Qaynar xətt:

(+99450) 247 90 86

Qarabağda xidmət etmiş ermənilərin Azərbaycana ekstradisiyası mümkündürmü? - HÜQUQİ TƏHLİL  

Qarabağda xidmət etmiş ermənilərin Azərbaycana ekstradisiyası mümkündürmü? - HÜQUQİ TƏHLİL  

HÜQUQ

49

26.11.2026, 16:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistanın yeni Konstitusiya layihəsində vətəndaşlıqdan məhrumetmə mexanizminin nəzərdə tutulması ölkə daxilində və regionda geniş müzakirələrə səbəb olub. Xüsusilə, bu müddəanın mitinqlərdə iştirak edənlərə və vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində (Dağlıq Qarabağda) xidmət etmiş şəxslərə şamil oluna biləcəyi ilə bağlı iddialar səsləndirilir. Ermənistanlı vəkil Ovanes Xudoyan isə sözügedən dəyişikliklərin vətəndaşlıqdan məhrum edilən şəxslərin Azərbaycana ekstradisiyasına hüquqi zəmin yarada biləcəyini iddia edib. Bəs bu iddialar beynəlxalq hüquq normaları baxımından nə dərəcədə əsaslıdır? Vətəndaşlıq statusunun ləğvi həmin şəxslərin avtomatik olaraq başqa dövlətə təhvil verilməsinə yol açırmı?

Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Ellada Bayramova geniş hüquqi təhlil apararaq mövcud beynəlxalq konvensiyalar və hüquqi mexanizmlər çərçivəsində suallara aydınlıq gətirib.

Hüquqşünasın  sözlərinə görə, Ermənistanın yeni Konstitusiya layihəsində vətəndaşlıqdan məhrumetmə imkanının nəzərdə tutulması, xüsusilə bu mexanizmin dövlətin konstitusiya quruluşuna və təhlükəsizliyinə qarşı cinayətlərlə əlaqələndirilməsi, ilk növbədə, həmin ölkənin daxili hüquqi tənzimlənməsi məsələsidir. Lakin söhbət vətəndaşlıq kimi fundamental hüquqi statusdan, onun dəyişdirilməsindən və mümkün ekstradisiya nəticələrindən gedirsə, bu məsələni yalnız milli qanunvericilik çərçivəsində qiymətləndirmək mümkün deyil:

"Burada beynəlxalq hüququn, insan hüquqlarının və dövlətlərin üzərinə götürdüyü öhdəliklərin tələbləri də nəzərə alınmalıdır. İlk növbədə, hüquqi baxımdan iki fərqli mexanizmi bir-birindən ayırmaq lazımdır: şəxsin vətəndaşlıqdan məhrum edilməsi və onun başqa dövlətə ekstradisiyası. Bunlar arasında avtomatik hüquqi bağlılıq yoxdur. Bir şəxsin vətəndaşlıq statusunun dəyişdirilməsi özlüyündə onun başqa dövlətə təhvil verilməsi üçün nə hüquqi əsas, nə də kifayət edən prosedur hesab edilə bilər.

Ermənistanın hazırkı Konstitusiyasının 47-ci maddəsi vətəndaşlıqdan məhrumetməni qadağan edir. Yeni layihədə isə qanunla müəyyən edilən hallarda və məhkəmə qərarı əsasında konstitusiya quruluşunun əsaslarına və ya dövlət təhlükəsizliyinə qarşı cinayətlərə görə belə bir imkanın yaradılması təklif olunur. Burada diqqətçəkən məsələ həmin əsasların gələcək qanunvericilikdə nə dərəcədə konkret, məhdud və hüquqi müəyyənlik prinsipi ilə uzlaşan şəkildə təsbit ediləcəyidir. Çünki dövlət təhlükəsizliyi kimi geniş məzmunlu hüquqi anlayışın qeyri-müəyyən tətbiqi vətəndaşlıq institutunun siyasi və ya inzibati təsir vasitəsinə çevrilməsi riskini yarada bilər. Vətəndaşlıq şəxslə dövlət arasında sadəcə formal münasibət deyil, qarşılıqlı hüquq və öhdəliklər doğuran fundamental hüquqi əlaqədir. Bu əlaqənin dayandırılması isə yalnız müstəsna hallarda, ciddi hüquqi təminatlar və mütənasiblik prinsipi əsasında mümkün ola bilər”.

