Qaynar xətt:

(+99450) 247 90 86

Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

SİYASƏT

44

13.11.2026, 17:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident İlham Əliyevin Dublində Avropa Siyasi Birliyinin sammitində iştirakı Azərbaycanın Avropadakı mövqelərinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir.

Bu sözləri politoloq Asif Nərimanlı Oxu24.com-a açıqlamasında bildirib.

Politoloqun sözlərinə görə, sammit eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və yeni əlaqələrin qurulmasına imkan yaradır. O qeyd edib ki, dövlət başçısının Dublində müxtəlif ölkələrin liderləri ilə görüşləri bunu göstərir: “Əsas maraqlı məqamlardan biri bu idi ki, müxtəlif ölkə liderləri məhz Azərbaycan Prezidenti ilə görüşə xüsusi diqqət göstərdilər. Bu, Azərbaycanın artan nüfuzunun nümunələrindən biri hesab oluna bilər”.

A.Nərimanlı bildirib ki, növbəti sammitin Bakıda keçiriləcəyini nəzərə alsaq, Dublində aparılan müzakirələr və qəbul edilən qərarlar Bakı sammitinə hazırlıq baxımından da önəmlidir. Onun fikrincə, Azərbaycan ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə qərarların icrasını və davamlılığı təmin etməklə həmişə yüksək nəticə nümayiş etdirib.

Politoloq Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünü də Dublin səfərinin əsas məqamlarından biri kimi qeyd edib. Onun sözlərinə görə, görüşdə sülh prosesi ilə bağlı gündəlik yenidən müzakirə olunub, tərəflər bu istiqamətdə qətiyyətlərini nümayiş etdirib və növbəti addımlarla bağlı razılığa gəliblər. TRIPP marşrutunun reallaşması ilə bağlı praktiki məsələlər də müzakirə mövzusu olub.

A.Nərimanlı Azərbaycan və Ermənistan arasında transsərhəd çayların ekoloji qorunması və birgə istifadəsi məsələsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Bu, sülh prosesinin növbəti istiqamətlərindən biri hesab oluna bilər. Çünki su məsələsi qlobal problemlərdən biridir və gələcəkdə daha da aktuallaşacağı proqnozlaşdırılır”.

Politoloq xatırladıb ki, işğal dövründə və sonrakı illərdə transsərhəd çaylar dəfələrlə çirkləndirilib, Azərbaycan bu məsələni müxtəlif beynəlxalq təşkilatların qarşısında qaldırsa da, prosesin qarşısını ala bilməyib. Onun fikrincə, indi tərəflər arasında razılaşmanın olması çayların ekoloji çirklənməsinin qarşısının alınacağına ümid yaradır.

Asif Nərimanlı Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasını da mühüm hadisə kimi qiymətləndirib. O bildirib ki, bu, Azərbaycanın beynəlxalq siyasətdə güc mərkəzləri ilə münasibətlərini gücləndirdiyini göstərir: “Tarix boyu qlobal siyasətin formalaşmasında mühüm rol oynayan belə bir ölkə ilə strateji tərəfdaşlıq Azərbaycanın qlobal siyasətdəki mövqeyini daha da gücləndirəcək”.

Politoloq yekunda Prezidentin Dublin səfərini Azərbaycanın xarici siyasətində mühüm qərarların qəbulu və beynəlxalq nüfuzun güclənməsi baxımından uğurlu addım kimi dəyərləndirib.