Qaynar xətt:

(+99450) 247 90 86

Vaqif Əlisoy:  "Horovluya, Cəbrayıla, Qarabağa qayıdış mübariz xalqın özünün özünə mükafatıdır"   

Vaqif Əlisoy:  \"Horovluya, Cəbrayıla, Qarabağa qayıdış mübariz xalqın özünün özünə  mükafatıdır\"   

CƏMİYYƏT

117

25.02.2026, 12:43

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Beləki, Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.Bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 30 ailə, 115 nəfər yola salınıb.

 Məsələ ilə bağlı   Oxu24.com-a Cəbrayıl rayonunun ziyalısı, keçmiş döyüşçü  Vaqif Əlisoy (Əliyev) danışıb.

O, bildirib ki, bu günkü köç də  Qarabağa başlanan ilk köç qədər məni həyəcanlandırıb, sevindirib.

"Mən özüm Cəbrayıla ilk köç edənlərdənəm. Artıq evimdəyəm, yurdumda-yuvamdayam. Eşidəndə ki, məsələn, Füzuliyə, Hadruta, Ağdərəyə, Ağdama  və sair kənd və şəhərlərimizə  qarabağlılar geri qayıdır, inanın ki, onların yaşadığı hissləri mən  Cəbrayılda bir də  yaşayıram. 

Bilirsiniz, mən ömrümün gənclik illərindən  canımı xalqım  üçün  hər əziyyətə , dərdə salmışam.Müstəqillik uğrunda mübarizəyə başlayanda bilirdim ki, çətin bir yola girmişik. Hətta 20 yanvar olaylarına görə 700 nəfər  əqidədaşımla  həbs ediləndə də, Rusiya zindanlarına  etap ediləndə də, zindanlarda minbir əziyyət və işgəncələrə məruz qalanda da  bilirdim ki, bu xalq  layiq olduğu müstəqilliyi yaşayacaq. Şükür 1991-ci ildə sonda qalib olduq, müstəqilliyimizi qazandıq.  

 Amma qanlı imperiya Qarabağda  yaratdığı bir problem körükləyirdi və biz də bu  yanğından xalqımızı qorumaq üçün   döyüşlərə  atıldıq. 1990-cı ildən əlimizdə silah Cəbrayıl polisi ilə birlikdə kəndlərimizi qoruduq. Təəssüf ki, Qarabağda da qarşımızda imperiyanın silahlı ordusu, nizami qoşunları  durdu. Bir ov tüfəngi ilə, bəzən adi bir avtomatla  topu,  tankı, reaktiv artilleriyası  olan güclü  düşmənə qarşı döyüşürdük. Elə olurdu ki, bir gündə  cəbhə xəttindən 30 -dan çox şəhid çıxarırdıq, bununla belə  qəlbimizin içində inanırdıq ki, bu belə davam etməyəcək. Biz nə vaxtsa,    erməni və rusların işğal etdikləri torpaqlarda oranın   əsl sahibləri kimi gəzəcəyik. Ali baş Komandan öz elmi, siyasi uzaqgörənliyi ilə dünyanın qarşısında qaya məğrurluğu ilə dayandı. Erməniləri dəstəkləyən, erməniyə havadar olan dünya güclərinə qarşı çıxdı və bir gün onun rəhbərliyi altında Azərbaycan igidləri bir yumruq kimi birləşdi. Həm rus, həm erməni  muzdlularını, eyni zamanda ,  Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Nəhayət , Cəbrayıl rayonu 27 ildən sonra öz azadlığına qovuşdu.Bu azadlığımız, sevincimiz üçün  əvvəlcə müqəddəs şəhidlərimizin ruhu qarşısında baş əyirəm, sonra Ali Baş komandan və onunla hər mövzuda həmrəy olan Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm! Azərbaycan ordusuna isə deyirəm ki,  hər birinizin tək-tək başına dönüm, xalqımın igid oğulları!”

 Vaqif müəllim, telefonda xeyli susur və sonra yenidən danışmağa başlayır:” Üzürlü sayın, sevincimlə, qəhərim qarışıb bir-birinə, day çox danışa bilmirəm. Bu sevinci, bu kövrəkliyi bizə yaşadanlara eşq olsun!”-deyə keçmiş döyüşçü  vurğuladı.

Xatırladaq ki,  bu artıq Horovluya 3-cü , növbəti köçdür.    

Əntiqə Rəşid