Hüquqşünas  qeyd edib ki, Ermənistanın yeni Konstitusiya layihəsində nəzərdə tutulan müddəanı artıq konkret şəxslərin və ya Qarabağda xidmət etmiş bütün şəxslərin vətəndaşlıqdan məhrum ediləcəyi kimi təqdim etmək də hüquqi baxımdan düzgün olmazdı. Layihənin hazırkı məzmunu belə avtomatik nəticə yaratmır. Belə nəticə üçün müvafiq cinayət tərkibinin qanunla müəyyən edilməsi, konkret şəxsin əməlinin həmin tərkibə uyğun gəlməsi və məhkəmə qərarının mövcudluğu tələb olunur:

“Digər mühüm məsələ vətəndaşlıqdan məhrumetmənin şəxsin vətəndaşlığı olmayan şəxsə çevrilməsi ilə nəticələnməsi ehtimalıdır. Ermənistanın tərəfdar çıxdığı 1961-ci il Vətəndaşsızlığın Azaldılması haqqında Konvensiyanın 8-ci maddəsi ümumi qayda olaraq, belə məhrumetmə nəticəsində şəxsin vətəndaşlığı olmayan vəziyyətə düşməsini qadağan edir. Həmin Konvensiyanın 9-cu maddəsi isə irqi, etnik, dini və siyasi əsaslarla şəxsin və ya şəxslər qrupunun vətəndaşlıqdan məhrum edilməsinə yol vermir. Bu baxımdan, vətəndaşlıqdan məhrumetmə mexanizminin tətbiqi zamanı yalnız milli təhlükəsizlik arqumentinin irəli sürülməsi kifayət deyil. Hər bir halda qanunilik, fərdi məsuliyyət, məhkəmə təminatları, ayrı-seçkiliyin yolverilməzliyi və vətəndaşsızlığın qarşısının alınması tələbləri qorunmalıdır".

E.Bayramova ekstradisiya məsələsinə toxunaraq bildirib ki, burada daha bir fundamental hüquqi prinsip mövcuddur: heç bir şəxs yalnız müəyyən ərazidə hərbi xidmət keçirdiyinə və ya hər hansı siyasi-hərbi qurumla əlaqəsinə görə avtomatik olaraq başqa dövlətə təhvil verilə bilməz:

"Azərbaycan və Ermənistan Avropa Şurasının 1957-ci il tarixli Ekstradisiya haqqında Avropa Konvensiyasının iştirakçılarıdır. Konvensiyanın müddəalarına əsasən, ekstradisiya konkret cinayət ittihamı və ya qüvvəyə minmiş məhkəmə hökmü, müvafiq hüquqi şərtlər və dövlətlərarası prosedur əsasında qiymətləndirilir. Əməlin hər iki dövlətin qanunvericiliyində cinayət hesab edilməsi, yəni ikili cinayətlilik prinsipi də mühüm şərtlərdəndir.

Konvensiyanın 3-cü maddəsi siyasi xarakterli cinayətlər üzrə ekstradisiyaya məhdudiyyətlər müəyyən edir. Həmçinin, ekstradisiya tələbinin əslində şəxsi siyasi baxışlarına, milli mənsubiyyətinə və ya digər qorunan xüsusiyyətlərinə görə təqib etmək məqsədi daşıdığına dair əsaslı şübhələr olduqda, təhvilvermə məsələsinə fərqli hüquqi yanaşma tələb olunur. Konvensiyanın 4-cü maddəsi isə sırf hərbi qanunvericilik üzrə cinayətləri onun tətbiq dairəsindən kənarda saxlayır. Burada xüsusilə vurğulamaq lazımdır ki, hərbi xidmət faktı ilə konkret cinayət əməli eyniləşdirilə bilməz. Şəxsin hansısa hərbi birləşmədə xidmət etməsi, özlüyündə, onun fərdi cinayət məsuliyyətini sübut etmir. Əks yanaşma fərdi məsuliyyət prinsipinin və təqsirsizlik prezumpsiyasının mahiyyətinə zidd olardı.

