Qaynar xətt:

(+99450) 247 90 86

Bakıdan Tiflisə qatarla getmək istəyənləri düşündürən bütün suallara RƏSMİ CAVAB

Bakıdan Tiflisə qatarla getmək istəyənləri düşündürən bütün suallara RƏSMİ CAVAB

AKTUAL

94

20.05.2026, 15:54

Azərbaycan və Gürcüstan hökumətləri arasında Birgə Kommünikeyə əsasən, 26 may 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq. Bu, təkcə bir qatar reysinin yenidən açılması deyil, həm də Azərbaycanla Gürcüstan arasında turizm, iqtisadi əlaqələr və sərnişin mobilliyi baxımından mühüm addımdır.

Pandemiyadan sonra beynəlxalq dəmir yolu əlaqələrinin mərhələli şəkildə bərpası regionda alternativ nəqliyyat imkanlarını genişləndirir. Bakı–Tbilisi–Bakı qatarı sərnişinlərə hava nəqliyyatından fərqli olaraq şəhər mərkəzindən şəhər mərkəzinə birbaşa bağlantı, gecə səyahəti, yataq tipli komfortlu vaqonlar və daha rahat planlaşdırma imkanı təqdim edəcək.

Yeni reyslər İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan müasir yataq tipli vaqonlarla həyata keçiriləcək.

Oxu24.com  APA-ya istinadən  qatarın istismara verilməsi, hərəkət qrafiki, bilet qiymətləri, komfort imkanları və Gürcüstan tərəfi ilə texniki əməkdaşlıq barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcovla müsahibəni təqdim edir.

– Azər müəllim, Bakı–Tbilisi–Bakı reysinin bərpası ilə bağlı hansı işlər görülür? Bu marşrutun yenidən fəaliyyətə başlaması regionda nəyi dəyişəcək?

– Hazırda ADY tərəfindən qatarların xəttə buraxılması ilə bağlı təşkilati və texniki işlər aparılır. ADY Bakı–Tbilisi–Bakı marşrutunun bərpası üçün bütün işləri görüb. Belə ki, qatarın sınağı ilə bağlı Bakıdan Tbilisiyə və geriyə sınaq yürüşləri həyata keçirilib. Bu sınaqlar marşrutun texniki təhlükəsizliyi, hərəkət tərkibinin Gürcüstan infrastrukturuna uyğunluğu və əməliyyat hazırlığı baxımından vacib mərhələ idi.

ADY əməkdaşları Tbilisidə Gürcüstan Dəmir Yollarının (GDY) müvafiq əməkdaşlarına bilet sisteminin inteqrasiyası üzrə təlim keçib. ADY və GDY üzrə bilet sistemlərinin tam inteqrasiyası başa çatanadək Gürcüstan tərəfi ADY-nin proqram təminatından istifadə etməklə bilet satışını həyata keçirəcək. Bilet satış sistemi ADY-yə məxsusdur və Gürcüstan tərəfi də bu sistemdən istifadə edəcək. Bu, vahid satış və qeydiyyat prosesinin qurulmasına imkan verəcək.

Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin daşımalarının bərpası iki ölkə arasında həm nəqliyyat, həm turizm, həm də regionlararası əlaqələrin inkişafı baxımından mühüm hadisədir. Bu marşrut üzrə illik təxminən 100 min sərnişinin daşınması planlaşdırılır.

Bu qatarın üstünlüklərindən biri ondan ibarətdir ki, sərnişin gecə saatlarında yola düşür və səhər artıq təyinat şəhərinə çatır. Bu, xüsusilə Bakı və Tbilisi arasında turizm, işgüzar səfərlər və ailələrin ziyarəti üçün əlverişli imkan yaradır.

Digər mühüm məqam odur ki, qatar sərnişini birbaşa şəhər mərkəzindən şəhər mərkəzinə aparır. Bu, hava nəqliyyatı ilə müqayisədə əlavə hava limanı transferi, qeydiyyat və gözləmə vaxtı kimi amilləri azaldır.

– Marşrut üzrə hansı qatarlar hərəkət edəcək?

– Bakı–Tbilisi–Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan müasir yataq tipli vaqonlardan ibarət qatarlar hərəkət edəcək. Bu vaqonlar əvvəlki illərdə istifadə olunan köhnə qatarları əvəz edəcək. 2019-cu ildə bu marşrut üzrə istismar olunan köhnə qatarlar artıq istismardan çıxarılıb.

