Qaynar xətt:

(+99450) 247 90 86

Qeyri-rəsmi çalışanların DİQQƏTİNƏ: Əmək hüquqlarınız pozularsa, nə etməlisiniz?

Qeyri-rəsmi çalışanların DİQQƏTİNƏ:   Əmək hüquqlarınız pozularsa, nə etməlisiniz?

HÜQUQ

65

20.08.2026, 12:13

Ölkəmizdə əmək qanunvericiliyinə əsasən, işəgötürən vətəndaşı işə cəlb edərkən mütləq qaydada əmək müqaviləsi bağlamalıdır. Lakin təcrübədə qeyri-rəsmi, yəni müqaviləsiz fəaliyyət göstərən şəxslərin hüquqlarının pozulması — əməkhaqqının ödənilməməsi, əsassız işdən çıxarılma və digər qanunsuzluqlar hallarına tez-tez rast gəlinir. Belə vəziyyətlə qarşılaşan vətəndaşların faktiki əmək münasibətlərini hansı hüquqi mexanizmlər və sübutlarla təsdiq edə biləcəyi isə bir çoxları üçün sual doğurur. Mövzu ilə bağlı hüquqi prosedurları və lazımi addımları Oxu24.com-a hüquqşünas Ramil Hüseynov şərh edib.

Hüquqşünas Ramil Hüseynov bildirib ki, işəgötürənin əmək müqaviləsi bağlamadan şəxsləri işə cəlb etməsi İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin tələblərinin pozulması deməkdir:

"Əgər işəgötürən hüquqi şəxsdir və bu tələbi pozubsa, 20-25 min manat arasında cərimə oluna bilər. Fiziki şəxslər üçün isə bu məbləğ daha az nəzərdə tutulur”.

Onun sözlərinə görə, əmək müqaviləsi olmayan və hüquqları pozulan vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə (onlayn və ya kağız daşıyıcıda) şikayət edə bilərlər. Müraciətdən sonra vətəndaş müfəttişliyə dəvət olunur və ondan rəsmi izahat alınır.

Ramil Süleymanov qeyd edib ki, məhkəmə və müfəttişlik üçün hüquqi əhəmiyyət kəsb edən sübutlar bunlardır:

•İş yeri və funksiyalar haqqında məlumat: Vətəndaş hansı tarixlərdə, hansı ünvanda işlədiyini, iş yerinin quruluşunu və yerinə yetirdiyi konkret əmək funksiyalarını izahatında dəqiq qeyd etməlidir.

•Şahid ifadələri: Birgə çalışdığı iş yoldaşlarının ad və soyadlarını təqdim etmək vacibdir.

•Foto və video materiallar: İş prosesində, müəssisə daxilində çəkilmiş fotolar sübut kimi təqdim oluna bilər.

•Yazışmalar: Rəhbərlik, müdiriyyət və ya üst rəhbərlərlə aparılan yazışmalar (mesajlar, elektron məktublar) hüquqi əhəmiyyət daşıyır.

•Kamera görüntüləri: Ərazidəki müşahidə kameralarının görüntülərinin Müfəttişlik tərəfindən əldə olunması üçün vəsatət verilə bilər.

Hüquqşünas vurğulayıb ki, Dövlət Əmək Müfəttişliyi toplanmış materiallar əsasında vətəndaşın müqaviləsiz işlədildiyi qənaətinə gələrsə, müvafiq protokol tərtib edir. Əgər qanunvericiliyi pozan tərəf hüquqi şəxsdirsə, toplanmış sənədlər yekun qərar qəbul edilməsi üçün şəxsin yerləşdiyi yer üzrə məhkəməyə göndərilir.

Çimnaz Telmanqızı