Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə danışıb
30 İyun 2026, 13:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
57
30.06.2026, 12:28
Azərbaycanda daşınmaz əmlak bazarında şəffaflığın artırılması və dövlət büdcəsinə vergi daxilolmalarının optimallaşdırılması məqsədilə mühüm yenilik tətbiq oluna bilər. Belə ki, əmlak alqı-satqısı zamanı əvvəlcədən icbari qiymətləndirmə mexanizminin tətbiqi gündəmdədir. Təklifə əsasən, satış qiymətinin bazar dəyərindən xeyli yüksək və ya aşağı göstərildiyi şübhəsi yaranan kommersiya obyektlərinə dair sənədlər notariuslar tərəfindən qiymətləndirilmə üçün müvafiq quruma göndəriləcək.
Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Oxu24.com-a əmlak alqı-satqılarının əvvəlcədən icbari qiymətləndirilməsinin hansı zərurətdən irəli gəldiyini izah edib.
İcbari qiymətləndirmə hansı zərurətdən irəli gəlir?
Vüqar Oruc bildirib ki, əmlak alqı-satqısı zamanı əvvəlcədən icbari qiymətləndirmə mexanizminin tətbiqi istiqamətində hal-hazırda qeyri-yaşayış obyektləri ilə bağlı proses gedir. Ümumiyyətlə, notariuslar və notarial kontorlar alqı-satqı vaxtı təqdim olunan qiymətlərlə razılaşmadıqda, sənədləri qiymətləndirməyə yönəltmək hüququna malikdirlər və praktikada belə faktlar kifayət qədərdir:
“Hələ iki il əvvəl Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təklifi ilə bu məsələ müzakirələrə səbəb olmuşdu və son bir il ərzində xüsusilə bu prosesin tətbiqi reallaşdırılıb”.
Onun sözlərinə görə, bütün obyektlər, o cümlədən mənzillər üzrə məcburi və ya icbari qiymətləndirməyə gəlincə, bu addım daşınmaz əmlak, qiymətləndirmə və sığorta bazarlarına ciddi təsir göstərmək imkanlarına malikdir:
“Bir çox hallarda obyektlər satılarkən tərəflər onu daha ucuz qiymətə təqdim edirlər. Bu isə həm vergidən yayınma halları yaradır, həm də gələcəkdə ölkə qiymətləndiriciləri üçün alqı-satqı bazasına giriş verildikdə, bazarda göstərilən rəqəmlərin həqiqətə uyğun olmamasına, yəni informasiya bazasının qeyri-səhih və yalan məlumatlarla dolmasına gətirib çıxarır. Gələcəkdə rəqəmlərin həqiqətə uyğun olmaması yanlış rəqəmlərin meydana çıxması deməkdir.
Bazar maraqları, şəffaflıq və obyektivlik baxımından məlumatların düzgün olmasının, eləcə də vergilərin düzgün ödənilməsinin çox böyük əhəmiyyəti var”.
Qiymətlərdə hansı fərq fərqli araşdırma tələb edir?
Vüqar Oruc qeyd edib ki, sövdələşmə zamanı qiymətləndirici alqı-satqı faktının gerçək bazar dəyərindən kifayət qədər fərqlənmədiyini müəyyən etmək üçün alternativ qiymətləndirmə həyata keçirir. Əgər sövdələşmə qiyməti ciddi şəkildə — məsələn, 15-20% civarında fərqlənmirsə, bunu real olaraq qəbul etmək olar.
Yox, əgər real bazar dəyərinin tamamilə altındadırsa, məsələn, 50% ucuz və ya 50% baha təqdim olunubsa, o zaman burada müəyyən araşdırma işlərinə başlamaq olar ki, həm dövlət büdcəsi vergilərdən yayındırılmasın, həm də informasiya bazası qeyri-səhih məlumatları özünə götürməsin.
İctimaiyyətdə yaranan çaşqınlığa toxunan Vüqar Oruc xüsusi vurğulayıb ki, bu qiymətləndirmələr obyektlərin birbaşa real qiymətinə təsir göstərməyəcək:
“İnzibati metodlarla qiymətləndirmənin nəticəsi olaraq obyektlərin, mənzillərin, torpaq sahələrinin qiymətinə hər hansı təsir göstərmək mümkün deyil. Bu, qiymətə təsir göstərmək üçün deyil. Bu, yalnız və yalnız sistemin şəffaflaşması, məlumat bazasının obyektiv və real rəqəmlərlə təmin olunması, həmçinin dövlət büdcəsinə vergilərin daxil olmasının şəffaflığını təmin etmək məqsədilə tətbiq oluna bilər".
