Qaynar xətt:

(+99450) 247 90 86

Zaur Şükürov: “Metrik Konvensiya” elm və sənayeyə töhfə verəcək

Zaur Şükürov: “Metrik Konvensiya” elm və sənayeyə töhfə verəcək

SİYASƏT

91

30.06.2026, 15:15

Azərbaycan Respublikasının Prezidenti tərəfindən layihəsi Milli Məclisdə müzakirəyə təqdim olunan qanunla ölkəmizin qoşulması nəzərdə tutulan  “Metrik Konvensiya” 1875-ci il mayın 20-də Paris şəhərində imzalanmış və 1 yanvar 1876-cı ildən qüvvəyə minmişdir. 1875-ci ildə bu Konvensiyanı ilkin olaraq 17 dövlət imzalamışdır. Əhalisinin sayına görə dünyada ilk onluğa daxil olan ölkələr, Banqladeş və Nigeriya istisna olmaqla, 67 ölkə hazırda Konvensiyaya tərəf dövlətlərdir və ümumilikdə  tərəf dövlətlərdə yaşayan əhali dünya əhalisinin təxminən 95 faizini təşkil edir. MDB məkanı üzrə Qazaxıstan, Ukrayna, Rusiya, Belarus tərəf dövlətlərdir. 36 ölkə assosiativ ölkələrdir və Azərbaycan, Gürcüstan, Ermənistan da bu dövlətlər sırasındadır. 

Oxu24.com xəbər verir ki, bu sözləri millət vəkili Zaur Şükürov Milli Məclisin bu gün keçirilmiş plenar iclasında çıxış edərkən bildirib.

Deputat bildirib ki, 1921-ci ildə əlavələr edilmiş Konvensiya 14 maddədən, bu Konvensiyanın tərkib hissəsi olan və Konvensiya ilə eyni qüvvəyə və təsirə malik olan Əlavə Qaydalar isə 22 maddədən ibarətdir. Konvensiya ölçmə elmində qlobal əməkdaşlıq üçün çərçivə yaratmış, müasir elm, ticarət və mühəndislikdə istifadə edilən çəki və ölçülərlə bağlı beynəlxalq miqyasda vahidliyi təmin etmişdir. Həmçinin, Konvensiya əsasında fiziki ölçmələri uzlaşdırmaq və tənzimləmək üçün üç əsas təşkilati strukturlar - Dünya ölçmə standartlarını və beynəlxalq prototipləri qoruyub saxlayan, beynəlxalq hökumətlərarası təşkilat olan Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro, bu Büronun fəaliyyətinə nəzarət edən və ölçmə standartlarının hazırlanmasına rəhbərliyi həyata keçirən Çəki və Ölçü üzrə Beynəlxalq Komitə və Ölçmə sistemində əsas dəyişikliklər barədə qərar qəbul etmək üçün müntəzəm olaraq görüşən üzv ölkələrin Çəki və Ölçülər üzrə Baş Konfransı təsis edilmişdir.

Zaur Şükürovun sözlərinə görə, konvensiyanın müddəalarına uyğun olaraq Tərəflər, qərargahı Paris şəhərində yerləşən, Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun birgə maliyyələşdirməklə yaradılmasını və saxlanılmasını öz öhdələrinə götürürlər. Konvensiyanın müddəalarına əsasən Beynəlxalq Büro Beynəlxalq Komitənin müstəsna rəhbərliyi və nəzarəti altında fəaliyyət göstərir. Konvensiyanın müvafiq maddələri ilə Beynəlxalq Büronun əsas vəzifələri, beynəlxalq prototiplər, onların nəzarət nüsxələri, saxlanma yerlərinə giriş, Büronun təsisi, qurulması ilə bağlı illik xərcləri və Tərəflərin üzərinə düşən məbləğ, elmi avadanlığın təkmilləşməsi, habelə Konvensiyaya qoşulmaq qaydaları müəyyən edilir. Konvensiyanın tərkib hissəsi olan Əlavə Qaydalar Konvensiya ilə eyni qüvvəyə və təsirə malikdir. Qaydalarda Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun yerləşdiyi bina, laboratoriya, tərəzilər, müqayisəli cihazlar, geodeziya xətkeşləri, illik maliyyələşdirmə hissələri, Baş Konfransın toplanma şərtləri, Konfrans çərçivəsində səsvermə,  Beynəlxalq Komitəyə üzvlük, Büro direktorunun vəzifələri, hesabata dair tələblər və s. məsələlər tənzimlənir.

Deputat xatırladıb ki, ölkəmiz konvensiyaya qoşulduqdan sonra qeyd olunan sahədə beynəlxalq əməkdaşlığı genişləndirə biləcək və Büronun bütün fəaliyyətlərində, o cümlədən Ölçmələrin qlobal müqayisəliliyi ilə bağlı məsələlər üzrə qərar qəbul etmə prosesində iştirak, hər dörd ildən bir keçirilən Baş Konfransın iclaslarında bütün qərarlar üzrə səsvermə hüququ ilə iştirak etmək üçün milli nümayəndə heyəti göndərmək, təşkilatın on səkkiz üzvdən ibarət idarəetmə Şurası - Beynəlxalq Çəkilər və Ölçülər Komitəsinə seçilmək üçün milli namizəd irəli sürmək, idarəetmə Şurasının on məsələ üzrə Məşvərət Komitəsinin hər birində texniki müzakirə və qərar qəbuletmədə iştirak etmək üçün Milli Metrologiya İnstitutundan texniki mütəxəssisləri irəli sürmək, büronun laboratoriyaları və Məşvərət Komitələri tərəfindən əlaqələndirilən milli ölçmə standartlarının əsas müqayisələrində iştirak etmək üçün namizəd irəli sürməklə texniki və elmi fəaliyyətlərə çıxış, büronun laboratoriyaları tərəfindən təmin edilən kalibrləmə xidmətlərindən pulsuz istifadə etmək, koordinasiya olunmuş Universal Vaxtın (UTC) qlobal hesablanmasına məlumatları təqdim etmək və nəhayət, təcrübə mübadiləsi məqsədilə mütəxəssislərini Büronun laboratoriyalarına ezamiyyətə göndərmək imkanları əldə edəcək.