Yeni nəsil vaqonlar sərnişinlərə daha yüksək komfort, müasir interyer, fərdi xidmət imkanları və beynəlxalq standartlara uyğun səyahət şəraiti təqdim edir. Əvvəlki dövrdə istifadə olunan (aşağı tarifli açıq tipli, yəni) “plaskart” vaqonlar bu qatarların tərkibində mövcud deyil. Yeni model daha çox komfortlu gecə səfəri konsepsiyasına əsaslanır.

Bu vaqonlar müasir texnoloji avadanlıqlarla təchiz olunub və həm xidmət keyfiyyətinin, həm də təhlükəsizlik standartlarının yüksəldilməsinə imkan yaradır.

– Yeni vaqonlarda sərnişinlərə hansı komfort imkanları təqdim olunur?

– Yeni “Stadler” vaqonlarında sərnişinlərin rahatlığı üçün bir sıra imkanlar nəzərdə tutulub. Kupelərdə qapılar kart sistemi ilə çalışır. Kupelər fərdi tənzimlənən temperatur və işıqlandırma sistemi, kartla idarə olunan qapılar, bələdçi ilə əlaqə düyməsi və səs izolyasiyası ilə təmin olunub.

Hər kupedə şəxsi əşyalar üçün kart sistemi ilə çalışan seyf, elektrik yuvaları, internet, dörd dildə məzmunun təqdim edildiyi TV monitor, pult və qulaqlıq yerləri mövcuddur. Sərnişinlərə həmçinin təmiz yataq dəsti və səfər paketi, duş kabinəsi, multimedia və internet xidmətləri də təqdim olunur. Bu da marşrutu klassik dəmir yolu səfərindən daha çox komfortlu gecə səyahəti formatına çevirir.

Yeni istismara veriləcək qatarlarda da hər kəs üçün maneəsiz səyahət imkanının yaradılmasına xüsusi diqqət olunub və hərəkət məhdudiyyətli şəxslər üçün yönləndirmə sistemləri və dəstəkləyici xidmətlər təklif edilir, onların rahat hərəkətinin təminatı baxımından komfort sinifli vaqonda 1 geniş kupe ayrılıb. Burada hərəkət məhdudiyyəti olan sərnişin və onu müşayiət edən şəxs səfər edə bilər. Ehtiyac zamanı personalla əlaqə üçün çağrı düyməsi quraşdırılıb. Qatara araba ilə sərbəst minib-düşmək üçün xüsusi pandus və geniş qapı quraşdırılıb.

– Qatarın hərəkət qrafiki necə olacaq?

– İlkin hərəkət qrafikinə əsasən, qatar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə saat 21:00-da yola düşəcək və növbəti gün saat 06:24-də Bakıya çatacaq. Bu qrafik sərnişinlər üçün rahat gecə səfəri modeli yaradır. Yəni sərnişin axşam qatara minir, gecəni qatarda keçirir və səhər saatlarında Tbilisiyə və ya Bakıya çatır.

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq veriləcək. Gürcüstan ərazisində isə qatar Qardabani stansiyasında və Tbilisi Dəmiryol Vağzalında dayanacaq.

Ölkə daxilində 6 dayanacağın nəzərdə tutulması paytaxtla yanaşı, region sərnişinləri üçün də əlavə imkan yaradır. Sərnişinlər yalnız Bakıdan deyil, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik kimi stansiyalar vasitəsilə bu beynəlxalq marşrutdan istifadə edə biləcəklər.

– Qatarın sürəti və səfər müddəti ilə bağlı hansı məqamları qeyd etmək olar?

– Qeyd edim ki, yataq tipli gecə qatarlarında sürət yalnız titrəyişin azaldılması üçün deyil, həm də sərnişinlərin yuxu və istirahətinə görə komfortun təmin edilməsi, gecə saatlarında hərəkətin təhlükəsizliyi, qrafik üzrə səhər saatlarında uyğun vaxtda çatma, enerji sərfiyyatının optimallaşdırılması və ağır vaqon tərkibinin daha stabil idarə olunması məqsədilə tənzimlənir.

Ümumi səfər müddətinə sərhəd və gömrük prosedurları da daxildir. Azərbaycan sərhədində 1 saat, Gürcüstan sərhədində isə əlavə 1 saat dayanma nəzərdə tutulub.

