Qaynar xətt:

(+99450) 247 90 86

Torpaq sahəsinin arxiv sənədi yoxdursa, çıxarış almaq mümkündürmü? – Vəkil Adil Piriyev açıqladı  

Torpaq sahəsinin arxiv sənədi yoxdursa, çıxarış almaq mümkündürmü? – Vəkil Adil Piriyev açıqladı  

CƏMİYYƏT

60

21.07.2026, 21:47

Azərbaycanda minlərlə vətəndaş uzun illər əvvəl bələdiyyə və ya yerli icra hakimiyyəti tərəfindən ayrılmış torpaq sahələrindən istifadə etsə də, həmin torpaqlara çıxarış ala bilmədiyi üçün ciddi hüquqi problemlərlə üzləşir. Ən çox rast gəlinən səbəblərdən biri isə torpaq sahəsinin ayrılmasına dair sənədin vətəndaşda olmasına baxmayaraq, həmin sənədin əsli və ya kök nüsxəsinin Milli Arxiv İdarəsində və ya digər aidiyyəti dövlət qurumlarında mövcud olmamasıdır.

Oxu24.coma açıqlama verən vəkil Adil Piriyev bildirib ki, bu problem son illərdə kifayət qədər geniş yayılıb və ölkənin müxtəlif bölgələrində yaşayan çoxsaylı vətəndaşları əhatə edir. Onun sözlərinə görə, torpaq sahəsinin ayrılmasına dair qərar və ya sənəd vətəndaşın əlində olsa belə, həmin sənədin arxivdə təsdiqlənməməsi çıxarışın birbaşa əldə edilməsinə maneə yaradır.

Vəkil qeyd edib ki, belə hallarda vətəndaşın ilk növbədə torpaq sahəsinə dair bütün mövcud sənədləri toplaması, aidiyyəti dövlət qurumlarından lazımi arayışları əldə etməsi və qanunvericiliyin müəyyən etdiyi qaydada sənədləşmə işlərini tamamlaması vacibdir. Bundan sonra isə məsələ məhkəmə qaydasında həll olunur.

Adil Piriyevin sözlərinə görə, məhkəmə təqdim olunan sübutları araşdırdıqdan və torpaq sahəsinin qanuni əsaslarla ayrıldığını müəyyən etdikdən sonra vətəndaşın xeyrinə qərar qəbul edə bilər. Məhkəmənin qanuni qüvvəyə minmiş müsbət qərarı əsasında isə daşınmaz əmlak dövlət qeydiyyatına alınır və həmin torpaq sahəsinə çıxarışın verilməsi mümkün olur.

Vəkil vurğulayıb ki, arxiv sənədinin olmaması avtomatik olaraq vətəndaşın hüququnun itirilməsi demək deyil. Əgər torpaq sahəsinin ayrılması qanuni əsaslarla həyata keçirilibsə və bu, digər sübutlarla təsdiq olunursa, vətəndaş öz hüququnu məhkəmə qaydasında bərpa edə bilər.

Onun sözlərinə görə, praktikada bu cür hallara xüsusilə vaxtilə bələdiyyələr və yerli icra hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələri üzrə tez-tez rast gəlinir. Həmin dövrdə sənədlərin düzgün arxivləşdirilməməsi və ya müxtəlif səbəblərdən arxiv materiallarının itməsi nəticəsində bu gün çıxarış almaq istəyən şəxslər çətinliklərlə qarşılaşırlar.

Adil Piriyev bildirib ki, dövlət orqanlarında arxiv sənədinin tapılmaması vətəndaşın təqsiri hesab edilə bilməz. Buna görə də qanunvericilik belə hallarda şəxslərə məhkəmə vasitəsilə hüquqlarını bərpa etmək imkanı verir. Məhkəmə qərarı daşınmaz əmlakın dövlət qeydiyyatı üçün hüquqi əsas hesab olunur və bu qərar əsasında torpaq sahəsinə rəsmi çıxarış almaq mümkündür.

Vəkil vətəndaşlara tövsiyə edib ki, belə problemlə üzləşdikdə məsələni özbaşına həll etməyə çalışmasınlar. Çünki hər bir torpaq işi fərqli hüquqi xüsusiyyətlərə malikdir və sənədlərin düzgün hazırlanması, sübutların toplanması, aidiyyəti dövlət qurumlarına müraciətlərin edilməsi, eləcə də məhkəmə prosesinin peşəkar şəkildə aparılması nəticəyə birbaşa təsir göstərir.

Onun sözlərinə görə, torpaq sahəsinin qanuni əsaslarla rəsmiləşdirilməsi gələcəkdə alqı-satqı, bağışlama, ipoteka, miras və digər hüquqi əməliyyatların problemsiz həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Buna görə də arxiv sənədinin olmaması səbəbindən illərlə gözləmək əvəzinə, qanunun verdiyi imkanlardan istifadə edərək məhkəmə qaydasında çıxarışın əldə olunması istiqamətində addımlar atmaq daha məqsədəuyğundur.