nəticəsində Qarabağın, Zəngəzurun, bölgənin gələcəyi həll olunub, Azərbaycan zəfər əldə edərək Ermənistanı diz çökdürüb. Ona görə də istər Ermənistan, istər separatçıların liderləri, istərsə də, bölgədə marağı olan dövlətlər bilməlidir ki, Bakı öz prinsiplərinə indiyə qədər sadiq olduğu kimi, bundan sonra da sadiq qalacaq. 27 sentyabrda müharibənin başlanmasına qədər tələblərimizi qulaqardına vuran qüvvələr ordumuzun gücü və regionda yaranmış reallıq qarşısında dayandıqlarını unutmayaraq, bundan sonra da həmin hadisələrin təkrarlanması ehtimalını yaddan çıxartmamalıdır. Təsadüfi deyil ki, dövlətimiz kifayət qədər maliyyə sərf etdiyi müharibənin bitməsinə baxmayaraq, 2021-ci il üçün nəzərdə tutulan dövlət büdcəsində hərbi xərclərini bir qədər də artırdı.
Azərbaycan indiyə qədər olduğu kimi, bundan sonra da beynəlxalq hüququ əsas götürərək bölgədə yürütdüyü ədalətin bərpa olunması siyasətinə davam edəcək. Ona görə də, Arutunyanlar, Balasanyanlar və onlar vasitəsilə bölgədə dayaq nöqtələri yaratmaq istəyənlər Bakının xəbərdarlıqlarını ciddiyə alsalar, onlar üçün daha yaxşı olar. Təbii ki, bu məsələdə bölgədə sülhməramlı missiyanı üzərinə götürmüş Rusiyanın məsuliyyəti ikiqat ağırdır. Separatçıların, eləcə də sülhməramlı kontingentin qanunsuz və məsuliyyətsiz əməli ucbatından hər hansı insident baş versə, bu, dövlət olaraq Rusiyanın nüfuzu üçün arzuolunmaz fəsadlarla nəticələnə bilər. Odur ki, Moskvanın Qarabağda fəaliyyətində daha diqqətli olmasında fayda var. Bütün tərəflər üçün...
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov
Oxu24.com
ŞƏRHLƏR