Qatarın ümumi səfər müddətinə təsir edən digər amil isə Gürcüstan ərazisində dəmir yolu infrastrukturunun texniki vəziyyəti və sürət məhdudiyyətidir. Gürcüstanda qatarın orta sürəti təxminən 50 km/saat olacaq. Qardabani–Tbilisi hissəsində sürətin nisbətən aşağı olması məhz həmin ərazidə infrastrukturun vəziyyətinin qənaətbəxş olmaması ilə əlaqədardır.

Qatarlar Bakıdan Böyük Kəsik stansiyasına qədər olan 498 kilometrlik məsafəni 6 saat 10 dəqiqəyə qət edəcək, Azərbaycan ərazisində dəmir yolu infrastrukturu yeniləndiyi üçün orta hesabla 100 km/saat sürətlə hərəkət edə biləcək.

Bütün bunlar səfərin təhlükəsiz və dayanıqlı şəkildə həyata keçirilməsi üçün nəzərə alınmalı olan vacib amildir. Qatarın qrafiki də məhz bu texniki reallıqlar, sərhəd-gömrük prosedurları və əməliyyat tələbləri nəzərə alınmaqla hazırlanıb.

Onu da əlavə edim ki, Gürcüstan Dəmir Yollarının hərəkət tərkibi ilə bağlı müəyyən çətinlikləri nəzərə alınaraq vaqonlar Tbilisiyə qədər ADY-yə məxsus lokomotivlə daşınacaq.

Yəni ilkin mərhələdə daşımalar bütün marşrut boyu ADY-yə məxsus hərəkət tərkibi və lokomotivlərlə həyata keçiriləcək.

– Sərhəd və gömrük prosedurları necə təşkil olunacaq?

– İmzalanmış razılaşmaya əsasən, qatarın Azərbaycan ərazisində sərhəd və gömrük nəzarəti Böyük Kəsik stansiyasında qatarda, sərnişinlər düşürülmədən həyata keçiriləcək. Bu məqsədlə stansiyada 60 dəqiqəlik dayanma nəzərdə tutulur.

Gürcüstan ərazisində isə analoji sərhəd və gömrük yoxlamaları Qardabani stansiyasında aparılacaq və burada da 60 dəqiqəlik dayanma planlaşdırılıb.

Hər bir vaqonda sərhəd və gömrük əməkdaşları üçün xüsusi iş yerləri ayrılıb. Bu, prosedurların daha rahat və sistemli şəkildə aparılmasına imkan verəcək.

– Bilet qiymətləri nə qədər olacaq?

– Bakı–Tbilisi–Bakı marşrutu üzrə gediş haqqı məsafədən və komfort sinfindən asılı olaraq formalaşır. Komfort sinfi üzrə qiymətlər 51 manatdan başlayır.

Bir istiqamət üzrə minimum tarif Bakı–Tbilisi marşrutu üçün 81 manatdır. Yevlaxdan Tbilisiyə 67 manat, Gəncədən Tbilisiyə 62 manat, Ağstafadan Tbilisiyə 57 manat, Böyük Kəsikdən Qardabaniyə isə 51 manat təşkil edir.

Burada nəzərə almaq lazımdır ki, Bakı–Tbilisi marşrutu uzunməsafəli yataq tipli beynəlxalq gecə reysidir. Buna görə də bu istiqamətdə istifadə olunan xidmət modeli ölkədaxili oturacaq tipli qatar reyslərindən fərqlənir.

– Biletlər hansı ölkələrin vətəndaşları üçün satışda olacaq?

NK-nin 20 may 2026-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycana vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikası ilə Gürcüstan arasında giriş-çıxışına icazə verilib.

– Qiymətlər hansı prinsiplərlə formalaşır?

– Beynəlxalq istiqamətlər üzrə gediş haqqı bir neçə amil əsasında formalaşır. Ümumiyyətlə, beynəlxalq istiqamətlər üzrə gediş haqqı İsveçrə frankının yerli məzənnəyə nisbətinə əsasən formalaşdırılır və kurs fərqinə görə dəyişə bilir. Bakı–Tbilisi–Bakı reysi üzrə bilet qiymətləri də Gürcüstanla hesablaşma əsasında İsveçrə frankının manata məzənnəsinə görə müəyyənləşdirilir. Bundan əlavə, beynəlxalq marşrutlar üzrə qatarın keçdiyi hər bir ölkə tarifə əmsal tətbiq edir.