AQC sədri həmçinin, vurğulayıb ki, əgər iki şəxs arasında alqı-satqı faktı ilə bağlı sövdələşmə olubsa, razılıq əldə olunubsa, alan və satan bu prosesdən razıdırsa, hər hansı bir dövlət qurumunun və ya qiymətləndiricinin iddia etməsi ki, bu sövdələşmə həqiqətə uyğun deyil — bu, mübahisəli məsələdir.
Vüqar Oruc xüsusi bir məqama — bütün sifarişlərin yalnız Azərbaycan Qiymətləndiricilər Palatasına və ya tək bir quruma göndərilməsi cəhdlərinə etiraz edib. Sədr "Azərbaycan Respublikasının qiymətləndirmə fəaliyyəti haqqında" qanunu xatırladıb:
“Qanunda yazılıb ki, yalnız tərəflər — yəni müvafiq dövlət qurumu, məhkəmələr təyin elədiyi qiymətləndirici ilə vətəndaş razı olmadıqda Azərbaycan Qiymətləndiricilər Palatasına müraciət olunur və Palata bu istiqamətdə yeni rəyin çıxarılmasına qərar verir, dəstək olur. Digər hallarda ölkənin bütün qiymətləndirmə bazarının Azərbaycan Qiymətləndiricilər Palatası ilə əlaqələndirilməsi, bütün sifarişlərin bu quruma göndərilməsi antimonopoliya prinsiplərinə, açıq və ədalətli rəqabət dəyərlərinə tamamilə ziddir".
O, bu halın qəbulolunan olmadığını, bunun birbaşa sahibkarlığın boğulması demək olduğunu vurğulayıb:
“Düşünürəm ki, bu cür təkliflər konkret monopoliya yaratmaq məqsədi daşıyır ki, bu da yolverilməzdir. Azərbaycan dövləti həm beynəlxalq, həm də milli dəyərlər baxımından ədalətli, rəqabətli bazarların formalaşması və sahibkarlığa dəstək üçün müxtəlif layihələrin, tədbirlərin görülməsi istiqamətində çox ciddi addımlar atır. Belə olan təqdirdə monopoliyanın yaradılması istiqamətində təkliflərlə ictimai fikri çaşdırmaq yolverilməzdir".
“Hüquqi nəticə verən qərarları yalnız onlar verə bilər”
Sonda Vüqar Oruc qeyd edib ki, qiymətləndirmə sferasının inkişafı baxımından təbii ki, qiymətləndirmə hallarının artması məqsədəuyğundur. Lakin bu proses qanun çərçivəsində aparılmalıdır:
“Notarial kontorlar və ya Ədliyyə Nazirliyinin müvafiq qurumu tərəfindən qiymətlərə dair şübhələr ifadə olunarsa, həmin qiymətləri müəyyən edən qiymətləndiricilər Dövlət İmtahan Mərkəzində imtahan vermiş şəxslərdir. Onların qanuna müvafiq olaraq qiymətləndirməni həyata keçirmək hüquqları var. Qiymətləndiricidən başqa heç kim əmlak dəyəri ilə bağlı hüquqi nəticələrə səbəb olan qərarlar verə bilməz, bu qanunun birbaşa tələbidir”,-deyə sədr bildirib.
Çimnaz Telmanqızı
13:42 / 30 İyun 2026
1
13:41 / 30 İyun 2026
8
13:36 / 30 İyun 2026
19
13:16 / 30 İyun 2026
53
13:14 / 30 İyun 2026
48
13:10 / 30 İyun 2026
439
13:09 / 30 İyun 2026
56
12:43 / 30 İyun 2026
61
12:30 / 30 İyun 2026
67
12:17 / 30 İyun 2026
62
11:45 / 30 İyun 2026
72
11:39 / 30 İyun 2026
66
11:29 / 30 İyun 2026
87
11:12 / 30 İyun 2026
92
11:06 / 30 İyun 2026
85
10:54 / 30 İyun 2026
104
10:23 / 30 İyun 2026
96
10:13 / 30 İyun 2026
93
10:10 / 30 İyun 2026
91
10:08 / 30 İyun 2026
91
09:58 / 30 İyun 2026
84
09:56 / 30 İyun 2026
90
23:57 / 29 İyun 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.