Qaynar xətt:

(+99450) 247 90 86

Pasiyent həkim təyinatına əməl etməsə nə baş verir?- Hüquqşünas açıqladı  

Pasiyent həkim təyinatına əməl etməsə nə baş verir?- Hüquqşünas açıqladı  

HÜQUQ

47

18.08.2026, 16:45

Pasiyent həkim təyinatına əməl etmədikdə, həkim onu müalicə etməkdən imtina edə bilərmi? Bu hüququn sərhədləri haradan başlayır və harada bitir? Azərbaycan qanunvericiliyində bu məsələ necə tənzimlənir və beynəlxalq praktikada hansı yanaşma tətbiq olunur? 

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən hüquqşünas  Hülya Nəsirova-İbrahimova bildirib ki, Azərbaycan Respublikasının “Əhalinin sağlamlığının qorunması haqqında” Qanununun 51-ci maddəsinə əsasən, pasiyentin həyatı təhlükə altında olmadıqda və o, həkim təyinatını yerinə yetirmədikdə və ya müəssisənin daxili qaydalarını pozduqda, müvafiq rəhbər şəxslə razılaşdırmaqla müalicə həkimi pasiyenti müşahidə və müalicə etməkdən imtina edə bilər.

Hüquqşünas qeyd edib ki, ilk baxışdan norma həkimə kifayət qədər geniş səlahiyyət verir, lakin maddənin hüquqi mahiyyətinə daha dərindən nəzər saldıqda məlum olur ki, burada söhbət həkimin istənilən pasiyentdən sərbəst şəkildə imtina etməsindən deyil, müəyyən şərtlər daxilində tibbi münasibətə xitam verməsindən gedir. H.Nəsirova-İbrahimovanın sözlərinə görə, maddəni hüquqi baxımdan təhlil etdikdə, həkimin pasiyenti müalicə etməkdən imtinasının ən azı üç əsas şərtlə əlaqələndirildiyi görünür.

Hüquqşünas birinci şərt kimi pasiyentin həyatının təhlükə altında olmamasını göstərib və bunu normanın ən mühüm təminatlarından biri adlandırıb. Onun sözlərinə görə, əgər pasiyentin həyatı üçün real təhlükə mövcuddursa, “müalicədən imtina” institutu həmin vəziyyətə avtomatik tətbiq edilə bilməz. İkinci şərt kimi pasiyentin həkim təyinatını yerinə yetirməməsi və ya müəssisənin daxili qaydalarını pozması qeyd olunub.

 Hüquqşünas vurğulayıb ki, istənilən pozuntu həkimə müalicədən imtina etmək hüququ vermir. O, misal olaraq pasiyentin həkimin təyin etdiyi dərmanı qəbul etməməsinin müxtəlif səbəbləri ola biləcəyini bildirib: pasiyent dərmanın yan təsirindən narahat ola, müalicənin mahiyyətini düzgün anlamaya, maddi səbəblərdən dərmanı əldə edə bilməyə və ya başqa həkimin rəyinə əsasən fərqli müalicə üsuluna üstünlük verə bilər. Hüquqşünasın sözlərinə görə, daxili qaydanın pozulması isə pasiyent tərəfindən tibbi xidmətin göstərilməsinə faktiki maneəni və ya digər pasiyentlərin, tibb işçilərinin təhlükəsizliyinə ciddi risk yaratması kimi qiymətləndirilir. Üçüncü şərt kimi isə müvafiq rəhbər şəxslə razılaşdırma göstərilib.

 Hülya Nəsirova-İbrahimova bildirib ki, bu tələb onu göstərir ki, qanunverici qərarın yalnız müalicə həkiminin subyektiv iradəsindən asılı olmasını nəzərdə tutmayıb, yəni həkimin “mən artıq bu pasiyenti müalicə etmək istəmirəm” deməsi öz-özlüyündə kifayət edən hüquqi əsas deyil.

Hüquqşünas məsələnin digər tərəfinə də diqqət çəkib. Onun sözlərinə görə, pasiyentin həkim təyinatına əməl etməsi vacib olsa da, pasiyentin öz tibbi qərarlarında iştirak etmək və müalicəyə razılıq vermək və ya müəyyən hallarda ondan imtina etmək hüququ da mövcuddur. Hülya Nəsirova-İbrahimova müasir tibbi hüququn əsas prinsiplərindən birinin pasiyentin muxtariyyəti olduğunu, yəni pasiyentin öz sağlamlığı ilə bağlı qərarların qəbulunda iradəsinin nəzərə alınması olduğunu vurğulayıb. Bu səbəbdən, onun sözlərinə görə, “pasiyent həkimin dediyini etmədi” ilə “pasiyent tibbi prosesin təhlükəsiz həyata keçirilməsini mümkünsüz etdi” anlayışlarını bir-birindən fərqləndirmək daha uyğun hesab edilir.

