Qaynar xətt:

(+99450) 247 90 86

Mətbuatın fəaliyyətində  Dövlət dəstəyinin rolu —   TƏHLİL 

Mətbuatın fəaliyyətində  Dövlət dəstəyinin rolu —   TƏHLİL 

CƏMİYYƏT

108

06.05.2026, 12:10

Xəbər verdiyimiz kimi,Medianın İnkişafı Agentliyi çap və onlayn media resursları üçün yeni müsabiqə elan edib.Şərtlərə uyğun gələn media subyekti qalib kimi müəyyən edilmiş maliyyə dəstəyini alacaq.Bu isə media subyektləri üçün böyük dəstək və inkişafa təkan deməkdir.

Müasir informasiya cəmiyyətində medianın rolu təkcə xəbərin ötürülməsi ilə məhdudlaşmır; o, həm də dövlətlə ictimaiyyət arasında körpü rolunu oynayan strateji platformaya çevrilib. Xüsusilə rəqəmsal transformasiyanın sürətləndiyi bir dövrdə onlayn medianın inkişafı, onun peşəkarlıq səviyyəsinin artırılması və dayanıqlı fəaliyyətinin təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi önə çıxır. Bu kontekstdə Azərbaycanda Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən dəstək mexanizmləri medianın keyfiyyətcə yenilənməsinə, informasiya mühitinin sağlamlaşdırılmasına və cəmiyyətin düzgün məlumatlandırılmasına mühüm təsir göstərir.

Medianın İnkişafı Agentliyinin ayırdığı maliyyə vəsaitləri xüsusilə onlayn media subyektlərinin texniki imkanlarının genişlənməsinə, jurnalistlərin peşə hazırlığının artırılmasına və müasir media standartlarına uyğun fəaliyyətin qurulmasına şərait yaradır. Bu dəstək nəticəsində rəqəmsal media daha operativ, çevik və etibarlı informasiya mənbəyinə çevrilir. Eyni zamanda, Agentlik media mühitində şəffaflıq və məsuliyyət prinsiplərinin formalaşdırılmasına töhfə verərək mətbuatın sağlam inkişafına nəzarət edən əsas institusional mexanizmlərdən biri kimi çıxış edir.

Dövlət və ictimaiyyət arasında qarşılıqlı əlaqələrin düzgün qurulmasında medianın rolu danılmazdır. Məhz bu münasibətlər sistemində Medianın İnkişafı Agentliyinin fəaliyyəti medianın həm müstəqil, həm də məsuliyyətli fəaliyyət göstərməsinə stimul verir. Bu isə nəticə etibarilə cəmiyyətin informasiya ilə təmin olunmasında keyfiyyətin yüksəlməsinə, ictimai etimadın möhkəmlənməsinə və dövlət siyasətinin daha şəffaf şəkildə təqdim olunmasına xidmət edir.

Bu kontekstdə media ekspertləri və sektor nümayəndələri  Oxu24.com-a  açıqlamalarında Agentliyin fəaliyyətini müxtəlif aspektlərdən dəyərləndiriblər.

“Azxeber.com”un baş direktoru: MEDİA Agentliyi medianın inkişafında mühüm rol oynayır

“Azxeber.com” saytının baş direktoru Əfsələddin Ağalarov Azərbaycanda Medianın İnkişafı Agentliyinin fəaliyyətinin media mühitinə təsirindən danışıb. Onun sözlərinə görə, Medianın İnkişafı Agentliyi yarandığı gündən etibarən ölkədə media mühitinin yaxşılaşdırılması və sağlam media fəlsəfəsinin formalaşdırılması istiqamətində mühüm addımlar atıb. Xüsusilə “Media haqqında” qanunun hazırlanması və ictimai müzakirələr əsasında qəbul edilməsi bu sahədə əhəmiyyətli yeniliklərdən biri kimi qiymətləndirilir. Baş direktor qeyd edib ki, tətbiq olunan media reyestri sistemi və digər mexanizmlər informasiya çirkliliyinin azaldılması və media mühitinin tənzimlənməsi baxımından mühüm rol oynayır. Əfsələddin Ağalarov vurğulayıb ki, Agentlik tərəfindən həm çap, həm də onlayn media resurslarına ayrılan maliyyə dəstəyi sektorun inkişafına birbaşa təsir göstərir. Bu yardımlar əsasən media qurumlarının saxlanma xərclərinin, texniki təminatının və əməkdaşların əməkhaqlarının qarşılanmasına yönəlib ki, bu da media subyektlərinin dayanıqlığını təmin edən əsas amillərdəndir. O, keçirilən müsabiqələrdə yeni media subyektlərinin də qalib olması faktına diqqət çəkərək bunun proseslərin obyektivliyinin göstəricisi olduğunu bildirib. Mətbuatın idarə olunmasında Agentliyin roluna toxunan Ağalarov “idarəetmə” ifadəsindən daha çox “tənzimləmə” anlayışının uyğun olduğunu qeyd edib. Onun fikrincə, Agentlik medianın fəaliyyətini tənzimləməklə yanaşı, jurnalist peşəkarlığının artırılması, redaksiyaların inkişafı və media savadlılığının yüksəldilməsi istiqamətində də sistemli iş aparır. Baş direktor əlavə edib ki, bu məqsədlə müxtəlif təlimlər təşkil olunur və media savadlılığı məsələsi daim diqqətdə saxlanılır.