Digər tərəfdən, Ermənistanın vətəndaşlıqdan məhrumetmə barədə mümkün qərarı ekstradisiya məsələsində onun beynəlxalq öhdəliklərini aradan qaldırmır. Şəxsin vətəndaşlıq statusu dəyişsə belə, işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar təhlükəsi, ədalətli məhkəmə araşdırması hüququ və digər fundamental təminatlar ayrıca qiymətləndirilməlidir. Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi işgəncə və qeyri-insani rəftarı mütləq şəkildə qadağan edir. Dövlət bu qadağadan siyasi məqsədəuyğunluq və ya ikitərəfli münasibətlər naminə kənara çıxa bilməz".

Hüquqşünas Azərbaycanın mövqeyindən yanaşdıqda məsələnin daha mühüm tərəfinin olduğunu da qeyd edib:

"Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suveren hüquqlarını və öz qanunvericiliyinin tətbiqini təmin etmək hüququna malikdir. Ölkənin ərazi bütövlüyünə, suverenliyinə və təhlükəsizliyinə qarşı törədilmiş konkret cinayət əməlləri üzrə hüquqi qiymətləndirmə aparılması da dövlətin legitim səlahiyyətidir. Lakin bu səlahiyyətin həyata keçirilməsi fərdi məsuliyyət, sübutların mötəbərliyi, qanuni prosedur və beynəlxalq hüquq normaları çərçivəsində olmalıdır. Başqa sözlə, Azərbaycan üçün prinsipial məsələ hər hansı şəxsin hansısa dövlətin vətəndaşlığını itirməsi deyil, konkret qanun pozuntusu varsa, onun hüquqi qaydada araşdırılması və məsuliyyətin təmin edilməsidir. Vətəndaşlıqdan məhrumetmə hüquqi məsuliyyətdən yayınma mexanizmi olmadığı kimi, özü də ekstradisiya üçün avtomatik vasitə deyil.

Məncə, bu məsələnin siyasi baxımdan da düzgün qiymətləndirilməsi vacibdir. Ermənistanın konstitusiya islahatları onun daxili siyasi və hüquqi müzakirələrinin predmetidir. Azərbaycan üçün əsas olan həmin müzakirələrin hansı siyasi məqsədlə aparıldığını mübahisələndirmək deyil, regionda formalaşan yeni münasibətlərin beynəlxalq hüququn aydın və hamı üçün eyni olan prinsipləri əsasında qurulmasının vacibliyini vurğulamaqdır. Sülh prosesi yalnız siyasi bəyanatlarla deyil, dövlətlərin hüquqi davranışında ardıcıllıq və qarşılıqlı etimadın formalaşması ilə möhkəmlənə bilər. Konstitusiya, qanunvericilik və digər daxili hüquqi mexanizmlər bu məqsədə xidmət etməli, yeni hüquqi qeyri-müəyyənliklər yaratmamalıdır. Hər iki tərəf üçün eyni dərəcədə vacib olan məsələ hüququn siyasi konjonkturadan asılı olmamasıdır.

Nəticə etibarilə, Ermənistanın yeni Konstitusiya layihəsində vətəndaşlıqdan məhrumetmə imkanının nəzərdə tutulması özlüyündə Qarabağda xidmət etmiş şəxslərin Azərbaycana ekstradisiyasını mümkün və ya qaçılmaz etmir. Belə bir ehtimal yalnız konkret şəxsin hüquqi statusu, ittihamın xarakteri, beynəlxalq müqavilələrin tələbləri və ekstradisiyaya mane olan halların olub-olmaması əsasında fərdi qaydada qiymətləndirilə bilər. Hüququn əsas sınağı ondan ibarətdir ki, o, yalnız siyasi maraqların üst-üstə düşdüyü zaman deyil, maraqların toqquşduğu məqamlarda da eyni dərəcədə tətbiq olunsun. Regionda davamlı sülhün hüquqi təminatı da məhz bu prinsipdən başlayır".

Çimnaz Telmanqızı