Dövlət Proqramı TƏSDİQLƏNDİ: Azərbaycanın aviasiya və turizm sektorunda böyük sıçrayış gözlənilir – AÇIQLAMA
21 Avqust 2026, 14:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
48
21.08.2026, 13:55
Müasir dövrdə Azərbaycanda ali təhsilə qəbul olunmaq hələ də gənclərin həyatında və karyerasında mütləq uğur göstəricisi kimi qəbul edilir. Bu sosial stereotip əmək bazarının real tələbləri ilə təhsilin mövcud strukturu arasında ciddi uyğunsuzluqlar yaradır və peşə təhsilinin cəmiyyətdə ikinci dərəcəli seçim kimi görülməsinə gətirib çıxarır. Cəmiyyətdə kök salmış elitarizm təfəkkürü ali təhsil diplomunu sadəcə bilik mənbəyi kimi deyil, sosial iyerarxiyada yüksək mövqe qazanmaq vasitəsi kimi vizuallaşdırır. Lakin diplomlu işsizlərin sayının artdığı və məzun inflyasiyasının yaşandığı bir dövrdə real sektorda — tikinti, sənaye, logistika və İT sahələrində tətbiqi və texniki kadrlara kəskin tələbat yaranır. Valideynlərin yalnız ofis işinin maliyyə sabitliyi vəd etməsi illüziyası rəqəmsal dövrdə yüksək ixtisaslı texniki mütəxəssislərin bir çox humanitar sahə məzunundan daha çox qazana biləcəyi reallığını kölgədə qoyur. Bu fikirlərin qırılması, peşə təhsilinin modernləşdirilməsi və əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün ölkədə fundamental, institusional dəyişikliklərin edilməsi artıq qaçılmaz zərurətə çevrilib. Sistemdə yalnız PR kampaniyaları və görüntü xarakterli Addımlarla kifayətlənməyib, real məşğulluq göstəricilərinə (KPI) söykənən səmərəli dövlət-özəl sektor tərəfdaşlığı qurulmalıdır.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, cəmiyyətdə peşə təhsilinə olan yanaşma kökündən dəyişməli və ali təhsil yeganə uğur yolu kimi görülməməlidir:
"Azərbaycanda ali təhsilin mütləq uğur göstəricisi kimi qəbul edilməsi peşə təhsilinə marağı birbaşa azaldır və onu cəmiyyətdə ikinci dərəcəli istiqamətə çevirir. Bu stereotip əmək bazarının real tələbləri ilə təhsilin strukturu arasında ciddi uyğunsuzluq və kadr təminatı problemi yaradır. Cəmiyyətdə peşə təhsilinə marağın azalmasının və ona ikinci dərəcəli seçim kimi baxılmağın arxasında dayanan sosial status və elitarizm təfəkkürü ali təhsil diplomunu sadəcə bilik mənbəyi kimi deyil, həm də sosial iyerarxiyada yüksək mövqe qazanmaq vasitəsi kimi vizuallaşdırır, peşə təhsilini isə tarixən akademik uğursuzluq yaşayanların sığınacağı kimi yanlış interpretasiya edir”.
Onun sözlərinə görə, valideynlərin mental olaraq yalnız ofis işi və ya idarəetmə sahəsinin uzunmüddətli maliyyə sabitliyi vəd etdiyinə inanması ilə yaranan iqtisadi təhlükəsizlik illüziyası və informasiya asimmetriyası gənclərin rəqəmsal dövrdə yüksək ixtisaslı texniki mütəxəssislərin bir çox humanitar sahə məzunundan daha çox qazana biləcəyini görməsinə mane olur.
İlqar Orucov qeyd edib ki, mövcud tendensiyalar göstərir ki, diplomlu işsizlərin sayının artdığı və məzun inflyasiyasının yaşandığı bir dövrdə, real sektorda (tikinti, sənaye, logistika, İT) tətbiqi və texniki sahələr üzrə peşəkar kadrlara kəskin tələbat var və bu sahədəki kadr qıtlığı təcrübəli ustalar üçün yüksək gəlir potensialı yaradır:
“Peşə təhsilini cəlbedici etmək və bu istiqamətdə fundamental, institusional dəyişikliklərə nail olmaq üçün ilk növbədə pillələr arası çevik inteqrasiya mexanizmləri daha da inkişaf etdirilməlidir. Hərçənd ki, hazırda yüksək texniki peşə təhsili məzunları subbakalavr statusu ilə universitetlərə imtahansız qəbul olmaq imkanına malikdirlər, lakin bu sistemdəki kvota məhdudiyyətləri aradan qaldırılmalı, müsabiqə şərtləri asanlaşdırılmalı və keçid mexanizmi optimallaşdırılaraq gənclərdəki 'peşə seçsəm, ali təhsil yolum məhdudlaşar' qorxusu tamamilə aradan qaldırılmalıdır”.
