Qaynar xətt:

(+99450) 247 90 86

Başgicəllənməsi zamanı niyə gözlər yoxlanılır? Həkim AÇIQLADI   

Başgicəllənməsi zamanı niyə gözlər yoxlanılır? Həkim AÇIQLADI   

TİBB

79

30.06.2026, 14:32

Başgicəllənməsi və tarazlıq pozğunluqları ilə bağlı həkimə müraciət edən bir çox pasiyent eyni sualı verir: “Mənim problemim qulaqla bağlıdırsa, niyə gözlərim yoxlanılır?

Otonevroloq Aqil Ağayev Oxu24.com-a açıqlamasında bildirib ki, bu sual tamamilə təbiidir, lakin tarazlıq sistemi yalnız daxili qulaqdan ibarət deyil və burada gözlərin də mühüm rolu var.

Mütəxəssisin sözlərinə görə, insanın tarazlığı üç əsas sistemin birgə fəaliyyəti nəticəsində qorunur: daxili qulaq, görmə sistemi və beyin. Bu strukturlardan hər hansı birində yaranan problem başgicəllənməsi, yıxılma hissi və koordinasiya pozğunluqları ilə özünü göstərə bilər.Bir çox insanlar düşünür ki, başgicəllənməsi yalnız qulaq xəstəlikləri ilə əlaqəlidir. Halbuki daxili qulaq, gözlər və beyin arasında çox mürəkkəb və sıx əlaqə mövcuddur. Bu sistemlər birlikdə işlədikdə insan öz tarazlığını qoruyur. Əgər həmin zəncirin hər hansı bir hissəsində problem yaranarsa, gözlər bunu xüsusi hərəkətlərlə göstərməyə başlayır

Həkim qeyd edib ki, bu qeyri-iradi göz hərəkətləri tibbdə “nistaqm” adlanır və onların təhlili bir çox xəstəliklərin diaqnostikasında mühüm rol oynayır. Məhz buna görə də müasir tibbdə videonistaqmografiya, yəni VNG müayinəsindən geniş istifadə olunur.VNG – videonistaqmografiya göz hərəkətlərini xüsusi yüksək dəqiqlikli kameralar vasitəsilə qeydə alan müasir və tam təhlükəsiz müayinə üsuludur. Bu prosedur ağrısızdır, pasiyent üçün heç bir narahatlıq yaratmır və xüsusi hazırlıq tələb etmir

Aqil Ağayevin sözlərinə görə, müayinə zamanı pasiyent müxtəlif istiqamətlərə baxır, başını müəyyən hərəkətlər etdirir və bəzi mərhələlərdə rahat şəkildə uzanmış vəziyyətdə olur. Bu zaman xüsusi cihaz gözlərin ən xırda hərəkətlərini belə qeydə alaraq həkimə dəyərli məlumat verir.Biz göz hərəkətlərini analiz etməklə başgicəllənməsinin mənbəyini müəyyən edə bilirik. Problemin daxili qulaqdan qaynaqlandığını, görmə sistemi ilə bağlı olduğunu və ya beyində başqa bir səbəbin mövcudluğunu məhz bu üsulla aydınlaşdırmaq mümkündür

Otonevroloq qeyd edib ki, düzgün diaqnoz olmadan effektiv müalicə aparmaq mümkün deyil. Buna görə də başgicəllənməsinin səbəbini dəqiq müəyyən etmək müalicə prosesinin ən vacib mərhələsidir.Bəzən eyni simptom müxtəlif xəstəliklər zamanı meydana çıxa bilir. Məsələn, daxili qulaq problemləri, vestibulyar nevrit, Menyer xəstəliyi, bəzi nevroloji patologiyalar və hətta görmə sistemi ilə bağlı pozğunluqlar oxşar şikayətlər yarada bilər. VNG müayinəsi bu fərqləri ayırd etməyə imkan verir

Aqil Ağayev vurğulayıb ki, davamlı başgicəllənməsi, yıxılacaqmış kimi hiss etmə, tarazlığın pozulması, qəfil istiqamət dəyişərkən narahatlıq və ya hərəkət zamanı özünü pis hiss etmə kimi əlamətlər heç vaxt diqqətdən kənarda qalmamalıdır.Bu cür şikayətləri olan insanlar mütləq həkim müayinəsindən keçməlidirlər. Çünki bəzi hallarda sadə görünən başgicəllənməsi ciddi xəstəliklərin ilkin əlaməti ola bilər. Erkən diaqnostika həm müalicənin effektivliyini artırır, həm də gələcək fəsadların qarşısını alır.Videonistaqmografiya müasir otonevroloji diaqnostikanın ən etibarlı üsullarından biridir və başgicəllənməsinin səbəbini müəyyən etmək üçün həkimlərə ən doğru məlumatları təqdim edir.

“Əgər sizdə də davamlı başgicəllənməsi, tarazlıq problemləri və ya yıxılma hissi varsa, səbəbi müəyyən etmək üçün vaxtında mütəxəssisə müraciət edin. VNG müayinəsi düzgün diaqnoz və uğurlu müalicə yolunda bizim ən vacib köməkçilərimizdən biridir”, – deyə Aqil Ağayev vurğulayıb.

JALƏ