Müxalifət düşərgəsində yeni qalmaqal başlayıb.
APA TV-nin xəbərinə görə, buna səbəb Milli Şuranın Koordinasiya Mərkəzinin aprelin 28-də videokonfrans formatında keçirilən iclasında ReAL və Müsavat partiyaları, eləcə də cinsi azlıqlar barədə səslənən ifadələrdir.
Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəyli xaricdə yaşayan jurnalist İsmayıl Cəlilovun timsalında cinsi azlıq nümayəndələrini hədəfə alıb. Estafeti Gültəkin Hacıbəylidən qəbul edən Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclis sədri Rafiq Manaflı İsmayıl Cəlilov barədə təhqiramiz ifadə işlədib və ardınca da gül vurub: "Mən təəssüf edirəm ki, Hitler o vaxt geyləri qırıb qurtarmadı".
Fikir verin, Gültəkin Hacıbəyli təmsil olunduğu qurumda cinsiz azlıqlar əleyhinə müzakirənin katalizatoru rolunu oynayır, ardınca da sükanı “silahdaş”larına ötürür ki, indi də siz davam edin. Halbuki xanım Hacıbəyli daha çox cinsi azlıqların hüquqlarının müdafiəçisi kimi ad çıxarmış Avropa Şurası Parlament Assambleyasında vaxtilə Azərbaycanı təmsil edən nümayəndə heyətinin üzvü olub. Assambleyanın iclaslarında cinsi azlıqların hüquqlarının müdafiəsi ilə bağlı bütün sənədlərə YES düyməsini basan sabiq deputatın bu məsələlərlə bağlı hansısa mühafizəkar və ya etiraz dolu çıxışını xatırlayan varmı? Təbii ki, yox. Bəs indi nə baş verir?
Hələ bu da hamısı deyil. Milli Şuranın Koordinasiya Mərkəzinin videoiclasında ReAL və Müsavat partiyaları da “unudulmayıb”. Gültəkin Hacıyeva ReAL partiyasının sədri İlqar Məmmədovun lağlağı obyektinə çevrildiyini, onun canlı yayımlarına çox az layk gəldiyini, Müsavat Partiyasını da ReAL kimi rüsvayçı aqibət gözlədiyini, Müsavatın Əli Kərimlini müdafiə etməkdən yayınaraq guya Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunu müdafiə etdiyini bəyan edərək riyakarlığa yol verdiyini bildirib, o cümlədən Müsavatı siyasi mühacir alverində günahlandırıb.
Milli Şuranın sədri Cəmil Həsənli isə İlqar Məmmədovun həm siyasətçi, həm də REAL sədri olaraq bitdiyini, REAL-dan fərqli olaraq heç nə əldə etməmiş Müsavat Partiyasının isə rüsvayçı duruma düşdüyünü vurğulayaraq, partiyanı bədbəxt adlandırıb.
Bu aşağılayıcı ifadələrə və təhqirlərə qarşı tərəfdən cavab özünü çox gözlətməyib. Müsavat Partiyasının başqanı Arif Hacılı APA-ya açıqlamasında deyib ki, müsavatçılar Cəmil Həsənlidən, Gültəkin Hacıbəylidən və Milli Şuradan üzr gözləyirlər. O, hələlik tələsməyə lüzum görmədiyini bildirib: “Bununla bağlı bütün hallarda partiyamızın açıqlaması olacaq. Sadəcə, üzr istəsələr, açıqlama başqa, üzr istəməsələr isə başqa şəkildə olacaq. Bu, ümumilikdə çox pis hadisədir”.
ReAL Partiyasının icra katibi Natiq Cəfərli isəq eyd edib ki, əslində qısa videodan da bu insanların dünya və siyasətlə bağlı təsəvvürlərinin mağara səviyyəsində olması görünür: “Onlar o qədər primitiv, fikirləri o qədər zaydır ki, siyasətlə bağlı düşüncələri kiminsə videosuna nə qədər “like” qoyulmasından ibarətdir. Bu insanların dünya görüşü budur. Buna görə də belə bir ab-hava yaratmaq üçün böyük trol ordusu saxlayırlar. 100-150 üzvün hərəsinin 10-15 profili var. Hətta orada çıxış edən Gültəkin Hacıbəylinin özünün elə “Facebook”da ayrıca “fake” profili var. Ölkədə hamı bunu bilir. Onlar bu qədər bədbəxtdir və siyasət anlayışları bu qədər bəsitdir. Bu video bir daha sübut etdi ki, onların saxladığı 100-150 nəfərlik başıboş trol ordusu onların səsləndirdiyi arqumentləri dəstəkləməyə xidmət edib. Deməli, internetdə söyüş yazanlar da, “like”, “dislike” qoyanlar da mərkəzləşdirilmiş qaydada bunlar tərəfindən idarə olunur”.
N.Cəfərli vurğulayıb ki, ümumiyyətlə, Milli Şura adlı təşkilat yoxdur: “AXCP özünə başqa bir qurum yaradıb və adını Milli Şura qoyub. Milli Şuranın sədri olan kəs özünü AXCP sədrinin müavini kimi aparırsa, onun sözündən çıxmırsa, deməli, bu təşkilat yoxdur. Bu təşkilatı yaratmaqda məqsəd AXCP-nin müxtəlif beynəlxalq görüşlərdə və yerli siyasi danışıqlarda iki təmsilçi ilə təmsil olunması idi. Milli Şüranın özünü buraxıb-buraxmamasının siyasətdə elə ciddi fərq yaradacağını düşünmürəm”.
Oxu24.com
ŞƏRHLƏR