“Türküstan” Media Qrupunun rəhbəri Aqil Camal:

Medianın İnkişafı Agentliyi həm qəzetlərin onlayn variantı, həm də, xüsusi olaraq sayt kimi fəaliyyət göstərən bir sıra onlayn media subyektlərinə maliyyə dəstəyi göstərir. Bu dəstək ola bilsin bir çox media subyektləri üçün yetərli deyil. Amma, media qurumları məhz MEDİA Agentliyindən maliyyə dəstəyi almağa, o siyahıda olmağa önəm verirlər. Bilirsiniz ki, hazırkı dövrdə ölkədə qəzet və saytlara reklamların verilməsində müəyyən amillər mövcuddur. Və bu amillər daha çox neqativ yöndədir. Çünki, reklamverənlər bu prosesdə bir sıra hallarda subyektiv mülahizələri əsas götürürlər. Məsələn, şəxsi tanışlıqlar, tapşırıqlar, media vasitəsilə hədə-qorxu gəlinməkdən çəkinərək reklamların verilməsi halları danılmazıdır. Bu baxımdan, mediann müəyyən kəsimi reklamdan məhrumdur. Belə bir şəraitdə Agentlik tərəfindən ayrılan aylıq maliyyə dəstəyi redaksiyaların öz əməkdaşlarını müəyyən qədər əməkhaqqı ilə təmin etməkdə qiymətli mənbədir.

“Yeni Çağ” Media Qrupunun direktoru, media eksperti Aqil Ələsgər Azərbaycanda media qurumlarına ayrılan dövlət dəstəyinin əhəmiyyətindən danışarkən bildirib ki, Medianın İnkişafı Agentliyi tərəfindən ayrılan maliyyə vəsaitləri dövlətin mediaya açıq və vacib dəstəyidir. Onun sözlərinə görə, bu dəstək bir çox onlayn media qurumunun fəaliyyətini davam etdirməsinə, texniki imkanlarını yeniləməsinə və ümumilikdə media mühitinin güclənməsinə kömək edir.

Ekspert qeyd edib ki, dövlətin mediaya maliyyə ayırması müsbət və zəruri addımdır, lakin məsələ təkcə vəsait almaqla bitmir. “Media qurumları bu dəstəklə kifayətlənməməli, verilən imkandan istifadə edib real inkişaf ortaya qoymalıdırlar. Ayrılan vəsait saytların texniki bazasına, jurnalistlərin peşəkarlığının və yazı keyfiyyətinin artırılmasına yönəlməlidir”, - deyə o vurğulayıb.

Aqil Ələsgər bildirib ki, maliyyə ayrılır, amma məzmunun səviyyəsi və təsir gücü dəyişmirsə, bu, artıq gözlənilən nəticənin əldə olunmadığını göstərir. “Süni reytinqlər, başqasının sayğacına qoşulmalar və digər texniki üsullarla bir müddət statistik göstəriciləri şişirtmək mümkündür. Amma cəmiyyətdə real qarşılıq yoxdursa, həmin saxta üsullar uzunmüddətli nəticə verməyəcək”, - deyə o əlavə edib.

Media eksperti eyni zamanda saytların işlədiyi mövzuların da diqqət mərkəzində olmalı olduğunu qeyd edib. Onun sözlərinə görə, dövlət müəyyən strateji mövzulara diqqət yetirilməsini istəyir, lakin saytların gündəlik manşetlərində hansı mövzuların üstünlük təşkil etməsi də ciddi şəkildə araşdırılmalıdır. “Əgər bəzi media qurumları reytinq toplamaq naminə daha çox şou xarakterli, qalmaqallı və sensasiya yönümlü mövzulara üstünlük verirsə, bu, inkişaf göstəricisi sayıla bilməz”, - deyə o bildirib.

