Qaynar xətt:

(+99450) 247 90 86

Revmatoid artrit necə tanınır? – Əsas simptomlar və təhlükəli fəsadlar  

Revmatoid artrit necə tanınır? – Əsas simptomlar və təhlükəli fəsadlar  

TİBB

108

20.07.2026, 19:38

Revmatizm xəstəlikləri arasında ən geniş yayılmış və ön sıralarda gedən növlərdən biri də Revmatoid Artritdir. Tibbi statistika göstərir ki, bu xəstəliyə kişilərlə müqayisədə qadınlar daha çox düçar olurlar.

"Ege Hospital"ın həkim-revmatoloqu Dr. Aynurə İsmayılova xəstəliyin əsas klinik əlamətləri və yarada biləcəyi fəsadlar barədə Oxu24.com-a açıqlamasında vacib məqamlara toxunub. Həkimin sözlərinə görə, revmatoid artrit oynaqlarda simmetrik xarakter daşıyan ciddi iltihablı bir xəstəlikdir. Yəni, əgər patologiya bir əlin kiçik oynaqlarında başlayırsa, zamanla digər əlin də kiçik oynaqlarına keçir. Eyni simmetriya dizlərdə, çiyinlərdə, topuqda, boyunda və bədənin digər bütün oynaqlarında da müşahidə olunur.

Xəstəliyin əsas əlamətləri nələrdir?

•Oynaqlarda kəskin ağrı və şişkinlik;

•Səhər yuxudan durarkən əllərdə yaranan və yarım saatdan artıq davam edən buxovlanma (hərəkət məhdudiyyəti);

•Gündəlik adi hərəkətləri etməkdə (məsələn: əlləri yumruq edib açmaqda, saçı toplamaqda və ya hər hansı bir əşyanı götürməkdə) kəskin ağrıların olması.

Həkim bildirib ki, əgər sadalanan bu ağrılar və oynaqlardakı diskomfort ən azı 6 həftədən artıq davam edirsə, xəstələr mütləq şəkildə revmatoloqa müraciət etməlidirlər.

Dr. Aynurə İsmayılova xəbərdarlıq edir ki, revmatoid artrit vaxtında düzgün diaqnoz qoyulub müalicə edilməzsə, son dərəcə ağır fəsadlara – əlilliyə və şikəstliyə gətirib çıxara bilər. Xəstəlik təkcə oynaqları deyil, eyni zamanda daxili orqanları da zədələmək qabiliyyətinə malikdir.

Mütəxəssis vurğulayır ki, xəstələrin həkim məsləhəti olmadan özbaşına "revmaproba" adlanan analizləri verməsi düzgün deyil. Ən böyük səhvlərdən biri isə sadəcə ağrını kəsmək naminə uzun müddət müxtəlif ağrıkəsicilər və ya kortizon (hormonal) xarakterli dərmanlar qəbul etməkdir. Bu cür özbaşına müalicələr xəstəliyin real mənzərəsini gizlədir və vəziyyəti daha da ağırlaşdırır. Oynaqlarında xroniki ağrı hiss edən hər bir şəxs dərhal ixtisaslaşmış mütəxəssisə müraciət etməlidir.