Eyni zamanda, müsahib vurğulayıb ki, tələbələrin təqaüdləri artırılmalı, onlara mikrokreditlər verilməli və peşə məktəbləri ilə tərəfdaşlıq edib dual təhsil sistemi tətbiq edən şirkətlərə vergi güzəştləri formalaşdırılmalıdır:
“Peşə təhsilinin köhnə sovet imicindən tamamilə çıxaraq robototexnika, dron idarəetməsi, yaşıl enerji və 3D modelləşdirmə kimi gələcəyin peşələri üzrə modernləşdirilməli, müasir laboratoriyalar gənclərdə vizual heyranlıq yaratmalıdır. Nəhayət, məktəb səviyyəsində peşəyönümlü testlər reallaşdırılmalı, şagirdlər müasir fabriklərə aparılmalı və uğurlu mütəxəssislərin hekayələri rəqəmsal mediada populyarlaşdırılaraq ali təhsilin yeganə uğur yox, sadəcə yollardan biri olduğu fəlsəfəsi cəmiyyətə aşılanmalıdır”.
İ.Orucov Azərbaycanda təhsil paradiqmasının dəyişməsinin qaçılmaz olduğunu bildirib:
“Mütləq biz diplomlu işsizlərin ordusu formalaşdırmaqdan, rəqabətqabiliyyətli bacarıqlara sahib kadrlar yetişdirməyə keçməliyik, çünki peşə təhsilinin nüfuzunun artması cəmiyyətdəki stiqmaların, stereotiplərin, qütbləşmiş düşüncələrin qırılmasından və dövlət-özəl sektor tərəfdaşlığının səmərəli qurulmasından asılıdır. Lakin etiraf edilməlidir ki, bu istiqamətdə daha çox görüntü xarakterli, səthi yeniliklərə və PR kampaniyalarına önəm verilir. Görüntüdən mahiyyətə keçidi təmin etmək üçün peşə təhsilinin effektivliyi tədbirlərlə deyil, məzunların ilk 6 ayda ixtisası üzrə real işlə təmin olunma faizləri (KPI) ilə ölçülməlidir”.
Sonda o əlavə edib ki, dərslərə yalnız nəzəriyyəçilər deyil, istehsalatdan gələn rəqabətli əməkhaqqı alan praktiklər cəlb edilməli və proqramlar gənclərə qlobal səviyyədə tanınan texniki sertifikatlar qazandırmaq məqsədilə beynəlxalq standartlara adaptasiya olunmalıdır. Əks təqdirdə, infrastruktur nə qədər modernləşsə də, sistem daxili struktur böhranını və keyfiyyət qıtlığını aradan qaldıra bilməyəcəkdir.
Çimnaz Telmanqızı
14:26 / 21 Avqust 2026
1
14:25 / 21 Avqust 2026
12
14:15 / 21 Avqust 2026
27
14:14 / 21 Avqust 2026
28
14:09 / 21 Avqust 2026
32
13:53 / 21 Avqust 2026
45
13:45 / 21 Avqust 2026
42
13:31 / 21 Avqust 2026
44
13:21 / 21 Avqust 2026
64
13:15 / 21 Avqust 2026
53
13:01 / 21 Avqust 2026
65
12:50 / 21 Avqust 2026
66
12:35 / 21 Avqust 2026
66
12:35 / 21 Avqust 2026
140
12:32 / 21 Avqust 2026
571
12:27 / 21 Avqust 2026
68
12:07 / 21 Avqust 2026
296
12:05 / 21 Avqust 2026
80
11:59 / 21 Avqust 2026
82
11:48 / 21 Avqust 2026
99
11:46 / 21 Avqust 2026
71
11:43 / 21 Avqust 2026
530
11:43 / 21 Avqust 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.