Qaynar xətt:

(+99450) 247 90 86

Qəfil eşitmə itkisi ciddi xəbərdarlıqdır – Həkim vaxt itirməməyi tövsiyə edir  

Qəfil eşitmə itkisi ciddi xəbərdarlıqdır – Həkim vaxt itirməməyi tövsiyə edir  

TİBB

82

30.06.2026, 13:16

Qəfil eşitmə itkisi bir çox insanın gözləmədiyi anda qarşılaşdığı və dərhal tibbi müdaxilə tələb edən ciddi sağlamlıq problemidir.

Burun-boğaz və qulaq cərrahı Ülvi Məlikov Oxu24.com-a açıqlamasında bildirib ki, ilk 72 saat ərzində yaranan qəfil eşitmə azalması və ya tam eşitmə itkisi tibbdə “ani eşitmə itkisi” adlandırılır və vaxtında müalicə olunmadıqda qalıcı fəsadlara səbəb ola bilər.

Həkimin sözlərinə görə, bu problem əksər hallarda yalnız bir qulaqda meydana çıxır və xəstələr səhər oyandıqları zaman və ya gün ərzində qəfil şəkildə eşitmələrinin zəiflədiyini hiss edirlər.“Ani eşitmə itkisi çox ciddi yanaşma tələb edən vəziyyətdir. İnsanlar bunu bəzən qulaqda kir yığılması və ya adi soyuqdəymə ilə əlaqələndirərək həkimə müraciəti gecikdirirlər. Halbuki ilk 72 saat müalicənin effektivliyi baxımından həlledici dövrdür. Bu müddətdə başlanılan terapiya eşitmənin bərpası şansını əhəmiyyətli dərəcədə artırır”, – deyə Ülvi Məlikov vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, ani eşitmə itkisinin əsas klinik əlamətlərindən biri eşitmənin qəfil zəifləməsi və ya tam itməsidir. Bununla yanaşı, xəstələrdə qulaqda güclü küy və ya cingilti, başgicəllənmə, tarazlıq pozğunluğu, bəzən isə ürəkbulanma və ümumi halsızlıq da müşahidə oluna bilər.

“Bir çox xəstələr qulaqlarında fit, uğultu və ya davamlı səs eşitdiklərini bildirirlər. Başgicəllənmə və tarazlıq problemləri də daxili qulaq sisteminin zədələnməsindən xəbər verə bilər. Bu əlamətlərin hər hansı biri yarandıqda insan özbaşına müalicəyə başlamamalı, dərhal mütəxəssisə müraciət etməlidir”, – deyə həkim bildirib.

Ülvi Məlikov qeyd edib ki, ani eşitmə itkisinin yaranmasına səbəb olan amillər müxtəlifdir və bəzən dəqiq səbəbi müəyyən etmək mümkün olmur. Bununla belə, virus infeksiyaları ən çox ehtimal olunan faktorlar sırasında yer alır:“Qrip, herpes və digər virus mənşəli infeksiyalar daxili qulaq strukturlarına təsir göstərərək eşitmə sinirlərində zədələnmələr yarada bilər. Bundan əlavə, beyində və daxili qulaqda qan dövranının pozulması, damar mənşəli problemlər də qəfil eşitmə itkisinə gətirib çıxara bilir”, – deyə mütəxəssis vurğulayıb.

Həkim stres və psixoloji gərginliyin də mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, uzunmüddətli emosional yüklənmə və xroniki stress damar spazmlarına səbəb olaraq daxili qulağın qidalanmasını poza bilər.

“Bəzi hallarda insanlar intensiv iş rejimi, yuxusuzluq və əsəb gərginliyi fonunda qəfil eşitmə itkisi ilə üzləşirlər. Bu səbəbdən sağlam həyat tərzi və psixoloji balansın qorunması da vacib amillərdəndir”, – deyə o əlavə edib.

Ülvi Məlikov bildirib ki, nadir hallarda olsa da, müəyyən xoş və ya bədxassəli şişlər də eşitmə problemlərinə səbəb ola bilər. Lakin belə hallarda eşitmə itkisi adətən daha yavaş inkişaf edir və uzun müddət ərzində özünü göstərir.

“Şiş mənşəli problemlərdə əlamətlər qəfil deyil, mərhələli şəkildə yaranır. Buna baxmayaraq, hər bir eşitmə problemi ətraflı müayinədən keçirilməlidir ki, ciddi xəstəliklər vaxtında aşkar olunsun”, – deyə həkim qeyd edib.

Mütəxəssis insanlara xəbərdarlıq edərək bildirib ki, qəfil eşitmə itkisini adi narahatlıq kimi qiymətləndirmək böyük səhvdir. Vaxtında diaqnostika və düzgün müalicə həm eşitmənin qorunmasına, həm də gələcək ağırlaşmaların qarşısının alınmasına imkan verir.

“Əgər qulağınızda qəfil eşitmə zəifləməsi, küy, başgicəllənmə və ya tarazlıq pozğunluğu hiss edirsinizsə, vaxt itirmədən qulaq-burun-boğaz həkiminə müraciət edin. İlk saatlar və ilk günlər bu xəstəliyin taleyini müəyyən edən ən vacib dövrdür”, – deyə Ülvi Məlikov Oxu24.com-a açıqlamasında vurğulayıb.

Turan