Qaynar xətt:

(+99450) 247 90 86

Sürücülərə vacib xəbər: Cərimələr artıq belə YAZILACAQ   —  Ekspert DANIŞIR

Sürücülərə vacib xəbər: Cərimələr artıq belə YAZILACAQ   —  Ekspert DANIŞIR

CƏMİYYƏT

434

03.05.2026, 17:53

Sürücülərin "cəzadan yayınma" xəyalı bitir: Yollarda görünməz nəzarət dövrü başladı!

Son illərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində müasir texnologiyaların, xüsusilə süni intellekt (Aİ) sistemlərinin tətbiqi geniş vüsət alıb. Yeni nəsil yol kameraları artıq sadəcə sürət həddini ölçmür, eyni zamanda sürücü davranışlarını dərindən analiz edərək bir çox qayda pozuntularını dərhal qeydə alır.

Bu texnologiyaların real effektivliyi və sürücü psixologiyasına təsiri ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev Oxu24.com-a açıqlamalar verib.

Ekspert bildirib ki, süni intellektlə işləyən yol kameralarının tətbiqi yol hərəkəti təhlükəsizliyinə real və ölçülə bilən təsir göstərir. Onun sözlərinə görə, bu texnologiyalar ənənəvi nəzarət üsullarından fərqli olaraq fasiləsiz, obyektiv və geniş miqyaslı monitorinq imkanı yaradır:

“İnsan faktoru ilə bağlı subyektivlik və seçicilik aradan qalxır. Nəticədə qayda pozuntularının aşkarlanma ehtimalı kəskin artır və sürücülərdə 'cəzadan yayınmaq mümkündür' psixologiyası zəifləyir. Bu isə davranışların daha intizamlı olmasına səbəb olur”.

Adil Nəbiyev xüsusilə ağır qəzalara səbəb olan riskli davranışların avtomatik aşkarlanmasının əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, mobil telefondan istifadə, təhlükəsizlik kəmərinin taxılmaması və sürət həddinin aşılması kimi halların dərhal inzibati tədbirlərlə nəticələnməsi ciddi preventiv effekt yaradır:

“Sürücülər cərimədən çox, nəzarətin qaçılmaz olduğunu dərk edərək qaydalara daha çox əməl etməyə başlayırlar. Əlavə olaraq, bu sistemlər böyük həcmdə məlumat toplayaraq yol hərəkətinin analizi üçün də istifadə olunur. Bu, hansı ərazilərdə daha çox pozuntu və qəza baş verdiyini müəyyən etməyə, infrastruktur və nəzarət siyasətini daha məqsədli qurmağa imkan verir”.

Beynəlxalq təcrübəyə toxunan ekspert qeyd edib ki, belə texnologiyaların tətbiq olunduğu şəhərlərdə həm yol qəzalarının sayı, həm də ağır nəticəli hadisələrin payı azalır. Lakin o, bir vacib məqamı da diqqətə çatdırıb:

“Bu təsirin maksimum olması üçün sistemlərin düzgün kalibrlənməsi, hüquqi bazanın şəffaflığı və cəmiyyət tərəfindən qəbul edilməsi vacibdir. Əks halda, texnologiya yalnız cərimə aləti kimi qəbul oluna və ictimai etimad zəifləyə bilər”.

Yekunda Adil Nəbiyev vurğulayıb ki, süni intellektlə işləyən kameralar düzgün tətbiq olunduqda yol hərəkəti təhlükəsizliyinin artırılmasında ən effektiv müasir alətlərdən biri sayılır. Bu sistemlərin təsiri həm sürücü davranışlarındakı müsbət dəyişikliklərlə, həm də statistik göstəricilərlə real şəkildə özünü göstərməkdədir.

Çimnaz Telmanqızı