Aqil Ələsgər vurğulayıb ki, cəmiyyət üçün vacib sosial, iqtisadi və ictimai məsələlər əvəzinə şou-biznes üslubuna və televiziya qalmaqallarına yönəlmək medianın keyfiyyətini artırmır. “Reytinq dalınca qaçmaqla şou üslubuna meyl etmək inkişaf deyil, sadəcə müvəqqəti və tez unudulan diqqət cəhdidir”, - deyə o qeyd edib.

Ekspert sonda bildirib ki, monitorinq yalnız maliyyənin necə xərclənməsi ilə məhdudlaşmamalı, həm də məzmunun keyfiyyətinə və mövzu seçiminə yönəlməlidir: “Dövlət dəstək verir, imkan yaradır. Amma saytlar da bu dəstəyi məsuliyyətlə istifadə etməli və real nəticə göstərməlidir. Əks halda, inkişafdan danışmaq çətin olacaq”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti  Müşfiq Ələsgərli Oxu24.com-a açıqlamasında bildirib ki,MEDİA Agentliyi medianın idarə edilməsində birbaşa hansısa formada iştirak etmir. Amma, redaksiyaların inkişafı, əməkdaşların əmək hüquqlarının müdafiəsi, onların biliklərinin, media savadlığının artırılması yönündə davamlı seminarlar, maarifləndirmə layihələri həyata keçirir.

"Onlay media subyektləri Azərbaycanda təqribən  2005-ci illərdən başlayaraq sistemli şəkildə fəaliyyət göstərsələr də, 2022-ci ilə qədər onların statusları rəsmi müstəvidə tanınmayıb. Bu durum həm onlayn media subyektləri redaksiyalarının özləri üçün, həm də ümumilikdə informasiya məkanımız üçün ciddi problemlər yaradıb. Bu tip redaksiya əməkdaşlarının rəsmi qurumlarda akkreditasiya, həmçinin, informasiya mənbələrinə çıxış problemləri olub. 2022-ci ildə   “Media haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən sonra isə vəziyyət dəyişib. Yeni qanun onlayn media subyektlərinin həm statuslarını, həm də struktur tərtibatını müəyyən etdi. Onlayn media subyektləri necə təsis edilməlidir, necə işləməlidir, hansı statusa malikdir?-kimi suallara yeni qanunda çox aydın şəkildə cavab verilir.

“Media haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən və onlayn media subyektlərinin statuslarının rəsmiləşdirilməsindən sonra bu sahədə fəaliyyət göstərən redaksiyaların dövlətin nəzərdə tutuduğu yardım proqramlarından, sosial güzəştlərdən faydalanmaq imkanları yaranıb. İndi onlar  Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən maliyyə yardımı  müsabiqələrində iştirak edə bilirlər. Həmçinin, onlayn media subyektlərində çalışan jurnalistlər də digər həmkarları kimi güzəştli ipoteka proqramlarından və vergi güzəştlərindən faydalanmaq üçün hüquq əldə edirlər.

Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən maliyyə yardımı müsabiqələri, o cümlədən vergi güzəştləri onlayn media subyektlərinin  institutsional inkişafını təmin edir. O cümlədən, peşəkar  bacarıqların artırılmasında rol oynayır. Bu cür dəstək proqramlarının nəticəsidir ki, indi Azərbaycanda onlarla onlayn media subyekti fəaliyyət göstərir. Onlar həm Azərbaycan auditoriyasının informasiya təminatında iştirak edirlər, həm də Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyalara çatdırılmasına yardım edirlər. Beynəlxalq auditoriyaya çıxış imkanları baxımından onlayn media subyektlərinin imkanları genişdir. Onların istehsal etdikləri informasiyalar zaman və məkan fərqi tanımadan dünyanın hər yerində əlçatandır. Əlamətdar haldır ki, bu gün Azərbaycanda bir neçə xarici dildə informasiya yayan media subyektləri fəaliyyət qurublar. Bu, ölkəmiz üçün çox vacib məsələdir.

Yekun olaraq, qeyd etmək olar ki, Medianın İnkişafı Agentliyinin fəaliyyəti Azərbaycanda media mühitinin formalaşmasında və inkişafında mühüm rol oynayır. Dövlət tərəfindən yaradılan imkanlar medianın dayanıqlığını təmin etsə də, bu imkanlardan səmərəli istifadə etmək, keyfiyyətli və cəmiyyət üçün faydalı məzmun istehsal etmək birbaşa media qurumlarının məsuliyyətindən asılıdır. Dövlət dəstəyi ilə peşəkarlığın və məsuliyyətin vəhdəti isə sağlam, güclü və etibarlı media mühitinin əsasını təşkil edir",-deyə ekspert qeyd edib.

Hazırladı: Turan