Bundan əlavə, beynəlxalq marşrutlar üzrə qatarın keçdiyi hər bir ölkə tarifə öz əmsalını tətbiq edir. Yəni qiymət yalnız məsafəyə görə hesablanmır. Marşrutun beynəlxalq xarakteri, texniki xidmət, lokomotiv və vaqon istismarı, servis xərcləri də nəzərə alınır.

Qiymətlərə həmçinin ölkədaxili marşrutlarda olduğu kimi, həftə sonları, bayram günləri və yer seçimi də təsir göstərir.

Birincisi, pandemiya dövründən etibarən qlobal miqyasda həm hava, həm də dəmir yolu nəqliyyatı üzrə sərnişin daşımalarında tariflərdə əhəmiyyətli artım müşahidə olunub. 2019–2025-ci illər ərzində beynəlxalq sərnişin biletlərinin qiymətləri orta hesabla təxminən 110% yüksəlib. Bu artım, əsasən, enerji resurslarının bahalaşması, yüksək inflyasiya, təchizat zəncirində yaranmış çətinliklər, ehtiyat hissələri və texniki xidmət xərclərinin artması ilə əlaqədardır.

Məsələn, dizel yanacağının qiyməti 0,60 manatdan 1,10 manata yüksəlib ki, bu da 83 faiz artım deməkdir. Qeyri-əhali istehlakçıları üçün elektrik enerjisi tarifi 0,09 manatdan 0,125 manata yüksələrək təxminən 40 faiz artıb. Minimum aylıq əməkhaqqı 2019-cu ildən etibarən 180 manatdan 400 manata çatıb. Ezamiyyə xərclərində də 45 faizə qədər artım müşahidə olunub.

İkincisi, xidmət səviyyəsi dəyişib. Əvvəllər bu marşrutda daha sadə və köhnə vaqonlardan istifadə olunurdu. Hazırda isə sərnişinlərə “Stadler” markalı müasir yataq tipli vaqonlar təqdim edilir.

Eyni zamanda, bu vaqonların texniki istismarı və servis xidmətləri xüsusi ixtisaslaşmış yanaşma tələb etdiyindən, texniki baxış və təmir işləri ADY ilə “Stadler Rail Group” arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bu istiqamətdə xərclərin artması, əsasən, ehtiyat hissələri və mal-materialların qlobal inflyasiya fonunda bahalaşması ilə bağlıdır.

Bütün bu və digər amillər bilet qiymətlərinin maya dəyərinin 2019-cu illə müqayisədə 2 dəfədən çox artmasına səbəb olub.

– Gürcüstan tərəfinə aid tarif komponenti də qiymətə təsir edirmi?

– Bəli, beynəlxalq daşıma xarakteri nəzərə alınmaqla, Gürcüstan tərəfinə aid tarif komponenti də yekun bilet qiymətinə təsir edir. Bu komponentdə təxminən 180 faiz artım baş verib. Bu da marşrut üzrə xarici xərc yükünü artırıb.

Buna görə də Bakı–Tbilisi–Bakı marşrutunda tariflərin formalaşması yalnız ADY-nin daxili xərcləri ilə bağlı deyil. Burada həm Azərbaycan və Gürcüstan tərəfinin tarif komponentləri, həm də beynəlxalq hesablaşma mexanizmləri nəzərə alınır.

– Ümumilikdə bu marşrutun əsas üstünlüklərini necə ümumiləşdirmək olar?

– Bakı–Tbilisi–Bakı qatarının əsas üstünlükləri komfortlu gecə səfəri, şəhər mərkəzindən şəhər mərkəzinə birbaşa bağlantı, müasir yataq tipli vaqonlar, region stansiyalarından istifadə imkanı və beynəlxalq standartlara uyğun xidmət modelidir.

Bu marşrut həm turizm axınının artmasına, həm də Azərbaycanla Gürcüstan arasında sərnişin mobilliyinin güclənməsinə xidmət edəcək. Müasir “Stadler” vaqonları ilə həyata keçiriləcək səfərlər sərnişinlər üçün daha rahat, təhlükəsiz və funksional səyahət imkanı yaradacaq.