Həkimin istənilən pasiyentdən imtina edə bilib-bilmədiyi ilə bağlı sualı isə hüquqşünas mənfi cavablandırıb. O bildirib ki, tibbi fəaliyyətin əsas məqsədi insan həyatının və sağlamlığının qorunmasıdır, bu səbəbdən həkimin imtina qərarı verilərkən yalnız pasiyentin davranışı deyil, həmin qərarın pasiyentin sağlamlığı üçün yarada biləcəyi nəticələr də nəzərə alınmalıdır.

 H.N.İbrahimova misal olaraq bildirib ki, əgər pasiyent müalicə planına əməl etmir deyə onun müalicəsinin dayandırılması pasiyentin vəziyyətinin kəskin pisləşməsinə səbəb olacaqsa, burada artıq həkimin imtina hüququ ilə pasiyentin tibbi yardım almaq hüququ arasında ciddi balans məsələsi yaranır.

Hüquqi təkmilləşdirmə baxımından hüquqşünas bildirib ki, tibb müəssisələrinin daxili sənədlərində hansı davranışların “həkim təyinatına əməl etməmə” hesab edildiyi, hansı daxili qayda pozuntularının münasibətə xitam üçün kifayət qədər ciddi olduğu, pasiyentin əvvəlcədən yazılı şəkildə xəbərdar edilməsi, pasiyentin başqa həkimə və ya tibb müəssisəsinə yönləndirilməsi, davam edən müalicənin təhlükəsiz şəkildə ötürülməsi müəyyənləşdirilə bilər. Onun sözlərinə görə, belə mexanizm həm həkimi, həm də pasiyenti qoruyar.

Beynəlxalq yanaşma ilə bağlı hüquqşünas bildirib ki, bu məsələ həkim-pasiyent münasibətinə xitam anlayışı ilə izah olunur. Onun sözlərinə görə, pasiyent müalicəyə davamlı şəkildə əməl etmədikdə həkim tərəfindən həkim-pasiyent münasibətinə xitam verilə bilər, lakin bu halda həkim pasiyentə əvvəlcədən məlumat verməli, mümkün olduqda münasibətin xitamına qədər müəyyən keçid müddəti yaratmalı və pasiyentin başqa həkimə müraciət edə bilməsi üçün şərait yaratmalıdır. Hüquqşünas vurğulayıb ki, beynəlxalq praktikada əsas fikir belədir: həkim-pasiyent münasibətinə xitam verilə bilər, lakin pasiyent tibbi yardımsız buraxılmamalıdır. O bildirib ki, Azərbaycan qanunvericiliyində 51-ci maddə həkimə müəyyən hallarda pasiyenti müşahidə və müalicə etməkdən imtina etmək hüququ versə də, maddədə beynəlxalq praktikada geniş istifadə olunan bəzi prosedurların ətraflı şəkildə tənzimlənmədiyi görünür.

H.Nəsirova-İbrahimova bu baxımdan bir sıra sualların hələ də cavabsız qaldığını qeyd edib: pasiyentə imtinadan əvvəl yazılı xəbərdarlıq edilməlidirmi, pasiyentə başqa həkimə müraciət etmək üçün müddət verilməlidirmi, tibbi sənədlər digər həkimə necə ötürülməlidir, davam edən müalicə necə təhlükəsiz şəkildə tamamlanmalıdır, pasiyent başqa tibbi xidmətə çıxış əldə edə bilmirsə həkimin öhdəliyi davam edirmi, “daxili qaydaların pozulması” hansı hallarda müalicədən imtina üçün kifayət qədər ciddi əsas hesab edilməlidir və “həkim təyinatını yerinə yetirməmə”nin sistematik olması tələb olunurmu. Hüquqşünasın sözlərinə görə, bu sualların cavabları praktiki baxımdan son dərəcə əhəmiyyətlidir.

Açıqlamasının sonunda hüquqşünas bildirib ki, əslində bu müzakirədə ən doğru sual “Həkim pasiyenti müalicə etməkdən imtina edə bilərmi?” deyil, “Həkim pasiyentlə müalicə münasibətinə xitam verərkən pasiyenti tibbi yardımdan məhrum etmədən bunu necə etməlidir?” sualıdır. Hüquqşünasın sözlərinə görə, müasir tibb hüququnun əsas çağırışı da məhz həkimin hüququ ilə pasiyentin hüququnu bir-birinə qarşı qoymaq deyil, onların arasında təhlükəsiz və ədalətli balans yaratmaqdır, çünki həkim-pasiyent münasibəti pozulduqda belə, tibbi yardımın davamlılığı pozulmamalıdır.