Qaynar xətt:

(+99450) 247 90 86

İŞ YERİNDƏ ÖLÜM VƏ XƏSARƏT HADİSƏLƏRİ OLARSA... - Kim cavab verməlidir?

İŞ YERİNDƏ ÖLÜM VƏ XƏSARƏT HADİSƏLƏRİ OLARSA... - Kim cavab verməlidir?

CƏMİYYƏT

42

11.11.2026, 23:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İş prosesində elektrik cərəyanı vurması nəticəsində baş verən ölüm və xəsarət hadisələri əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunması məsələsini yenidən gündəmə gətirir. Xüsusilə elektrik avadanlıqlarının quraşdırılması, təmiri və texniki işlərin görülməsi zamanı təhlükəsizlik tələblərinin pozulması ağır nəticələrə səbəb ola bilər. Belə hadisələrin qarşısının alınmasında işəgötürənlərin, texniki təhlükəsizliyə cavabdeh şəxslərin və işçilərin üzərinə müəyyən öhdəliklər düşür. İstehsalat və iş qəzaları zamanı məsuliyyətin müəyyənləşdirilməsi, eləcə də zərərçəkənlərin və ya onların ailələrinin hüquqlarının qorunması xüsusi əhəmiyyət daşıyır. 

İş zamanı elektrik cərəyanı vurması nəticəsində ölüm və ya xəsarət hadisəsi baş verdikdə hansı şəxslər və qurumlar hüquqi məsuliyyət daşıya bilər?İşəgötürənlərin əməyin mühafizəsi və elektrik təhlükəsizliyi ilə bağlı əsas öhdəlikləri hansılardır və bu tələblərin pozulmasına görə hansı cəzalar nəzərdə tutulur?

 Oxu24.com  xəbər verir ki , məsələ ilə bağlı “AzPolitika”ya açıqlamasında hüquqşünas Elşad İsayev bildirib ki, iş yerində elektrik cərəyanı vurması nəticəsində insanın xəsarət alması və ya həyatını itirməsi sadəcə bədbəxt hadisə kimi qiymətləndirilməməlidir. Hər bir belə hadisənin arxasında əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunub-olunmaması ciddi şəkildə araşdırılmalıdır.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əsasən, işəgötürən işçilər üçün təhlükəsiz əmək şəraiti yaratmağa, elektrik avadanlıqlarının texniki sazlığını təmin etməyə, işçiləri müvafiq təlimatlandırmağa və zəruri fərdi mühafizə vasitələri ilə təmin etməyə borcludur: “Əgər elektrik cərəyanı vurması nəticəsində ölüm və ya xəsarət hadisəsi baş veribsə, ilk növbədə hadisənin səbəbləri, təhlükəsizlik qaydalarının hansı formada pozulması və həmin pozuntulara görə məsul şəxslər müəyyən edilməlidir. Burada müəssisə rəhbərinin, elektrik təsərrüfatına cavabdeh şəxsin, əməyin mühafizəsi üzrə məsul şəxsin və işə bilavasitə rəhbərlik edən şəxslərin hərəkətləri ayrıca qiymətləndirilməlidir.

Belə hallarda təqsirin xarakterindən və nəticənin ağırlığından asılı olaraq cinayət, inzibati, mülki və intizam məsuliyyəti yarana bilər. İnsan ölümü ilə nəticələnən hadisələrdə cinayət-hüquqi qiymətləndirmə, xüsusilə əməyin mühafizəsi qaydalarının pozulmasına görə məsuliyyət məsələsi gündəmə gəlir”.

Hüquqşünas vurğulayıb ki, işçinin təhlükəsizliyini təmin etmək işəgötürənin seçim hüququ deyil, qanunla müəyyən edilmiş vəzifəsidir. İşçinin təhlükəsizlik qaydalarına əməl etməməsi də araşdırıla bilər, lakin bu, işəgötürənin qanuni öhdəliklərini aradan qaldırmır: “Hadisə nəticəsində işçi həyatını itirdikdə onun ailə üzvlərinin qanunvericiliklə nəzərdə tutulmuş kompensasiya və digər hüquqlarının təmin edilməsi də vacibdir. Xəsarət alan işçilərin isə sağlamlıqlarına dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqları vardır.

Hesab edirəm ki, istehsalat qəzalarının qarşısının alınmasının ən effektiv yolu hadisədən sonra məsul şəxsləri axtarmaq deyil, hadisə baş verməmişdən əvvəl təhlükəsizlik sisteminin düzgün qurulmasıdır. Çünki əməyin mühafizəsi formal sənədləşmə deyil, insan həyatının qorunmasına xidmət edən hüquqi və sosial məsuliyyətdir”.